Məhkəmə qərarları › İş №3(012)-601/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-601/2021

20.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-601/2021 20.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, X4 katibliyi, X2nun iştirakı ilə Binəqədi rayon DYPŞ Yol Patrul Xidməti inspektoru polis serjantı X7 tərəfindən qəbul edilmiş 05.03.2021-ci il tarixli, TP ******* saylı qərardan X5 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X10 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Binəqədi rayon DYPŞ Yol Patrul Xidməti inspektoru polis serjantı X7 tərəfindən qəbul edilmiş 05.03.2021-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 məhkəmə iclasında şikayətini onunla əsaslandırmışdır ki, 05.03.2021-ci il tarixdə "Volkswagen passat" minik markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman polis əməkdaşı yolda saxlayaraq sürücülük vəsiqəsi olmadan avtomobili idarə etdiyini irad tutmuşdur. Belə ki, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobili 27 oktyabr 2019-cu ildə satmışdır. 06 noyabr 2019-cu il tarixdə avtomobili alan şəxs 10 manat cərimə edilmişdir. Həmin şəxs borcu ödəmədiyi üçün X1 vəsiqəsi məhdudlaşdırılmışdır. Bu barədə məlumatı olmadığı üçün Binəqədi rayonu, Binəqədi kənd istiqamətində hərəkətdə olarkən Binəqədi rayon DYPŞ, Yol Patrul Xidməti inspektoru, polis serjantı X7 onu saxlayaraq sürücülük vəsiqəsi olmadan avtomobili idarə etdiyi üçün 200 manat məbləğində cərimə etmişdir. İnzibati xəta haqqında qərar qəbul edildikdən sonra barəsində məhdudlaşdırma tətbiq edilib-edilməməsini yoxlamaq üçün Abşeron Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli məktubu ilə 2018-2021-ci il tarixlərdə Abşeron Rayon Məhkəməsinin icraatına barəsində hər hansı bir inzibati xəta materialının daxil olmadığı və baxılmadığı məlum olmuşdur. Buna görə də Binəqədi rayon DYPŞ Yol Patrul Xidməti inspektoru polis serjantı X7 tərəfindən qəbul edilmiş 05.03.2021-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Binəqədi rayon DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Binəqədi rayon Polis İdarəsinin əməkdaşının iştirakı olmadan baxılması mümkündür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş TP ******* saylı qərardan görünür ki, 05.03.2021-ci il tarixdə saat 08:10-da Binəqədi rayonu, Binəqədi kəndi istiqamətində X9 markalı **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozmağa görə, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsi idarə edilmişdir. X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 332.3 maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi üçün onun barəsində 200 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. X5 iştirakı olmadan və ona bu barədə məlumat verilmədən qərar qəbul edilmişdir. Sadalanan qanun normalarının tələbinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildiyi vaxt dərhal barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə inzibati xəta haqqında protokol tərtib edilməli, şəxsə İXM-in 61-ci maddəsində nəzərdə tutulan hüquqları izah edilməli, tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxsə verilməlidir. Qanunverici yalnız barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokolun inzibati xətanın aşkar edildiyi vaxtdan iki günədək müddətdə tərtib edilə bilməsinə hüquqi imkan verir. Hazırkı işdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin əlavə aydınlaşdırılmasına hər hansı zərurət olmamışdır. Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Azərbaycan Respublikası İXM-nin 60.3-cü maddəsinə görə isə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Azərbaycan Respublikası İXM-in 75-ci maddəsinə görə inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta törətmiş şəxs inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməli və sübut olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.. Məhkəmədə müəyyən edilmişdir ki, X10 **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobili 27 oktyabr 2019-cu ildə satmışdır. 06 noyabr 2019-cu il tarixdə avtomobili alan şəxs 10 manat cərimə edilmişdir. Həmin şəxs 10 manat pulu ödəmədiyi üçün sürücülük vəsiqəsi məhdudlaşdırılmışdır. Sürücülük vəsiqəsinin məhdudlaşdırılması haqqında X5 məlumatı olmadığı üçün Binəqədi rayonu, Binəqədi kənd istiqamətində hərəkətdə olarkən sürücülük vəsiqəsi olmadan avtomobili idarə etdiyi üçün Binəqədi rayon DYPŞ tərəfindən cərimə edilmişdir. X5 protokolda qeyd edilən inzibati xətanı törədib-törətməməsi araşdırılmamışdır. Bundan əlavə Binəqədi rayon DYPŞ Yol Patrul Xidməti inspektoru polis serjantı X7 tərəfindən X10 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola baxılmasının vaxtı və yeri barədə sonuncuya vaxtında məlumat verməmiş, onu ayrı-ayrı prosessual hərəkətlər barədə xəbərdar etməmiş, onu işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırmamış, öz müdafiəsini hazırlamağa və vaxtında gəlməsinə imkan yaratmaq üçün bildirişi ona müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verməmiş, sonuncunun iştirakı olmadan inzibati xəta haqqında protokola baxaraq, 05.03.2021-ci il tarixdə 200 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq etmişdir. X5 inzibati xəta törətməsi barədə işdə heç bir sübuta istinad olunmamışdır. Məhkəmədə X5 inzibati xəta törətməkdə təqsirli olması sübut olunmamışdır. Məhkəmədə X5 göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübut olunmadığına görə məhkəmə belə nəticəyə gəlir ki, onun barəsində tərtib edilmiş protokol əsasında onun inzibati cərimə edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 332.3-cü maddələri ilə tənbeh edilərək 200 manat məbləğində cərimə tətbiq edilməsinə dair Binəqədi rayon DYPŞ Yol Patrul Xidməti inspektoru polis serjantı X7 tərəfindən qəbul edilmiş 05.03.2021-ci il tarixli, TP ******* saylı qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 332.3-cü maddələri ilə tənbeh edilərək 200 manat məbləğində cərimə tətbiq edilməsinə dair Binəqədi rayon DYPŞ Yol Patrul Xidməti inspektoru polis serjantı X7 tərəfindən qəbul edilmiş 05.03.2021-ci il tarixli, TP ******* saylı qərar ləğv edilsin. X10 barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar