Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-540/2023 16.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi "xxxx" MMC-in etibarnamə üzrə nümayəndəsi “BHM və Partnyorları” vəkil bürosunun vəkili X2 iştirakı ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 499.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2- ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 00100-00690/23 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Abşeron ravonu, Hökməli ŞTQ ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin ünvanına Almaniyadan daxil olmuş səhnə ücün dekorasiyalar yükü **********9676 sorğu nömrəli xx.xx.2012-ci il tarixli gömrük bəyannamələri ilə xx.xx.2013-cü il tarixədək müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Sonuncu dəfə 2013-cü il tarixdə "xxxx" MMC tərəfindən Bakı Bas Gömrük İdarəsinə təqdim edilmiş ərizə əsasında həmin malların müvəqqəti idxal müddəti xx.xx.2014-cü il tarixədək uzadılmışdır. Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışlardan görünür ki, **********9676 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti idxal müddətinin son tarixi xx.xx.2014-cü il tarixi müəyyən edilmişdir. Lakin, müvəqqəti idxal müddətinin xx.xx.2014-cü il tarixində bitməsinə baxmayaraq **********9676 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş malların müvəqqəti idxal müddəti bitməmiş "xxxx" MMC tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir.. Nəticədə hüquqi şəxs "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-in etibarnamə üzrə nümayəndəsi vəkil X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük idarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolda qeyd olunan xüsusatlarla razılaşmadıqlarını bildirərək, izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2013-cü il tarixli qərarının 6.2-ci bəndinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında qalma müddəti 24 ay müəyyən edilmişdir və bu müddət prosedur sahibinin müraciəti əsasında 12 aya qədər uzadıla bilər. Ümumilikdə müvəqqəti ixrac gömrük prosedura altında yerləşdirilmiş malların bu gömrük proseduru altında qalma müddəti 3 ildən artıq ola bilməz və həmin müddət xx.xx.2017-ci il tarixdə başa çatmışdır. Qeyd olunanlara əsasən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi iləinzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və protokol tərtib etmiş qurumun işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, 00100-00690/23 saylı protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 34/012/000505 nömrəli raporta əsasən, "xxxx" MMC-in Azərbaycan Respublikasındakı nümayəndəliyi qaytarılması məcburi olan əvvəllər aparılmış malları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2013-cü il tarixli 245 nömrəli Qərarı ilə "Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarına riayət edərək, ən geci 36 ay müddətinə kimi Azərbaycan Respublikası gömrük ərazisinə qaytarmalı, ya başqa gömrük prosedurunda bəyan etməli olduğu halda, müvəqqəti ixracın son tarixi xx.xx.2014-cü il tarixədək Azərbaycanın gömrük ərazisinə geri qaytarmamışdır. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 499.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 499.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 130-cu maddəsinə əsasən təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar müvəqqəti ixrac proseduru altında yerləşdirilir. Bu mallardan bu Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad edilməklə, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisindən kənarda istifadə olunur. Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi qaydalarını bu Məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin qaydalarda malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi şərtləri, onların bu prosedur altında qalma müddəti müəyyən edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli, 245 nömrəli Qərarı ilə təsdiq edilmiş "Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 6.2-ci bəndinə əsasən müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında qalma müddəti gömrük orqanları tərəfindən 24 (iyirmi dörd) aydan çox olmamaq şərtilə müəyyənləşdirilir. Bu müddət müvəqqəti ixrac gömrük prosedurunun məqsədi üçün kifayət etməlidir. Həmin müddətdə müvəqqəti ixrac gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti ixrac gömrük proseduru altında qalma müddətini 12 (on iki) aya qədər uzadır. Müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar idxal edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir. Məhkəmə qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, tərtib olunmuş inzibati xəta haqqında protokol qanunun tələblərinə və işin faktiki hallarına uyğun olmuş və "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə inzibati məsuliyyətə cəlb etmə müddətinin keçib-keçməməsi xüsusatı ilə bağlı aşağıdakıları qeyd edir: Əvvəla qeyd edilməlidir ki, Azərbaycan Respublikası İXM-nin 499.2-ci maddəsinə əsasən aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə inzibati məsuliyyət yaradır. Belə olan halda, qanunvericiliyin tələbinə görə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında qalma müddəti gömrük orqanları tərəfindən 24 (iyirmi dörd) aydan çox olmamaq şərtilə müəyyənləşdirilir, həmin müddətdə müvəqqəti ixrac gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti ixrac gömrük proseduru altında qalma müddətini 12 (on iki) aya qədər uzadır, müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar idxal edilmədikdə və ya digər gömrük proseduru altında yerləşdirilmədikdə növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. Hazırki xətaya görə isə inzibati tənbeh tədbiri xətanın törədildiyi gündən bir il keçənədək verilə bilər. Belə ki, Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin ikinci cümləsində sadalanmış inzibati tənbehin ən geci bir il keçənədək verilməsinə aid edilən inzibati xətalar, həmin Məcəllənin Xüsusi hissəsindəki eyniadlı fəsillərə daxil olan və ya eyniadlı inzibati xətalarla bağlıdır. İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi gömrük qaydaları əleyhinə olan inzibati xətalar Fəslinə aiddir. Məhkəmə uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanması dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, hüquq nəzəriyyəsində "davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. "Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır:bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 09 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, onun ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. İnzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir (İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsi). Bu cür müddətləri nəzərdə tutarkən və onların hesablanması qaydalarını müəyyən edərkən qanunverici Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsindən irəli gələn insan və vətəndaş hüquq və azadlıqlarının hüquqi tənzimlənməsi zamanı şəxsi və publik maraqlar arasındakı tarazlığın gözlənilməsi tələbini rəhbər tutaraq inzibati məsuliyyətin qaçılmazlığının təmin olunması üçün şərait yaratmaqla yanaşı, eyni zamanda inzibati xəta törətmiş şəxslərin əsassız olaraq uzun müddətə inzibati təqib və inzibati tənbehin tətbiqi təhlükəsi altında qalmasının qarşısını almaq məqsədini güdmüşdür. Məhkəmə iclasında müyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən ümumi gömrük dəyəri 127301,42 manat, səhnə üçün dekorasiyalar adlı yük xx.xx.2012-ci il tarixdə **********8522,**********8527,**********8520, **********8525, **********8523, **********8524 sorğu nömrəli,xx.xx.2012-ci il tarixli **********8522, **********8527,**********8520,**********8525,**********8523,**********8524 nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında xx.xx.2013-cü il tarixədək 1 (bir) il müddətinə yerləşdirilmiş, 2013-cü il tarixdə "AZ Texnika LTD” MMC tərəfindən Bakı Bas Gömrük İdarəsinə təqdim edilmiş ərizə əsasında həmin malların müvəqqəti idxal müddəti xx.xx.2014-cü il tarixədək uzadılmış, həmin tarixdə qanunvericilikdə nəzərdə tutulmuş müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında 3 il qalma müddəti xx.xx.2015-ci il tarixdə başa çatması nəzərə alındıqda, növbəti gün yəni xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 499.2-ci maddəsi ilə nəzərdə tutulmuş xəta törədilmişdir. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, barəsində icraat aparılan Cəmiyyət həmin tarixdən 1 il müddətində, yəni xx.xx.2016-cı ilədək inzibati məsuliyyətə cəlb edilə bilərdi. Lakin, hazırda qanunvericilikdə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Həmçinin hazırki işin hallarından müəyyən edilir ki, inzibati xəta hadisəsi səlahiyyətli orqan tərəfindən Bakı Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 00100-00505/23 nömrəli raportuna əsasən aşkar edilmişdir. Lakin məhkəmə bununla bağlı qeyd edir ki, hazırki inzibati xəta tərkibini yaradan əməl uzanan əməl deyil, davam edən əməldir. Ona görə də cəlbetmə müddəti xətanın törədildiyi gündən hesablanır. Göstərilənlərlə yanaşı qeyd edilir ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1 -ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1 -ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən törədilmiş İXM-in 499.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinməli və qanunvericiliklə müəyyən edilən inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdığından başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 38, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC tərəfindən törədilmiş İXM-in 499.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinsin və həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-540/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-540/2023
16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver