Məhkəmə qərarları › İş №3(012)-567/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-567/2022

18.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-567/2022 18.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, şikayətçi - Bakı Dövlət Universitetninin nəzdində İqtisadiyyat və Humanitar Kollecin müdiri X3 nümayəndəsi, vəkil X4, qərarından şikayət verilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X6 iştirakları ilə, Şikayətçi Bakı Dövlət Universitetninin nəzdində İqtisadiyyat və Humanitar Kollecin müdiri X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.6-cı maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin müdiri X1 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə barədə qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X3 nümayəndəsi, vəkil X8 şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli qərarda Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və X2 və idarəetmə ixtisasları üzrə əyani şöbə müdiri – X12 barədə olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən xitam verilən zaman qanunvericiliyin tələblərinin gözlənilmədiyi əsas göstərilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 1500 (min beş yüz) manat inzibati cərimə olunması qərara alınmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin qəbul etdiyi qərar qanunsuz və əsassız olduğundan məhkəmə tərəfindən ləğv edilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati məsuliyyətdən azad etmə barədə 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən gec üç ay keçənədək verilə bilər. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsin məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X11 şikayət ərizəsində qeyd olunanlarla razılaşmayaraq izahatında göstərmişdir ki, hüquqlarını təmsil etdiyi idarə tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Belə ki, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən işdən azad olunan X9 şikayət ərizəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə daxil olmuşdur. Həmin ərizənin araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin müdiri tərəfindən Əmək Məcəlləsinin tələbləri pozulmuş, eyni zamanda İXM-nin 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş xəta törədilmişdir. Göstərilənlərə əsasən şikayətin təmin edilməməsini və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın qüvvədə saxlanmasın məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X12 xx.xx.2014-cu il tarixdən xx.xx.2015-ci il tarixədək Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və X2 və idarəetmə ixtisasları üzrə əyani şöbə müdiri kimi işə qəbul edilmişdir. Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin xx.xx.2022ci il tarixli 38 nömrəli məktubundan müəyyən edilir ki, X12 əmək müqaviləsinə xx.xx.2021ci il tarixdən 163/k nömrəli əmrə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) xitam verilməsi göstərilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin müdiri tərəfindən X9 əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən (əmək müqaviləsinin müddətinin bitməsi) xitam verilməsi barədə 163/k nömrəli əmr verilmişdir. Bununla da, xx.xx.2021-ci il tarixdə Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin müdiri X3 əməlində İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan xəta yaranmışdır. Qeyd edilir ki, İXM-nin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdı. Belə ki, İXM-nin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə qeyd edir ki, bu qəbildən olan işlərə baxılarkən cəlb etmə müddətinin keçib-keçməməsi ilə bağlı məsələlərə hüquqi qiymət verilməklə əsaslandırılmalı, baş vermiş inzibati xətanın hansı tarixlərdə baş verməsi göstərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, hüquq nəzəriyyəsində "davam edən hüquq pozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. "Davam edən hüquq pozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquq pozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. "Uzanan hüquq pozuntuları” isə (cinayət, inzibati xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. Uzanan hüquq pozuntusunun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin, hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. Uzanan hüquq pozuntularının bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda - qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında - subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Beləliklə, hazırki iş üzrə inzibati xəta tərkibi yaradan əməl nə uzanan nə də davam edən əməl deyildir. Azərbaycan Respublikası İXM-nin 38.2-ci maddəsinə görə həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Hazırkı mübahisə edilən inzibati xəta hər bir halda davam edən inzibati xəta deyildir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarından da görünür ki, "Davam edən hüquq pozuntular” və "Uzanan hüquq pozuntular” eyni növ inzibati xətalar deyildir, biribirindən fərqləndirilmişdir, müxtəlif cür inzibati xətalardır. Göründüyü kimi, yuxarıda qeyd olunan normaların tələbinə görə uzanan inzibati xətalara münasibətdə 3 aylıq müddət xətanın aşkar edildiyi vaxtdan hesablanır. Hazırki inzibati xəta əməli isə uzanan xəta kateqoriyasına daxil deyildir. Ona görə də hazırki xəta işçi xx.xx.2021-ci il tarixli əmrlə əmək qanunvericiliyinin tələbi pozulmaqla işdən azad olunduğu vaxtdan başa çatmış hesab edilir və həmin əmələ görə inzibati məsuliyyətə cəlb etmə müddəti xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Belə olduğu təqdirdə DƏMX-də işə baxılıb inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyi vaxtdan, artıq 03 aydan çox müddət keçmişdir. Beləliklə məhkəmə qeyd edir ki, qərarından şikayət verilən orqanın nümayəndəsi tərəfindən məhkəmədə irəli sürülmüş yuxarıda qeyd edilən dəlili tamamilə əsassız olmaqla hazırda qüvvədə olan qanunvericiliyə ziddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 03 ay keçənədək verilə bilər. Həmçinin həmin maddəyə əsasən maddədə göstərilən bir neçə inzibati xətalar üzrə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilər. Lakin hazırkı inzibati xəta haqqında protokolda şəxsin təqsirli bilindiyi inzibati xəta İXM-nin 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş - inzibati tənbehin törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilən inzibati xətalardan deyildir. Hazırkı iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti 03 ay müəyyən edilmişdir. Ona görə də hazırkı iş üzrə müvafiq qərar qəbul edilərkən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, şəxsə inzibati tənbeh tədbiri tətbiq edilə bilməzdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin müdiri X3 şikayəti təmin olunmalı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 38, 53 və 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin müdiri X3 şikayəti təmin olunsun. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar