Məhkəmə qərarları › İş №3(012)-586/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-586/2024

01.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-586/2024 01.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi ilə, Qarayev Cavid Nazim oğlunun katibliyi ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis kapitanı X1, müdafiəçi Abşeron rayon vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Qəbələ şəhəri, X4 küçəsi ev 2 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsinin İTŞ-dən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə DİN 102 xidmətinə zəng edərkən Daxili İşlər Nazirliyinin ünvanına təhqiredici ifadələr işlətməklə xırda xuliqanlıq etmişdir. Buna görə də o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə məhkəməyə verilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi polis kapitanı X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə DİN 102 xidmətinə zəng edərkən Daxili İşlər Nazirliyinin rəhbər şəxslərinin ünvanına təhqiredici ifadələr işlətməklə xırda xuliqanlıq etmişdir ünvanlarına nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, əməlindən peşmandır, yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetirilir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsilə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır Şəxs törətdiyi əməldən peşman olması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən sonuncunun məsuliyyətini yüngülləşdirən hal hesab edilir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmasını, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs törətmiş olduğu inzibati xətaya görə 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan daha ciddi xətaya görə inzibati tənbeh tətbiq edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bununla yanaşı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 04 (dörd) saat olmaqla, cəmi 24 (iyirmi dörd) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 08 (səkkiz) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 01 aprel 2024-cü il, saat 10.00-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar