Məhkəmə qərarları › İş №3(012)-6/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-6/2022

21.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-6/2022 21.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, X1nun iştirakı ilə Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərardan X3 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X3 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 məhkəmə iclasında şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə, saat 11:30-da Bakı şəhəri Azadlıq prospekti, 150 saylı ünvamda icazə sənədi olmadığından karantin qaydalarını pozduğuna görə Azərbaycan Respublikasının İXM-nin 211-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə edilmişdir. xx.xx.2020-ci il tarixdə qəbul edilmiş qərarın ona əsli və sürəti təqdim edilməmişdir. Belə ki, Abşeron Rayon İcra və Probasiya Şöbəsi tərəfindən ünvanına məktub göndərilərək ondan 100 manat pulun ödənilməsi tələb olunmuşdur. xx.xx.2020-ci il tarixdə protokol tərtib edilən və qərar qəbul edilən zaman poçt və telefon vasitə ilə ona heç bir məlumat verilməmişdir. Bir il müddət keçdikdən sonra ona 100 manat cərimə pulunun ödənilməsini tələb etmişdilər. Buna görə də, X3 məhkəməyə yazılı vəsatət təqdim edərək, barəsində Azərbaycan Respublikası İXM-in 211-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokoldakı imzaların ona məxsus olub-olmamasını müəyyən etmək üçün iş üzrə xətşünaslıq ekspertızasının təyin edilməsini və Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PBnin xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri, Nərimanov RPİ-nin 16-cı PB-nin nümayəndəsi təkrarən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Bakı şəhəri, Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşının iştirakı olmadan baxılması mümkündür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işə X2 vəsatəti əsasında barəsində Azərbaycan Respublikası İXM-in 211-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokoldakı imzaların ona məxsus olub-olmamasını müəyyən etmək üçün iş üzrə xətşünaslıq ekspertızası təyin olunmuş, ekspertin vəsatəti əsasında 18 aprel 2020-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokolun əsilləri tələb olunduğundan, zəruri sənədlərin əsilləri Bakı şəhəri, Nərimanov RPİ-nin 16-cı PB-si tərəfindən verilməkdən imtina edilmişdir. İş materiallarına əlavə olunmuş 29 noyabr 2021-ci il tarixli, 4/1522 №-li məlumata əsasən, “Məhkəmə Ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən həmin ekspertizanın təyin edilməsi barədə qərardad icrasız saxlanılaraq məhkəmə ekspertizasının aparılmasından imtina olunmuşdur. Azərbaycan Respublikası İXM-in 75-ci maddəsinə görə inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməli və sübut olunmalıdır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələblərinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Göstərilən inzibati xəta hadisəsi olmadığına görə məhkəmə belə nəticəyə gəlir ki, X3 barəsində inzibati cərimə tətbiq edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1-ci maddəsində göstərilir ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmədə müəyyən edilmişdir ki, inzibati protokol tərtib edildiyi zaman X2 protokolda qeyd edilən inzibati xətanı törədib-törətməməsi araşdırılmamışdır və inzibati xəta törətməsi barədə iş üzrə heç bir sübuta istinad olunmamışdır. Belə ki, inzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə “icazəsiz çölə çıxdığına” görə cərimə olunduğu göstərilmişdir. Lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin hansı bəndinə əsasən xəta törədildiyi göstərilməmişdir. X3 məhkəməyə yazılı vəsatət təqdim edərək, barəsində Azərbaycan Respublikası İXM-in 211ci maddəsi ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokoldakı imzalar ona məxsus olmadığını bildirmişdir. Bundan əlavə Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin 16-cı PB-nin sahə rəisi, X3 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola baxılmasının vaxtı və yeri barədə sonuncuya vaxtında məlumat verməmiş, onu ayrı-ayrı prosessual hərəkətlər barədə xəbərdar etməmiş, onu işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırmamış, öz müdafiəsini hazırlamağa və vaxtında gəlməsinə imkan yaratmaq üçün bildirişi ona müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verməmiş, sonuncunun iştirakı olmadan inzibati xəta haqqında protokola baxaraq, birbaşa xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarla inzibati tənbeh tədbiri tətbiq etmişdir. Beləliklə, məhkəmə, inzibati qanunvericiliyinin təqsirsizlik prezumpsiyası prinsipinə riayət edilməklə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan və iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tənbeh edilərək 100 manat məbləğində cərimə tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tənbeh edilərək 100 manat məbləğində cərimə tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərar ləğv edilsin. X3 barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar