Məhkəmə qərarları › İş №3(012)-518/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-518/2023

30.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-518/2023 30.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.1, 333.2-ci maddələri ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1, 333.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyü tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixdə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 15:47 radələrində, Abşeron rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsində idarə etdiyi “X2” yük markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobillə qayda pozduğuna görə həmin ərazidə xidmətdə olan Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün əməkdaşı tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi və eyni zamanda bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın onun tərəfindən barəsində inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi müəyyən olunmuşdur. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 333.2-ci maddələri ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü protokol üzrə təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 15:47 radələrində, Abşeron rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsində idarə etdiyi “X2” yük markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, polis əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı polis əməkdaşına bir neçə gün əvvəl narkotik vasitədən istifadə etməsini etiraf etmişdir. Saxlanılarkən ayıq olmuşdur, barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən işə protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: TP ******* saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməklə 400 manat cərimə olunmuşdur. Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyü tərəfindən tərtib edilmiş xx.xx.2022ci il tarixdə İXP seriyalı ******* nömrəli protokolundan görünür ki, həmin protokol Şəxs İXMnin 327.1, 333.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə tərtib edilmişdir. Abşeron Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 3(012)-2005/2022 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 04 (dörd) gün müddətinə inzibati qaydada həbs edilmişdir. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında xx.xx.2022-ci il tarixli 7398 nömrəli protokolundan görünür ki, Şəxs müayinə nəticəsində sidikdə antimetafin və marixuanadan istifadə etməsi faktı müəyyən edilmişdir. Şəxs alkoqol sərxoşluğu yoxdur. Sumqayıt Apelyyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(105)-117/2023 nömrəli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 3(012)-2005/2022 nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraat materialları hərtərəfli, tam və obyektiv araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, İXM-nin 43.1-ci maddəsinə görə protokolda qeyd edilən yalnız 333.2-ci maddədə nəzərdə tutulmuş inzibati xətaya dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan, məhkəmə Şəxs hərəkətlərində yalnız həmin maddənin tərkibinin olub-olmamasına qiymət verir. Məhkəmə proses iştirakçısının işin halları ilə bağlı verdiyi izahatı dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Məhkəmə aşağıdakılara əsasən bu qənaətə gəlmişdir. «X1» Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən «Azərbaycan Respublikasının səhiyyə müəssisələri yol-nəqliyyat hadisələri nəticəsində zərər çəkənlərə yardım göstərilməsini təmin edir, nəqliyyat vasitəsini idarə edən şəxslərin alkoqoldan, narkotik vasitələr, psixotrop maddələrdən və güclü təsir göstərən digər maddələrdən istifadə nəticəsində sərxoş vəziyyətdə olub-olmadıqlarını müəyyən edir, onların uçotunu aparır, nəqliyyat vasitələrini idarə etməyə yararlılıq haqqında arayış verirlər». Həmin Qanunun 83-cü maddəsinə görə, «müəyyən edilmiş hərəkət sürəti həddini aşmaq, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismarı faktını və nəqliyyat vasitələrinin alkoqol və ya güclü təsir göstərən digər maddələrin istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halları müəyyənləşdirmək üzrə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşları yalnız xüsusi cihazlar vasitəsi ilə həyata keçirirlər. (narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir). Belə halları müəyyənləşdirmək üçün başqa üsullardan istifadə edilməsi yolverilməzdir». Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 saylı xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”-nın 2.5-ci bəndinə “şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən protokol tərtib edilir”. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi, həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, şəxsin həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunması üçün nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halında aşkar olunması müəyyən edilməlidir. Hansı ki, istər işdə olan materiallarla, istərsə də məhkəmədə verilən izahatlarla müəyyən olunur ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 15:47 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsində idarə etdiyi “X2” yük markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobillə qayda pozduğuna görə həmin ərazidə xidmətdə olan Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün əməkdaşı tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə avtomaşını idarə etməmişdir. Şəxs müayinə keçərkən sidiyində antimetafin və marixuanadan istifadə etməsi faktı müəyyən edilsə də onda alkoqol sərxoşluğu aşkar edilməmişdir. Ona görə də onun əməli həmin maddənin təsiri altına düşməməklə təqsirli bilinərək tənbeh oluna bilməz. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xəta haqqında hər bir işin hallarının vaxtında, hərtərəfli, tam və obyektiv surətdə araşdırılması inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə aid edilmişdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq protokolu tərtib etmiş şəxs xəta törədən şəxsin təqsirliliyini sübutetmək vəzifəsinin daşıyıcısı olduğuna formal yanaşaraq, sadəcə protokol tərtib etməklə kifayətlənmiş və 27 dekabr 2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 7398 saylı akta istinad etmişdir. Qanunvericiliyə görə barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyinə görə iş üzrə icraata xitam verilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmişdir və həmin inzibati xətalar içərisində İXM-nin 327.1-ci maddələri nəzərdə tutulmamışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi, İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya dair işə baxılması rayon-şəhər məhkəmələrinin səlahiyyətinə aid deyildir, Şəxs barəsində həmin maddələrlə inzibati tənbeh məhkəmə tərəfindən tətbiq oluna bilməz, bu hal İXM-nin 34.1 və 34.3-cü maddələrinin tələblərinə zidddir. Ona görə məhkəmə hesab edir ki, Şəxs barəsində sözügedən maddə ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar inzibati xəta haqqında protokolu tərtib etmiş orqana göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə iş üzrə başlanmış icraata xitam verilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar