Məhkəmə qərarları › İş №3(012)-535/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-535/2023

24.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-535/2023 24.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, protokolu tərtib edən şəxs Ekologiya YPX inspektor polis serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev 72, 11 saylı mənzildə qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 334.1-ci maddələri ilə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyündən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs qızının barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 334.1-ci maddələri nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında X3 xidməti İXP ******* saylı protokol tərtib edilmiş və protokola əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan və onlara əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 23 mart 2023-cü il tarixdə saat 16.47 radələrində manevr qaydasını pozduğu üçün saxlanılmışdır. Yoxlama zamanı müəyyən olunmuşdur ki, sürücü narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsini idarə etmişdir. Məhkəmə iclasında dindirilmiş Ekologiya YPX inspektor polis baş serjantı X2 protokola uyğun izahat verməklə məhkəmədən onun barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bildirdi ki, İnzibati xəta törətməkdə özünü təqsirli bilərək əməlindən peşman olduğunu və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan 28 mart 2023-cü il tarixli, sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs narkotik vasitələrin təsiri altında olmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 327.1 və 334.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmişdir və həmin inzibati xətalar içərisində İXM-nin 327.1-ci maddəsi nəzərdə tutulmamışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi, İXM-nin 332.1 və 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya dair işə baxılması rayon-şəhər məhkəmələrinin səlahiyyətinə aid deyildir, Şəxs barəsində həmin maddələrlə inzibati tənbeh məhkəmə tərəfindən tətbiq oluna bilməz, bu hal İXM-nin 34.1 və 34.3-cü maddələrinin tələblərinə zidddir. Ona görə məhkəmə hesab edir ki, Şəxs barəsində sözügedən maddə ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar inzibati xəta haqqında protokolu tərtib etmiş orqana göndərilməlidir. Məhkəmə, həmin Məcəllənin 33.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 334.1-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiallar baxılması üçün X3 xidmətinə göndərilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Bakı şəhəri, Binəqədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar