Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-539/2023 02.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, "xxxx" MMC-nin vəkil və nümayəndəsi vəkil X1 iştirakı ilə, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 499.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 00100-00688/23 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Abşeron rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 24 iyun 2023-cü il tarixli Qərarı ilə Abşeron rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli qərarı ləğv edilmiş və iş materialları yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 34/012/000507 nömrəli raporta əsasən, "xxxx" MMC-in Azərbaycan Respublikasındakı nümayəndəliyə qaytarılması məcburi olan əvvəllər aparılmış malları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2013cü il tarixli 244 nömrəli Qərarı ilə “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarına riayət edərək, ən geci 36 ay müddətinə kimi Azərbaycan Respublikası gömrük ərazisinə qaytarmalı, ya başqa gömrük prosedurunda bəyan etməli olduğu halda, müvəqqəti ixracın son tarixi xx.xx.2014-cü il tarixədək Azərbaycanın gömrük ərazisinə geri qaytarmamışdır. Nəticədə hüquqi şəxs "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Abşeron rayonu, Hökməli STQ ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin ünvanına Almaniyadan daxil olmuş səhnə üçün dekorasiyalar yükü **********8832, **********8827, **********8828, **********8830, **********8831, **********8829 sorqu nömrəli xx.xx.2012-ci il tarixli gömrük bəyannamələri ilə xx.xx.2013-cü il tarixədək 1 (bir) il müddətinə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Sonuncu dəfə 2013- cü il tarixdə "xxxx" MMC tərəfindən Bakı Bas Gömrük İdarəsinə təqdim edilmiş ərizə əsasında həmin malların müvəqqəti idxal müddəti xx.xx.2014-cü il tarixədək uzadılmışdır. Lakin, müvəqqəti idxal müddətinin xx.xx.2014-cü il tarixində bitməsinə baxmayaraq **********8832, **********8827, **********8828, **********8830, **********8831. **********8829 sorqu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş malların müvəqqəti idxal müddəti bitməmiş ‘‘AZ Texnika LTD” MMC tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə baqlı gömrük orqanına müraciət edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Ona görə də protokol əsasında "xxxx" MMC-in barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-in etibarnamə üzrə nümayəndəsi vəkil X2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük idarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolda qeyd olunan xüsusatlarla razılaşmadıqlarını bildirərək, izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2013-cü il tarixli qərarının 3.1-ci bəndinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında qalma müddəti 24 ay müəyyən edilmişdir və bu müddət prosedur sahibinin müraciəti əsasında 12 aya qədər uzadıla bilər. Ümumilikdə müvəqqəti ixrac gömrük prosedura altında yerləşdirilmiş malların bu gömrük proseduru altında qalma müddəti 3 ildən artıq ola bilməz və həmin müddət xx.xx.2017-ci il tarixdə başa çatmışdır. Həmin vaxtdan isə 4 ildən artıq müddət keçmişdir. Qeyd olunanlara əsasən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi iləinzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, 00100-00688/23 saylı protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 34/012/000507 nömrəli raporta əsasən, "xxxx" MMC-in Azərbaycan Respublikasındakı nümayəndəliyi qaytarılması məcburi olan əvvəllər aparılmış malları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2013-cü il tarixli 244 nömrəli Qərarı ilə “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarına riayət edərək, ən geci 36 ay müddətinə kimi Azərbaycan Respublikası gömrük ərazisinə qaytarmalı, ya başqa gömrük prosedurunda bəyan etməli olduğu halda, müvəqqəti ixracın son tarixi xx.xx.2014-cü il tarixədək Azərbaycanın gömrük ərazisinə geri qaytarmamışdır. Məhkəmə iclasında Barəsində inzibati icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Tahir Əliyev çıxış edərək bildirmişdir ki, MMC olaraq onların fəaliyyəti kənd təsərrüfatı texnikalarının gətirilməsi ilə bağlıdır, Səhnə dekorasiyalarının onlara aidiyyatı yoxdur.Bu əvvəlki rəhbərliyin fəaliyyəti ilə bağlı bir məsələdir. Məhkəmədə ona qarşı bir neçə mülki iddialar qaldırılmışdır. Belə bir malın gətirilib-gətirilməməsi ilə bağlı onlarda məlumat yoxdur. MMC-nin əməlində inzibati xəta tərkibi yoxdur, lakin xəta olsa belə, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin materiallarında olan məhkəmənin 12 may 2023-cü il tarixli iclas protokolundan görünür ki,inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X3 inzibati xəta protokolunun məzmununa uyğun izahat vermişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edib hüquqi qiymət verərək, Apellyasiya Məhkəməsinin göstərişlərinə əməl edərək hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 499.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 499.2-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsinə əsasən, Aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və ya nəqliyyat vasitələri müsadirə edilir, yaxud vətəndaşlar həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir və ya Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 245 nömrəli 2 sentyabr 2013-cü il tarixli "Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Qərarının 6.2-ci bəndinə əsasən malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilə biləcəyi maksimum müddət 24 (iyirmi dörd) ay təşkil edir. Bu Qaydaların 6.2-ci bəndində göstərilən müddətdə müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddətini 12 (on iki) aya qədər uzadır. Müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək həmin mallar təkrar ixrac edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 130-cu maddəsinə əsasən təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar müvəqqəti ixrac proseduru altında yerləşdirilir. Bu mallardan bu Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad edilməklə, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisindən kənarda istifadə olunur. Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi qaydalarını bu Məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin qaydalarda malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi şərtləri, onların bu prosedur altında qalma müddəti müəyyən edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli, 244 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 3-cü bəndinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında qalma müddəti gömrük orqanları tərəfindən 24 (iyirmi dörd) aydan çox olmamaq şərtilə müəyyənləşdirilir. Bu müddət müvəqqəti ixrac gömrük prosedurunun məqsədi üçün kifayət etməlidir. Həmin müddətdə müvəqqəti ixrac gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti ixrac gömrük proseduru altında qalma müddətini 12 (on iki) aya qədər uzadır. Müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar idxal edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən ümumi gömrük dəyəri 684720,63 manat, səhnə üçün dekorasiyalar adlı yük xx.xx.2012-ci il tarixdə **********8832, **********8827, **********8828, **********8830, **********8831, **********8829 nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında xx.xx.2013-cü il tarixədək 1 (bir) il müddətinə yerləşdirilmiş, 2013-cü il tarixdə "xxxx" MMC tərəfindən Bakı Bas Gömrük İdarəsinə təqdim edilmiş ərizə əsasında həmin malların müvəqqəti idxal müddəti xx.xx.2014-cü il tarixədək uzadılmış, həmin tarixdə qanunvericilikdə nəzərdə tutulmuş müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında 3 il qalma müddəti xx.xx.2015-ci il tarixdə başa çatması nəzərə alındıqda, növbəti gün yəni xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 499.2-ci maddəsi ilə nəzərdə tutulmuş xəta törədilmişdir. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, barəsində icraat aparılan Cəmiyyət həmin tarixdən 1 il müddətində, yəni xx.xx.2016-cı ildək inzibati məsuliyyətə cəlb edilə bilərdi. Lakin, hazırda qanunvericilikdə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Həmçinin hazırki işin hallarından müəyyən edilir ki, inzibati xəta hadisəsi səlahiyyətli orqan tərəfindən Bakı Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 34/012/000507 nömrəli raportuna əsasən aşkar edilmişdir. Məhkəmə inzibati məsuliyyətə cəlb etmə müddətinin keçib-keçməməsi xüsusatı ilə bağlı bildirir ki, Azərbaycan Respublikası İXM-nin 499.2-ci maddəsinə əsasən aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə inzibati məsuliyyət yaradır.Qanunvericiliyin tələbinə görə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında qalma müddəti gömrük orqanları tərəfindən 24 (iyirmi dörd) aydan çox olmamaq şərtilə müəyyənləşdirilir, həmin müddətdə müvəqqəti ixrac gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti ixrac gömrük proseduru altında qalma müddətini 12 (on iki) aya qədər uzadır, müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar idxal edilmədikdə və ya digər gömrük proseduru altında yerləşdirilmədikdə növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. Hazırki xətaya görə isə inzibati tənbeh tədbiri xətanın törədildiyi gündən bir il keçənədək verilə bilər. İXM-nin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Məhkəmə qeyd edir ki, bu qəbildən olan işlərə baxılarkən cəlb etmə müddətinin keçib-keçməməsi ilə bağlı məsələlərə hüquqi qiymət verilməklə əsaslandırılmalı, baş vermiş inzibati xətanın hansı tarixlərdə baş verməsi göstərilməlidir. Göründüyü kimi, inzibati xəta protokol tərtib edən şəxsə xx.xx.2013-cü il tarixdə və daha sonra müvəqqəti idxal müddətinin son tarixi xx.xx.2014-cü il tarixdə məlum olduğu halda, hazırki xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti də məhz xx.xx.2014-cü il tarixdən hesablanmaqla bir il müddətində inzibati xəta protokolu tərtib olunmalı idi. Ötən müddət ərzində müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş səhnə dekorasiyaları ilə bağlı protokol tərtib olunmamasının Bakı Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixədək 1 (bir) il müddətində, həmin tarixdən sonrakı müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsindən daha bir illik müddətdə də inzibati protokol tərtib etməli olduğu halda, bunu etməyib inzibati xəta faktının xx.xx.2023-cü il tarixdə aşkar olunması və bu əsasda inzibati xəta protokolunu tərtib etməsini məhkəmə inandırıcı və ağlabatan hesab etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 04 ay keçənədək verilə bilər. Həmçinin, həmin maddəyə əsasən maddədə göstərilən bir neçə inzibati xətalar üzrə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilər. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib edən orqan baş verməsini istinad etdiyi inzibati xətanın niyə uzun müddət keçdikdən sonra aşkarlanmasını inzibati xəta protokolunda və protokola əlavə edilən sənədlərdə izah etməyə çalışsa da,yuxarıda qeyd edilənlərdən göründüyü kimi inzibati xətanın baş vermə anının məhz xx.xx.2014-cü il tarixdən sonrakı bir il müddətində olması açıq-aşkar protokol tərtib etməli olan şəxs Bakı Baş Gömrük İdarəsinə məlum idi Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, inzibati xəta hadisəsi xx.xx.2014-cü il tarixdə inzibati xəta protokolu tərtib etməli olan şəxsə məlum olub bir il müddətində protokol tərtib etməli olduğu halda, bunu etməyib öz hərəkətsizliyi ilə süni şəkildə xətanı uzanan inzibati xətaya çevirmək görüntüsü yaratmasında barəsində inzibati xəta tərtib edilən şəxsin təqsiri olmadığından inzibati xəta protokolu üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir İXM-nin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında şərh olunmuşdur ki, “Hüquq nəzəriyyəsində “davam edən hüquqpozuntular” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. “Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. “Uzanan hüquqpozuntuları” isə (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi, sanitar qayda və normaların pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma və bir çox digər inzibati xətalar uzanan və ya davam edən inzibati xəta kimi də ifadə oluna bilər”. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli qərarında şərh olunmuşdur ki, “İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin ikinci cümləsində sadalanmış inzibati tənbehin ən geci bir il keçənədək verilməsinə aid edilən inzibati xətalar, həmin Məcəllənin Xüsusi hissəsindəki eyniadlı fəsillərə daxil olan və ya eyniadlı inzibati xətalarla bağlıdır. İşin məhkəmə baxışında barəsində inzibati xəta protokolu tərtib olunan şəxsin nümayəndəsi isə , gömrük bəyannaməsində göstərilən malların hazırda harada olması, qaytarılıb qaytarılmamasının onlara məlum olmadığını və bunun MMC-nin əvvəlki rəhbərliyinin fəaliyyəti ilə bağlı olduğunu, MMC-nin isə səhnə dekorasiya avadanlığı deyil, kənd təsərrüfatı texnikası idxalı ilə məşğul olduğunu bildirsə də, işin materialları ilə onun izahatı təkzib olunur. Bundan başqa, iş materiallarında Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" MMC barəsində başlanılmış 00100-00689/23 nömrəli inzibati xəta haqqında iş üzrə aparılacaq prosessual hərəkətlərdə iştirak etməsi məqsədilə "xxxx" MMC-nin ünvanına 1400-013/0xxxx/000892 nömrəli xx.xx.2023-cü il tarixli və 1400-013/007- 24/001889 nömrəli xx.xx.2023cü il tarixli məktubların ünvanlanması göstərilsə də, həmin məktubların rəsmi olaraq göndərilməsini təsdiq edən sənəd işə əlavə edilməmiş, lakin bu halı barəsində inzibati xəta protokolu tərtib edilən şəxs mübahisələndirməmişdir. Hazırkı inzibati xəta haqqında protokolda şəxsin təqsirli bilindiyi inzibati xəta İXM-nin 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş - inzibati tənbehin törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilən inzibati xətalara aiddir.Ona görə də hazırkı iş üzrə müvafiq qərar qəbul edilərkən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, şəxsə inzibati tənbeh tədbiri tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud olsa da iş üzrə xx.xx.2014-cü il tarixdən hazırki vaxtadək 9 ilə yaxın müddət keçmişdir. Bu səbəbdən "xxxx" Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC tərəfindən törədilmiş İXM-in 499.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinsin və həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-539/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-539/2023
02.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver