Məhkəmə qərarları › İş №3(012)-521/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-521/2025

21.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-521/2025 21.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Həsənov Vaqif İskəndər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə Prortokol tərtib etmiş şəxs: X10 Polis İdarəsinin Yol Patrul Xidməti inspektoru, polis serjantı X2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxxx 1994-cü il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, sürücü, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, 340 Nömrəli Hərbi Hissədə qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.7, 329.1 və 333-1.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.7, 329.1 və 333-1.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 11 fevral 2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən X10 Polis İdarəsinin Yol Patrul Xidməti inspektoru, polis serjantı Bəhruz Vəliyev tərtib edilmiş protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Şəxs 11 fevral 2025-ci ildə, saat 03:24 radələrində “LADA VESTA minik” markalı, ** GV *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu ərazisində hərkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün tərəfindən saxlanılmışdır. Şəxs tərəfindən verilmiş sənədlərə baxış keçirən zaman özünü şübhəli apardığından həkim müayinəsinə aparılmış və orada narkotik vasitənin təsiri altında olması müəyyən olunmuşdur. Odur ki, tərtib olunmuş protokola əsasən Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, 11 fevral 2025-ci ildə, saat 03:24 radələrində “LADA VESTA minik” markalı, ** GV *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu ərazisində hərkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün X7 tərəfindən saxlanılmışdır. Polis əməkdaşları sənədə baxış keçirən zaman özünü şübhəli apardığından həkim müayinəsinə aparılmış və orada narkotik vasitənin təsiri altında olması müəyyən olunmuşdur. Əməlindən peşmandır və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Niyaz Talıbov hüquqlarını müdafiə etdiyi Şəxs əməlindən peşman olmasını nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

1. “Sərxoşluq vəziyyətinin tibbi müayinə” haqqında 11 fevral 2025-ci il tarixli aktından görünür ki, X3 11 fevral 2025-ci il tarixdə avtomobili narkotik vasitənin təsiri altında idarə etmişdir;

2. “İnzibati xəta haqqında” 11 fevral 2025-ci il tarixli, İXP seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs 11 fevral 2025-ci ildə, saat 03:24 radələrində “LADA VESTA minik” markalı, ** GV *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu ərazisində hərkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün tərəfindən saxlanılmışdır. Şəxs tərəfindən verilmiş sənədlərə baxış keçirən zaman özünü şübhəli apardığından həkim müayinəsinə aparılmış və orada narkotik vasitənin təsiri altında olması müəyyən olunmuşdur.

3. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə barəsində inzibati icraat aparılan şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü X4 adlı övladı vardır.

Məhkəmə, inzibati xəta haqqında protokolda mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, iş üzrə icraat materiallarına və digər sənədlərə tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması tam sübuta yetirilir. Bundan başqa Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7 və 329.1-ci maddələrində nəzərdə tutulmuş əməllərin Şəxs tərəfindən törədilməsi məhkəmənin səlahiyyətlərinə aid olmadığından sonuncunun əməllərinə həmin hissədə hüquqi qiymət verilməsi üçün material Abşeron rayon Polis İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 333-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə -nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla səkkiz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşman olmasını və himayəsində azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, əməlində ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əməlindən peşman olmasınıvə himayəsində azyaşlı uşağının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi, məsuliyyəti ağırlaşdıran halın müəyyən edilməməsini, nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitələrini idarə etmə hüququ müəyyən müddətə məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Bundan başqa, məhkəmə inzibati xətalara dair qanunvericiliyin tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarı ilə gəldiyi hüquqi mövqeyə əsasən qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmiş və həmin inzibati xətalar içərisində İXM-nin 327.7 və 329.1-ci maddələri nəzərdə tutulmamışdır. Şəxs barəsində həmin maddələrlə inzibati tənbeh məhkəmə tərəfindən tətbiq oluna bilməz, bu hal İXM-nin 34.1 və 34.3-cü maddələrinin tələblərinə zidddir. Ona görə məhkəmə hesab edir ki, şəxsin barəsində sözügedən maddələrlə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar inzibati xəta haqqında protokolu tərtib etmiş orqana göndərilməlidi Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, 800 (səkkiz yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın cərimə növündə tənbeh tədbirinə dair icrası Binəqədi rayon İcra və Probasiya Şöbəsinə, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinə dair icrası isə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə həvalə edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7 və 329.1-ci maddələrində nəzərdə tutulmuş əməlin törədilməsi məhkəmənin səlahiyyətlərinə aid olmadığından sonuncunun əməlinə həmin hissədə hüquqi qiymət verilməsi üçün material Abşeron rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vaitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar