Məhkəmə qərarları › İş №3(012)-593/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-593/2025

28.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-593/2025 28.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, İnzibati protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Naxçıvan MR, Ordubad rayonu, Sabirkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Naxçıvan MR, Ordubad rayonu, Sabirkənd Ə/D, Sabirkənd kəndində qeydiyyatda olan və Abşeron Rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən protokol tərtib edilmiş və protokola əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Abşeron Rayon İcra Şöbəsinin icra məmuru X2 bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 16(012)-218/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(012)- 218/2023 saylı qərardadından maraqlarına toxunan şəxs Şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(012)- 218/2023 saylı qərardadı qismən ləğv edilmiş, ünvan 2 ünvanındakı V blok, 10-cu mərtəbədə yerləşən 320 saylı mənzilə giriş-çıxış cavabdeh “Fam-88" MMC-yə və üçüncü şəxslərə qadağan edilmişdir. Abşeron Rayon Məhkəməsinin 16(012)-218/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icra vərəqəsi dərhal icraya yönəldilmişdir. Şəxs hərəkətləri nəticəsində icra sənədini icra etmək mümkün olmamışdır. Onun barəsində inzibati protokol tərtib edilmişdir. Borclu icra vərəqəsinin icrasından qərəzli şəkildə boyun qaçırmış, onun qanuni tələblərinə məhəl qoymamışdır. Buna görə də, borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, tələbkar şəxs məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, mübahisəli mənzili 2022-ci ildə almış, həmin mənzili təmir etdirmiş,ailəsi ilə birlikdə oradan istifadə edir. Başqa yaşayış yeri olmadığından 2023-cü ildə köçüb həmin mənzildə yaşamışdır. MMC tərəfindən ona heç bir məlumat verilməmişdir. Həmin mənzildən başqa yaşayış yeri yoxdur, iki uşağı və ailəsi ilə birlikdə orada yaşayır. Buna görə də, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Vəkil bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibi yoxdur. iddiaçı Hüsnyə İsmayılova iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisə 320 saylı mənzilin “Fam-88" MMC-nin qanunsuz sahibliyindən alınaraq ona qaytarılmasını xhiş etmişdir. Bu iddianın təmin tədbiri kimi qeyd olunan icra vərəqəsi verilmişdir. Həmin vaxt mənzil Şəxs istifadəsində olmuşdur. Həmin qərardaddan şikayət verilmiş qərardad ləğv edilmişdir. İddia tələbinə baxılarkən iddia tələbinin həcmi artırılaraq Şəxs cavabdeh qismində cəlb edilmişdir. Abşeron Rayon Məhkəməsi tərəfindən ilk iddia təmin edilmiş, Şəxs iddiası təmin edilməmişdir. Həmin qətnamədən apelyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən hər iki iddia təmin edilməmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilmişdir. Ali Məhkəmənin qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına göndərilmişdir. Hazırda təminat tədbiri barədə qərardad qüvvədədir. Mübahisəli mənzildə Şəxs və onun ailəsi yaşayır. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: Abşeron Rayon Məhkəməsinin 16(012)-218/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(012)- 218/2023 saylı qərardadından maraqlarına toxunan şəxs Şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(012)- 218/2023 saylı qərardadı qismən ləğv edilmiş, ünvan 2 ünvanındakı V blok, 10-cu mərtəbədə yerləşən 320 saylı mənzilə giriş-çıxış cavabdeh “Fam-88" MMC-yə və üçüncü şəxslərə qadağan edilmişdir. İşin materiallarında olan Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, həmin qərar Abşeron Rayon Məhkəməsinin 16(012)-218/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-2541/2024 saylı qərarına əsasən kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-311/2024 saylı, 7 mart 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına göndərilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və onun müdafiəçisini, tələbkarı və protokolu tərtib etmiş şəxsi dinləyərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur.Belə ki, Abşeron Rayon Məhkəməsinin 16(012)-218/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(012)-218/2023 saylı qərardadından maraqlarına toxunan şəxs Şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(012)-218/2023 saylı qərardadı qismən ləğv edilmiş, ünvan 2 ünvanındakı V blok, 10-cu mərtəbədə yerləşən 320 saylı mənzilə giriş-çıxış cavabdeh “Fam-88" MMC-yə və üçüncü şəxslərə qadağan edilmişdir. Həmin Qərarda 3-cü şəxslər anlayışı qeyri-müəyyəndir. Borclunun izahatından və işdə olan sənədlərdən göründüyü kimi mübahisəli mənzildə Şəxs müvəqqəti təminat tədbiri barədə qərar qəbul ediləndən daha əvvəl istifadə edirdi və hazırda da istifadə etməkdə davam edir. Odur ki, Abşeron Rayon Məhkəməsinin 16(012)- 218/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən mübahisəli mənzilə Şəxs giriş-çıxışı qadagan edilmədiyindən, onun hərəkətlərində İXM-nin 528.1. maddəsinin tərkib hissəsi mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.” Hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, borclu Şəxs hazırkı əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.2.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar