Məhkəmə qərarları › İş №3(012)-583/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-583/2023

14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-583/2023 14.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X4 və X6 Agentliyinin etibarnamə üzrə nümayəndələri X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndələri X1 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 276-1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 276-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X4 və X6 Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, xx.xx.2022-ci il tarixdə Şəxs MMC-də plastik emalı sahəsində 1 ədəd hava tutumunun dövlət reyestrində qeydiyyatdan keçirilməməsi faktı aşkar edilmişdir. Buna görə də Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 276-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X4 və X6 Agentliyinin etibarnamə üzrə nümayəndəsi X5 protokolu müdafiə edərək, izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və X6 Agentliyinin 2022-ci il üzrə yoxlama planına uyğun olaraq, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 08 dekabr 2022-ci il tarilxi KY221874431 nömrəli çıxarışa əsasən Şəxs MMC-nin Abşeron rayonu Mehdiabad qəsəbəsi ev. Yağ Zavodunun yanı ünvanında yerləşən qeyri-qida məhsulları istehsalı sahəsində xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində yoxlama aparılmışdır. Aparılmış yoxlama zamanı aşkar edilmiş digər pozuntularla yanaşı, obyektdə istismar olunan bir ədəd yüksək təzyiqli hava tutumunun təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilmədiyi müəyyən olunmuşdur. Təhlükə potensiallı obyektlərin “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət reyestrində qeydiyyatdan keçirilməməsinə görə "Şəxs” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur.Buna görə də Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 inzibati xətanın olmasını qəbul etdi və bildirir ki, yoxlama olan zaman hava tutumu işlək vəziyyətdə olmamışdır. Hazırda isə artıq işlək vəziyyətdədir və dövlət reyestrində qeydiyyatdan keçəcək. Ona görə də Şəxs MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X4 və X6 Agentliyinin 2022-ci il üzrə yoxlama planına uyğun olaraq, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixi KY221874431 nömrəli çıxarışa əsasən, Şəxs MMC-nin təhlükə potensiallı obyektləri üzrə 12-13 dekabr 2022-ci il tarixlərində aparılmış yoxlama zamanı Şəxs MMC-nin istismarında olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Yağ zavodunun yanında yerləşən qeyri-qida məhsullarının istehsalı sahəsindəki istismar olunan 1 ədəd hava tutumu avadanlığı Agentlikdə təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilmədiyi müəyyən edilmişdir. 24/627 nömrəli, xx.xx.2022-ci il tarixli Yoxlama Aktından müəyyən olunur ki, plastik kütlə emalı prosesləri üçün bir ədəd hava tulumunun istismarına icazə alınmamışdır (“Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi Qaydası” 6-cı bənd). Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X4 və X6 Agentliyinin Şəxs MMC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli, xx/xx-06872 saylı məktubundan görünür ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən plastik kütlə emalı sahəsində keçirilmiş yoxlama aktına əsasən qəbul edilmiş, yoxlama materiallarına baxılmasının nəticələri üzrə Qərarın surəti Sizə təqdim olunur. Aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün görülməli olan tədbirlər yerinə yetirildikdən sonra üç iş günü müddətində Agentliyə məlumat verilməlidir. Məhkəmə proses iştirakçılarının işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 276-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 276-1-ci maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və X6 Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 28 dekabr 2007-ci il tarixli 695 nömrəli Fərmanının 8.11-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 oktyabr 2001-ci il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi Qaydası”nın 6-cı bəndinə uyğun olaraq istismara qəbul edilən təhlükə potensiallı obyektlər onların istismarına başlanıldığı gündən ən geci 30 gün müddətində Agentlikdə dövlət reyestrində qeydiyyatdan keçirilməlidir. "Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi Qaydası”nın 8-ci bəndinə uyğun olaraq obyektin dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə həmin obyekti istismar edən şəxsə dövlət reyestrindən çıxarış verilir. İş materiallarında göstərilən qeydiyyat isə regional müfəttişliklərin nəzarət etdikləri obyektlər barədə apardıqları qeydiyyatdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X4 və X6 Agentliyinin 2022-ci il üzrə yoxlama planına uyğun olaraq, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixi KY221874431 nömrəli çıxarışa əsasən, Şəxs MMC-nin təhlükə potensiallı obyektləri üzrə 20 sentyabr 2022-ci il tarixində aparılmış yoxlama zamanı Şəxs MMC-nin istismarında olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən plastik kütlə emalı sahəsində keçirilmiş yoxlama aktına plastik emalı sahəsindəki istismar olunan iki ədəd hava tutumu avadanlığı Agentlikdə təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilmədiyi müəyyən edilmiş, bununla bağlı Agentlik tərəfindən Şəxs MMCyə xəbərdarlıq edilmişdir. Hazırkı iş üzrə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X4 və X6 Agentliyi tərəfindən Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, xx.xx.2022-ci il, saat 11:39-da Şəxs MMCdə istismar olunan hava tutumu Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməmişdir. Bu fakt xx.xx.2022-ci il tarixli 24/550, 13 dekabr 2022-ci il tarixli 24/627 saylı qərar və yoxlama aktı ilə təsdiq olunur. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, Şəxs MMC barəsində iş üzrə icraata xitam verilməli və məsuliyyətdən azad edilməlidir. Belə ki, İXM-nin 38.1-ci maddəsinə görə İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Məhkəmə qeyd edir ki, bu qəbildən olan işlərə baxılarkən cəlb etmə müddətinin keçib-keçməməsi ilə bağlı məsələlərə hüquqi qiymət verilməklə əsaslandırılmalı, baş vermiş inzibati xətanın hansı tarixlərdə baş verməsi göstərilməlidir. Göründüyü kimi, yuxarıda qeyd olunan normaların tələbinə görə uzanan inzibati xətalara münasibətdə 4 aylıq müddət xətanın aşkar edildiyi vaxtdan hesablanır. Hazırki inzibati xəta əməli isə uzanan xəta kateqoriyasına daxildir. Ona görə də hazırki xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Belə olduğu təqdirdə hava tutumunun dövlət reyestrində qeydiyyatdan keçirilmədiyinin aşkar edildiyi vaxtda, 04 aydan çox müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 04 ay keçənədək verilə bilər. Həmçinin həmin maddəyə əsasən maddədə göstərilən bir neçə inzibati xətalar üzrə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilər. Lakin hazırkı inzibati xəta haqqında protokolda şəxsin təqsirli bilindiyi inzibati xəta İXM-nin 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş - inzibati tənbehin törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilən inzibati xətalardan deyildir. Hazırkı iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti 04 ay müəyyən edilmişdir. Ona görə də hazırkı iş üzrə müvafiq qərar qəbul edilərkən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, şəxsə inzibati tənbeh tədbiri tətbiq edilə bilməzdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 38, 53 və 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar