Məhkəmə qərarları › İş №3(012)-555/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-555/2022

26.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-555/2022 26.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Şikayət verən X2, qərarı qəbul etmiş Abşeron rayon Polis İdarəsi DYPŞ-nin polis leytenantı X1 iştirakları ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 Abşeron rayon Polis İdarəsi DYPŞ-nin polis leytenantı X3 tərəfindən tərtib olunmuş 07.02.2022-ci il tarixli, TP ******* saylı qərarın ləğvi barədə şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayon Polis İdarəsi DYPŞ-nin polis leytenantı X3 tərəfindən tərtib olunmuş 07.02.2022-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, 04.02.2022-ci il tarixdə sutkanın qaranlıq vaxtında, saat 22:40 radələrində Fatmayi-Goradil yolu ərazisində etibarnamə əsasında idarə etdiyi “Hyundai Accent" markalı. 99PF158 dövlət qeydiyyat nişanlı avtomobili manevr qaydalarına riayət edərək ikinci dərəcəli yoldan əsas yola çıxdı və artıq öz hərəkət zolağında hərəkətdə olarkən əks istiqamətdən gələn “Saipa Saina” markalı. 99PL276 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yaşayış məntəqəsi daxilində, qaranlıqda, görünmə şəraiti məhdud olan nisbətən döngəli yolda yüksək sürətlə avtomobili idarə edərək onun hərəkət zolağında onunla toqquşdu. Hadisədən öncə zəruri olan bütün tədbirləri görsə də, “Saipa Saina” markalı avtomobilin yüksək sürətlə hərəkətdə olması, həmçinin əks hərəkət zolağına, yəni onun zolağına çıxaraq onunla toqquşması səbəbindən hadisənin qarşısını ala bilmədi. Hadisə yerinə gəlmiş polis əməkdaşları isə ümumiyyətlə hadisəni araşdırmadılar və heç bir hüquqi əsası olmayan protokol və həmin protokol əsasında 'İnzibati tənbeh vermə haqqında" Qərar tərtib edərək onu qanunsuz olaraq inzibati məsuliyyətə cəlb etdilər. Həmin Qərarı elektron şəkildə 11.02.2022-ci il tarixdə mübahisələndirdiyinə görə tətbiq olunan prosessual müddəti ötürməmişdir. Qeyd etmək istəyir ki, həmin qərar qanunsuzdur və hadisədə təqsirkar olan şəxs məsuliyyətdən kənarda qaldığı halda, heç bir təqsiri olmayan şəxs inzibati məsuliyyətə cəlb edilərək cərimə olunmuşdur. Hadisədən sonra onun avtomobilinə də kifayət qədər məbləğdə ziyan dəydiyi halda, polis əməkdaşının qanunsuz qərarına görə həmin ziyanı özü qarşılamalı, digər sürücü isə heç nə baş verməmiş kimi məsuliyyətdən kənarda qalacaq. Ona görə də barəsində Abşeron DYP Polis leytenantı X1 qəbul etdiyi 07.02.2022-ci il tarixli, TP4847760 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və başlanılmış inzibati xətalar haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X4 şikayətini müdafiə edərək Abşeron rayon Polis İdarəsi DYPŞ-nin polis leytenantı X3 tərəfindən tərtib olunmuş 07.02.2022-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilərək inzibati xəta haqqında işə xitam verilməsini xahiş etdi. İnzibati qərar qəbul etmiş şəxs Azərbaycan Respublikası Abşeron rayon Polis İdarəsi DYPŞ-nin polis leytenantı X3 məhkəmədə çıxış etməklə bildirmişdir ki, 07.02.2022-ci il tarixli, TP ******* saylı qərar qanuni və əsaslıdır. Şikayət verən şəxs yolayrıcına düzgün daxil olmadığından Azərbaycan Respublikası Yol hərəkəti haqqında qanunun 77 və 42.4-cü maddələrinin tələblərini pozmuş və sözügedən hadisə baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilməlidir. Belə ki araşdırma zamanı həm də hadisənin görüntüsünə baxış keçirilmiş və müəyyən edilmişdir ki, ikinci dərəcəli yoldan əsas yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü X4 baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə yol verməli olduğu halda, baş yola çıxmış, yolun tən ortasında qalmaqla baş yolla hərəkət edən nəqliyyat vasitələrinin hərəkətinə mane olmuş, nəticədə idarə etdiyi “Saipa Saina” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolayrıcını keçmə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun 77-ci maddəsinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. İİ. Yolayrıcında baş yol istiqamətini dəyişirsə, baş yolla hərəkət edən sürücülər öz aralarında eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcını keçmək qaydalarını əsas tutmalıdırlar. İkinci dərəcəli yollarla hərəkət edən sürücülər də öz aralarında bu qaydaları əsas tutmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, iş materiallarında olan məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edildi ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 idarə etdiyi “Hyundai Accent minik” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin, yəni yolayrıcını keçmə qaydalarını pozaraq inzibati hüquq pozmanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yenə həmin Məcəllənin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıdakılara əsasən hesab edirəm ki, X4 haqlı olaraq səlahiyyətli orqan tərəfindən məhz həmin Məcəllənin 327.2-ci maddəsilə düzgün olaraq inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İXM-in 134.1 və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət baxıldıqda qərarın dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 “Hyundai Accent minik” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən onun hərəkətlərində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsini tələbinə uyğunsuzluq müəyyən edildiyindən, yəni yolayrıcını keçmə qaydalarını pozduğuna görə şikayət təmin edilməməli, Abşeron rayon Polis İdarəsi DYPŞ-nin polis leytenantı X3 tərəfindən tərtib olunmuş 07.02.2022 -ci il tarixli, TP ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 Abşeron rayon Polis İdarəsi DYPŞ-nin polis leytenantı X3 tərəfindən tərtib olunmuş 07.02.2022-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Abşeron rayon Polis İdarəsi DYPŞ-nin polis leytenantı X3 tərəfindən tərtib olunmuş 07.02.2022-ci il tarixli, TP ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar