Məhkəmə qərarları › İş №3(012)-585/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-585/2024

30.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-585/2024 30.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Abşeron rayon Pİ-in Saray PB-in sahə rəisi, X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi vəkil X3 iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, İİİ qrup əlil, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon rayon Pİ-in Saray PB-si tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə idarə etdiyi avtomobillə pozduğu yol hərəkəti qaydasına görə saxlanılaraq, barəsində protokol tərtib edən Azərbaycan Respublikası DİN-in YPXA-in əməkdaşının ünvanına nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozmaqla, xırda xuliqanlıq etmişdir. Bunagörə də o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə məhkəməyə verilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında Abşeron rayon Pİ-in Saray PB-in sahə rəisi, X4 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, tərəfindən araşdılırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü protokol üzrə təqsirli bilməyərək izahatında göstərmişdir ki, qeyd edilən hərəkətləri törətməmişdir. Belə ki, hər gün gedib-gəldiyi yolda hərəkətdə olarkən avtomobilini polis əməkdaşı saxlamış və barəsində protokol tərtib edəcəyini birdirmişdir. Polis əməkdaşı ilə razılaşmadığına görə aralarında mübahisə düşmüşdür. X1 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 706 saylı postda xidmətdə olarkən ** ST *** dövlət qeydiyyat nişanlı avtomobilin Yol Hərəkəti haqqında Qanun 2.5-ci nişanının tələblərini pozduğuna görə tərəfindən saxlanılmış, özünü təqdim etdikdən sonra sürücüyə törətdiyi inzibati xətanın mahiyyəti izah edildikdən sonra barəsində protokol tərtib ediləcəyi bildirilmişdir. Hətta sürücüyə razılaşmadığı halda qərardan xətanın törədildiyi yer və ya yaşayış yeri üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ da izah edilmişdir. Həmin vaxt sürücü onunla razılaşmayaraq, ucadan onun və digər əməkdaşlarının ünvanına ilk öncə qarğışlar daha sonra nalayıq söyüşlər söyməyə başlamışdır. Digər əməkdaşlarla birlikdə sürücünü sakitləşdirməyə çalışmış, lakin sürücü daha da aqressivləşərək, postun daxilində təkrar olaraq, onun və digər əməkdaşların ünvanına ucadan nalayiq söyüşlər söyməyə başlamışdır. Daha sonra sürücünü bi hərəkətləri barədə raportla Sara PB-nə müraciət edilmişdir. Məhkəmədə şahid qismində izahat vermiş X7 şahid Emin Orucəliyevin izahatına uyğun eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X8 hüquqlarını müdafiə etdiyi şəxsin törətdiyi əməldən peçmançılıq çəkməsini və məsuliyyətini dərk etməsini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Video görüntüdən görünür ki, Şəxs idarə etdiyi avtomobillə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 706 saylı postda pozduğu yol hərəkəti qaydasına görə saxlanılaraq, barəsində protokol tərtib edən Azərbaycan Respublikası DİN-in YPXA-in əməkdaşının ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə proses iştirakçılarının işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Belə ki, qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyəti ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs tərəfindən zərərçəkmiş şəxs, polis əməkdaşını təhqir etməklə digər şəxsin hüquqlarına riayət etməklə ictimai qaydanın şəxslərin bir-birinə hörmət edilməsinə dair qaydalarına əməl etməyərək, dövlət orqanlarının normal fəaliyyətinə mane olur. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs hərəkətlərində ictimai qayda və ictimai mənəviyyatın pozulmasına istiqamətlənmiş birbaşa qəsd olmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatında göstərilənlərə münasibətdə qeyd edir ki, həmin izahat işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur, belə ki, Şəxs xx.xx.2024-cü il tarixdə idarə etdiyi avtomobillə pozduğu yol hərəkəti qaydasına görə saxlanılaraq, barəsində protokol tərtib edən Azərbaycan Respublikası DİN-in YPXA-in əməkdaşının ünvanına nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozmaqla, xırda xuliqanlıq etməsi məhkəmə iclasında şahidlərin verdiyi izahatla təsdiq olunur. Nəzərə alınmalıdır ki, həmin şəxslərin izahatları işin faktiki müəyyən edilmiş halları ilə uyğun gəlir, o cümlədən iş üzrə toplanmış mötəbər sübutlarla müəyyən olunmuşdur ki, qeyd olunan inzibati xəta Şəxs tərəfindən törədilmişdir. Həmçinin DİN-in BDYPİ-in YPXA-in əməkdaşı tərəfindən təqdim edilmiş videogörüntüdə öz əksini tapır. Ona görə məhkəmə həmin izahatı Şəxs inzibati məsuliyyətdən boyun qaçırmağa cəhdi kimi qiymətləndirərək nəzərə alınmır, işin icraatına xitam verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslar iş üzrə müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə təqdim edilmiş bir ədəd SD disk iş materiallarında saxlanılmalı, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 100 (yüz) manat inzibati cərimə edilsin. İş üzrə təqdim edilmiş bir ədəd SD disk iş materiallarında saxlanılsın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər vəkil bürosunun vəkili X6 müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Bakı şəhəri, Xətai rayon İcra Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar