Məhkəmə qərarları › İş №3(012)-585/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-585/2023

30.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-585/2023 30.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qıznın sədrliyi, Nuruyeva Nüşabə Ələddin oğlunun katibliyi, İnzibati protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin sahə rəisi X10, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçəsi Xırdalan şəhər Vəkil Bürosunun müdiri Vəkil iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Gədəbəy rayonunda şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Gədəbəy rayonu, Çobankənd kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXMnin 157-ci və 232-1-ci maddələri ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci və 232-1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin sahə rəisi X12 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokollar baxılması üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Abşeron RPİ-nin sahə rəisi X12 bildirdi ki, xx.xx.2022-ci il tarixdə, Abşeron rayonu Masazır qəsəbəsində (Zəli gölü yaxınlığı) X2 məxsus fərdi yaşayış evinin yaxınlığında Səadət Məşədibəyova ilə Şəxs arasında söz mübahisə yaranmış və bu mübahisə zamanı Şəxs müraciət müəllifi olan Səadət Məşədibəyovanı döyərək qəsdən sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmiş, eyni zamanda Şəxs Səadət Məşədibəyovaya məxsus fərdi yaşayış evinin pəncərə şüşəsini qəsdən sındırmaqla sonuncuya 80 manat maddi ziyan vurmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci və 232-1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında dindirilən Şəxs inzibati xəta törətməkdə özünü təqsirli bilərək izahatında göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə sərxoş halda Abşeron rayonu Masazır qəsəbəsində (Zəli gölü yaxınlığı) keçmiş həyat yoldaşı X2 məxsus fərdi yaşayış evinə getmiş, onunla mübahisə etmiş, mübahisə zamanı onun saçından tutaraq döymüş, daha sonra əlindən qaçdığını görüb yerdəki daşı götürüb evin pəncərəsi tərəfə ataraq sındırmışdır. Etdiyi əməldən peşman olmasını əsas gətirərək onun barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X4 izahat verərək şikayətçi olduğu Şəxs Baxışəli oğlu onun keçmiş həyat yoldaşı olduğunu, münasibətləri uyğun gəlmədiyindən ayrıldıqlarını, buna baxmayaraq Şəxs tez-tez yaşadığı evə gələrək onu və ailə üzvlərini narahat etdiyini, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 22 radələrində yaşadığı evdə dincəldiyi zaman küçədə evə daş atdığını eşitmiş, bu zaman o, küçəyə çıxdıqda Qabilin sərxoş olduğunu görmüş, buna görə aralarında söz mübahisəsi baş vermiş, mübahisə zamanı Qabil onu və ailə üzvlərini sözlə hədələyərək “sizi yaşamağa qoymayacağam” ifadəsin işlətmiş, daha sonra başına əl ataraq saçlarından yapışıb yolmağa başlamış, bu zaman o, Qabilin əlindən çıxıb qaçmış, həmin vaxt Qabil yerdən daş götürərək evinin pəncərəsinə vuraraq qırmış, daha sonra baş veriş hadisə ilə əlaqədar 102 xidmətinə zəng edərək məlum məzmunda məlumat vermişdir. Daha sonra baş vermiş mübahisə təxminən 10-15 dəqiqə davam etdiyini, həmin vaxt orada heç kimin olmadığını, Qabil ona məxsus evin ancaq pəncərə şüşəsini sındırdığını, sınmış pəncərə şüşəsinin təxminən dəyəri 80 manat olduğunu, Qabil onu döyməsinə, onu və ailə üzvlərini hədələməsinə, həmçinin tez-tez narahat etdiyinə görə, eyni zamanda ona məxsus evin pəncərə şüşəsini sındırmaqla maddi ziyan vurduğuna görə barəsində qanuni tədbir görülməsini xahiş edərək başqa heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Sonda o, X5 şikayətçi olduğunu və onun barəsində həbslə əlaqədar inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X6 müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin səmimi peşman çılığını əsas gətirərək barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş Abşeron Rayon Polis İdarəsinin təhqiqat şöbəsinin təhqiqiatçısı, polis mayoru X8 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində şəxsiyyətin sağlamlığı əleyhinə olan cinayətlər üzrə cinayət məsuliyyəti şəxsin sağlamlığına qəsdən ağır, az ağır və ya yüngül zərər vurulduğu hallarda, müvafiq olaraq həmin Məcəllənin 126,127,128-ci maddələri üzrə cinayət məsuliyyətinə səbəb olur. Material üzrə isə Şəxs hərəkətləri nəticəsində Səadət Məşədibəyovanın sağlamlığına vurulan fiziki zərər Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsində nəzərdə tutulan “Döymə” inzibati xəta tərkibini yaradır. Həmçinin Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi yoxdur. Çünki, həmin maddədə göstərilmişdir ki, «Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə» cinayət məsuliyyətinə səbəb olur. Dəymiş zərər isə xeyli (5000 manat) miqdardan az yəni 80 (səksən) manat təşkil etdiyindən Şəxs əməli Azərbaycan Respunlikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan “Özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələmə” kimi qiymətləndirilməlidir. Buna görə də Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyindən onun barəsində cinayət işi başlanması rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2023-cü il tarixli, 05 nömrəli rəyindən görünür ki, 1997-ci il təvəllüdlü X3 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol saidin yuxarı 1/3-nin arxa səthinin 1 ədəd sol mil-bilək oynağının tış səthinin 1 ədəd sıyrığı vardır, küt əşya təsirindən törənmişdir. Qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə dava-dalaş nəticəsində əl zərbələri vurması nəticəsində əmələ gələ bilərdi; sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs Baxışəli oğlunun inzibati xətanı törətməsində təqsiri işdə iştirak edən şəxsin izahatları və iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232-1-ci maddələrii ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Baxışəli oğlunun səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Baxışəli oğlunun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Baxışəli oğluna inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Baxışəli oğluna məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun müdiri Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 15 (on beş) gün inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2023-cü il, saat 23:40-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis idarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Baxışəli oğluna məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun müdiri Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şövkət Nəcəfova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar