Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-601/2025 11.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş şəxs: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Hüquq şöbəsinin böyük məsləhətçisi Hacıyev İntiqam Məcid oğlunun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: "xxxx" MMC-nin vəkili Atakişiyev Bəxtiyar Tahir oğlunun iştirakları ilə "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyə Nazirliyi X4 Publik hüquqi şəxs tibbi nəzarət şöbəsinin mütəxəssisi X9 tərəfindən tərtib edilmiş MN ******* nömrəli protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi X6 bildirdi ki, vətəndaş Sərxan Camalovun "xxxx" MMC-yə məxsus “X15” adlı klinikada qanunsuz kosmetoloji fəaliyyətlə bağlı müraciəti əsasında xx.xx.2025-ci il tarixdə plandankənar yoxlama aparılmış, yoxlama qarşısında qoyulmuş iki sualdan birinci sualla bağlı, təqdim edilən işçi siyahısına müvafiq olaraq nöqsanlar aşkar edilməmişdir. İkinci sualla bağlı lisenziyadan kənar (oftalmoloji və kosmetoloji, eləcə də qeyri ənənəvi təbabətə dair) fəaliyyətlə məşğul olunduğu müəyyən edilmişdir. Qeyd edilən hallar sübuta yetirilmişdir. Belə ki, yoxlama zamanı tibb müəssisəsinin ərazisinə daxil olan bir qapısı müəssisəyə, digər qapısı çölə açılan otaqda divarda Qarayeva (Qəhramanova) Süsən Əhməd qızına aid sertifikatlar, həmçinin tibbi avadanlıqlar aşkar edilmişdir ki bu da kosmetoloji fəaliyyətlə məşğul olunduğunun isbatıdır. Bundan başqa digər otaqda oftalmoloji fəaliyyətin həyata keçirildiyini təsdiq edən reseptlər və bəzi avadanlıqlar aşkar edilmişdir. Bu hallar lisenziyadan kənar fəaliyyətin həyata keçirilməsini təsdiq edir. Ona görə də, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Belə olan halda "xxxx" MMC həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə edilməlidir. Məhkəmə iclasında iştirak edən vəkili X2 "xxxx" MMC barəsində tərtib edilmiş protokolla bağlı protokolun əsasız olduğunu, qeyd edilən halların sübuta yetirilmədiyini bildirmişdir. Belə ki, yoxlama zamanı müəssisənin təxliyyə planına aid olan ərazidə kosmetoloji fəaliyyətlə məşğul olunduğu bildirilsə də, həmin otağa baxış keçirilərkən otağın fəaliyyət üçün tam hazır vəziyyətdə olmadığı, həmin xidmətin yerinə yetirilməsi üçün avadanlıqların tam olmadığı, orda olan avadanlıqların isə quraşdırılmadığıni, işlək vəziyyətə gətirilmədiyini bildirmiş, iş materiallarına əlavə edilmiş foto şəkillərin də bunu sübut etdiyini göstərmişdir. Həmin avadanlıqların orada olmasının səbəbi kimi, həmin hissənin icarəyə verildiyini lakin hələ fəaliyytə başlanılmadığını, icarə müqviləsi bağlanılmasa da, icarəyə götürən şəxs öz əşyalarını həmin yerə gətirib yığdığını qeyd etmişdir. Həmçinin onu da qeyd etmişdir ki, mərkəz uzun müddətdir ki, fəaliyyət göstərir, bu müddət ərzində qanunvericiliyin tələblərinin pozulması halları baş verməmiş, məsuliyyətə cəlb edilməmişdirlər. Qeyd edilən sahələr üzrə fəaliyyət üçün lisenziyanın alınması üçün heç bir çətinlik yoxdur. Bir fəaliyyətlə məşğul olmaq üçün çox asan şəkildə lisenziya alına bilinəcəyi halda nədən belə bir addım atılmalıdır? Digər məsələ ilə, yəni oftalmoloq fəaliyyəti ilə məşğul olunma faktının da, olmadığını bunun ginikoloq otağında aşkar edilmiş və kim tərəfindən yazılması müəyyənləşdirilməmiş iki-üç reseptə əsasən qeyd edilməsinin əsaslı olmadığını bildirmiş, onu da əlavə etmişdir ki, müəssisənin qeydiyyat kitabına baxılsa açıq aydın müəyyən edilər ki, xəstə siyahısında nə ofomoloq qəbulu, nə də kosmetoloq qəbulu ilə bağlı qeydlər aparılmamış, klinikada işləyən şəxslərdən həmin ixtisas üzrə fəaliyyət göstərən olmamışdır. Qeyd edilənlərə əsasən klinika barədə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Şahid kimi dindirilmiş X7 ifadəsində bildirmişdir ki, yoxlama keçirilən zaman klinikanın bütün otaqlarına baxış keçirilmiş, baxış keçirilən zaman kosmetoloji fəaliyyətlə məşğul olunduğu deyilən otaqda fəaliyyət həyata keçirilmədiyindən və həmin otağın qapısı bağlı olmuş, otağı icarəyə götürmək istəyən şəxslə əlaqə saxlanılmış, o açarları gətirdikdən sonra otağa yoxlama ilə birlikdə baxış keçirilmişdir. Səhiyyə Nazirliyinin əməkdaşları da görmüşdürlər ki, həmin vaxt otaq işləmək üçün hazır vəziyyətə gətirilməmişdir. Düzdür otaqda bəzi avadanlıqlar olmuşdur, lakin onlar tam olmamaqla işlək vəziyyətdə deyildir. Otağın bir küncündə yığılmış halda saxlanılmışdır. Həmçinin həmin otağa su təchizatı qoşulmamış, yəni həmin otaq heç bir fəaliyyət üçün yararlı olmamışdır. Digər məsələ ilə bağlı qeyd etmişdir ki, xəstələrin qeydiyyatı onun tərəfindən aparılır, tibb mərkəzində oftalmoloq həkim işləmir, həmçinin heç bir vaxt işləməmişdir. Aşkar edilmiş resept blankları ilə bağlı onu qeyd etmişdir ki, həmin otaqda işləyən mərhum həkim ginekoloqun tanışı, adını bilmədiyi bir nəfər mütəmaddi olaraq onun sağlığında və hətta yoxlamadan bir neçə gün əvvəl kilinikaya gəlib həmin otaqdan bəzi əşyaları götürüb getmişdir. Həmin otaqdan həmin vaxt istifadə edilmədiyi üçün buna heç bir etirazları olmamışdır. Bu gün də həmin otaq klinika tərəfindən istifadə edilmir. Şahid kimi dindirilmiş X5 ifadəsində bildirmişdir ki, klinikada kosmetoloji fəaliyyət indiyə qədər həyata keçirilməmiş, kosmetoloq otağı kimi nəzərdə tutulan otaq isə bildiyinə görə icarə üçün nəzərdə tutulmuşdur. Hətta həmin otaqdan hal hazıradək istifadə edilmir, icarəyə götürmək niyyəti olan şəxs tərəfindən bəzi əşyalar otağa gətirilsə də iş üçün şərait tam olmadığı, yəni otağa su çəkilmədiyi və s bu kimi məsələlər həll edilmədiyi üçün fəaliyyətə başlanılmamışdır. Həmçinin onuda qeyd etmişdir ki, o klinikada laboratoriya həkimi işləyir, tibbi personalın hamısını tanıyır, mərkəz kiçikdir işçi sayı azdır. Mərkəzdə Oftamoloq həkim yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 18 fevral 2025-ci il tarixli. KY ********* saylı Çıxarış”a əsasən "xxxx" MMC-də plandankənar (növbədənkənar) yoxlamanın aparılmasına icazə verilir, yoxlama müddəti xx.xx.2025-xx.xx.2025-ci il;
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən "xxxx" MMC-yə verilmiş xx.xx.2016-cı il tarixli, İNİL-1415/2016/1 saylı lisenziyanın əlavəsinə əsasən "xxxx" MMC-yə məxsus ünvan 1 ünvanında özəl tibb fəaliyyətinin ambulator tibbi xidmət üzrə götürülməsinə icazə verilən işlərin siyahısına terapiyat, terapevtik, kardiologiya, kardioloji, stomatologiya, terapevtik, stomatologiya və s. nəzərdə tutulsalar da, oftalmoloji və kosmetoloji iş nəzərdə tutulmamışdır;
3. Azərbaycan Respublikası Səhiyyə X1 tərəfindən ünvanlanmış şikayət ərizəsindən görünür ki, həkim-cərrah Fuad Nəzərov onun oğlunun həm sağlamlığına ciddi xəsarət yetirmiş, həm də ona 6.000 manat maddi ziyan vurmuşdur. Buna görə də həkim barəsində qanuni ölçü götürülməsini xahiş edir;
4. İnzibati xəta haqqında 21 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda qeyd olunur ki, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus klinikada xx.xx.2025-ci il tarixdə, saat 13:35-də plandankənar yoxlama zamanı lisenziyadan kənar “oftalmoloji və kosmetoloji” iş və fəaliyyətinin olmaması faktı aşkar edilmişdir.
Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında protokolu, ona əlavə olunmuş sənədləri araşdırıb, hesаb edir ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyə Nazirliyi X4 Publik hüquqi şəxs tibbi nəzarət şöbəsinin mütəxəssisi X9 tərəfindən tərtib edilmiş 21 fevral 2025-ci il tarixli, MN ******* saylı protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Aparılmış məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi sübuta yetirilməmişdir. Belə ki, yoxlama keçirilən zaman kosmetoloq fəaliyyətinin həyata keçirilməsi müəyyən edilməmiş, bu yalnız inzibati əraziyə daxil olan lakin işlək vəziyyətə gətirilməmiş otağın bir hissəsinə yığılmış (fotoşəkillərdən də görünür) bəzi avadanlıqların və sertifikatların olmasına, oftalmoloq fəaliyyətinin həyata keçirilməsi ginekoloji kabinetdə divardan asılmış cədvəl və iki-üç əəd reseptə əsasən ehtimal edilmişdir. Bu hallar inzibati xəta hadisəsinin olmasına şübhə yaratsa da, inzibati xəta hadisəsinin olmasını sübut etməyə kifayət etmir. Əksinə olaraq şahid ifadələri, qeydiyyat kitabından çıxarış, yoxlama tərəfindən çəkilmiş foto şəkillər həmçinin yoxlamanın aparılacağı vaxt barədə əvvəlcədən məlumatın olmamasına baxmayaraq həmin vaxt qeyd olunan sahələr üzrə fəaliyyətin aparılmamasının aşkar edilməsi müəyyən edilmişdir. Beləliklə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
"xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən: Abusət Qasımov