Məhkəmə qərarları › İş №3(012)-556/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-556/2021

16.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-556/2021 16.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 491.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Dövlət Kömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ : Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 15.03.2021-ci il tarixli, 00100-0482/21 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına olan 15.03.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs MMC tərəfindən (VÖEN.**********) Türkiyə Respublikasından 76DR638/76DD391 nömrəli avtomobildə göndərilmiş və **********7635 sorğu Gömrük bəyannaməsi ilə bəyan edilmiş “kişilər və ya oğlanlar üçün geyim dəstləri” yükü 10.03.2021-ci il tarixdə Şəxs MMC-nin Xırdalan şəhəri, Şamaxı şossesi, 6-cı km yerləşən anbarında təyinat gömrük orqanı - Bakı Bas Gömrük İdarəsinin müvafiq icazəsi olmadan boşaldılmışdır. İş materiallarında olan 15.03.2021-ci il tarixli raportdan görünür ki, gömrük orqanına məlumat vermədən Şəxs MMC tərəfindən özbaşına nəqliyyat vasitəsinin boşaldılması həyata keçirilmişdir. İş mateiallarına əlavə edilmiş 10.03.2021-ci il tarixli aktdan görünür ki, Şəxs MMCnin ünvanına 76DR638/76DD391 nömrəli avtomobillə daxil olmuş və **********7635 sorğu nömrəli 10.03.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən malların boşaldılması aşkar edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Mallar yalnız gömrük orqanlarının icazəsi ilə və nəzarəti altında, onların müəyyənləşdirdiyi yerlərdə gömrük ərazisinə gətirilmə üçün istifadə olunan nəqliyyat vasitəsindən boşaldıla və bu ərazidən aparılma üçün istifadə olunan nəqliyyat vasitəsinə yenidən yüklənə bilər. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən malların və ya onların bir hissəsinin təcili boşaldılmasını zəruri edən təhlükə yaranarsa, gömrük orqanlarının icazəsi tələb olunmur. Lakin bu barədə gömrük orqanlarına təcili məlumat verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar