Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-516/2024 27.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlunun sədrliyi, Rzayev Arzu Ağazeynal oğlunun katibliyi, İnzibati tənbeh vermə barədə protokol tərtib etmiş şəxs Abşeron rayon Polis İdarəsinin Saray PB-nin sahə rəisi polis leytenantı X1, Zərərçəkmiş şəxs: X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs. Müdafiəçi: Xırdalan şəhər vəkil bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1981-ci ildə Qazax rayonunun, Əli Bayramlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azneft" İstehsalat Birliyində neft və qaz hasilatı üzrə operator vəzifəsində çalışan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsi Saray Polis Bölməsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında materiala Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsi Saray Polis Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon Polis İdarəsinin Saray PB-nin sahə rəisi polis leytenantı Kamran İsgəndərli izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi yeni məhəllədə yaşayan X7 ilə qonşuları Şəxs Sözalı oğlu və X8 arasında şəxsi münasibətləri zəmnində sözlə mübahisə yaranmış və baş vermiş mübahisə zamanı İlham Ramazanov və Şəxs şikayətçinin ünvanına uca səslə nalayiq ifadələr işlədərək təhqir etmişlər. xx.xx.2024-cü il tarixli, Abşeron RPİ-nin İstintaq Şöbəsinin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bu səbəbdən Şəxs Abşeron RPİ-nin X11 dəvət olunmuş və onun barəsində tədbir görülməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilmir. Belə ki, xx.xx.2024-cü il tarixdə yaşadığı evə gəldiyi zaman küçədə olan kanalizasiya xəttinin tutulması və onun yaşadığı evin həyətinə çirkli suyun axması səbəbindən qonşusu Nuridə ilə aralarında mübahisə yaranmışdır. O, Nuridəni təhqir etməmişdir, sonuncunun İlhamın və onun barəsində dedikləri yalan məlumat daşıyır. Onlar arasında sözləmübahisə olarkən orada kənar heç kəs olmamışdır. Barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Nuridə Cəlilova bildirmişdir ki, o, 2017-ci ildən Abşeron rayonu, Saray qəsəbəsində əri ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə Vüqar adlı qonşusu ilə kanalizasiya xəttinin üstündə mübahisə yaranmış və baş vermiş mübahisə zamanı həmin şəxslər onu nəlayiq ifadələrlə təhqir etmişdir. Belə ki, Vüqar müşahidə kamerasının qarşısında dayanıb, onu təhqir etmiş, ünvanına nəlayiq ifadələr işlətmişdir. Lakin kamera səsi qeyd etmədiyi üçün bunu sübut edə bilmir. Hadisə günü Vüqar və İlham onunla kanalizasiya xəttinə görə mübahisə etmiş, mübahisə zamanı ona garşı təhqiredici ifadələr işlətmişdirlər. Hadisə vaxtı orada kənar şəxslər olmadığı üçün Vüqar və İlhamın onu təhqir etməsini ünvanına nalayiq ifadələr işlətməsini görən olmamışdır. Şəxs şikayətçidir, belə ki, bu birinci dəfə deyildir ki Vüqar və onun ailə üzvləri onu narahat edir hədələyirlər. Onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən vəkil Eldar Səfərov hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta əməli olmadığından barəsində başlanılmış iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, Abşeron RPİ-nin İstintaq Şöbəsinin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, vətəndaş X3 və Şəxs Sözalı oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPl-nin İTŞ-nə göndərilməsi, tərəflər arasında gələcəkdə baş verə biləcək hüquqa zidd hadisələrin qarşısını almaq və ətraflarında qabaqlayıcı profilaktik söhbətlər aparmaq məqsədi ilə qərarın surətinin aidiyyəti üzrə Abşeron RPl-nin Saray PB-nə göndərilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Abşeron Rayon Prokuroruna göndərilməsi və materialın saxlanılması üçün Abşeron RPl-nin arxivinə verilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs X4 qarşı uca səslə nəlayiq ifadələr işlətmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir/ 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməsini əks etdirən hər hansı mötəbər sübut və ya şahid ifadələri mövcud deyil. Belə sübutları təqdim etməli olan səlahiyyətli orqan isə həmin sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında verilmiş izahatlardan görünür ki, mübahisə mənzilin həyətində baş vermiş, ətrafda həmin hadisəyə şahid olan şəxslər olmamışdır. Bundan başqa Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən onun hüquqlarının təmin edilməsi ilə bağlı prosessual hərəkətlər həyata keçirilməmiş, hüquqlarını müdafiə etməsi üçün müdafiəçiyə ehtiyacının olubolmaması məsələsi araşdırılmamış, ona öz müdafiəçisi və ya dövlət tərəfindən təyin olunan müdafiəçi ilə əlaqə saxlamaq və görüşmək imkanı yaradılmamış, bununla da, sonuncunun müdafiə hüququ pozulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2004-cü il 23 mart tarixli 1 saylı qərarının 3-cü bəndinə qeyd etmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs niyyətində hadisənin baş verdiyi anda ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyəti olmadığından onun barəsində başlanılmış inzibati iş üzrə icraat xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından, xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-516/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-516/2024
27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver