Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-604/2025 04.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Protokol tərtib edən orqanın Azərbaycan Respublikası Dövlət Reklam nümayəndəsi: Agentliyinin Sumqayıt Regional Reklam İdarəsinin nümayəndəsi X4 iştirakı ilə X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş 26 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib edən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsinin nümayəndəsi Babək Həsənov inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Sumqayıt Regional Reklam İdarəsinin əməkdaşları C.Ağazadə və S. Mirzəyev tərəfindən Abşeron rayonu, Bakı-Şamaxı yolu ünvanında yerləşən sahibkarlıq obyektinə verilmiş icazələr üzrə 243,64 manat borcunun olduğu müəyyən olunmuş və bu barədə qanunvericiliyin tələbinə uyğun olaraq “Vüsal saray” adlı sahibkarlıq obyektinin vergi ödəyicisi kimi uçotda olan X3 barəsində xx.xx.2025-ci il tarixdə akt tərtib olunaraq, xx.xx.2025-ci il tarixdə yazılı göstərişlə göndərilmiş və ona göstərişi aldığı vaxtdan 5 (beş) gün ərzində açıq məkanda reklam yerləşdirilməsi və yayımına icazə alınması üçün Sumqayıt Regional Reklam İdərəsinə müraciət etməyi və ya icazəsiz reklam yayımının dayandırmağı tələb olunmuş, lakin, sahibkar buna heç bir əhəmiyyət verməmişdir. Daha sonra 14 fevral 2025-ci il tarixli bildirişlə sahibkara barəsində İXM-nin 428.7-ci maddəsinin uyğun bəndi ilə protokol tərtib olunması barədə rəsmi xəbərdarlıq edilmiş və 26 fevral 2025-ci il tarixdə Abşeron rayonu, Bakı-Şamaxı yolu ünvanında yerləşən “Vüsal saray” adlı sahibkarlıq obyektinin vergi ödəyicisi kimi uçotda olan X3 (VÖEN **********) barəsində Azərbaycan Respublikası İXMnin 428.7.3-cü maddəsi ilə protokol tərtib olunmuşdur. Protokolun surəti xx.xx.2024-cü il tarixli, 11-3-2/2-521/2025 nömrəli məktubla ünvana göndərilmişdir. Qeyd edilənlərə əsasən X3 barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işə barəsində inzibati icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
1. “Açıq məkanda qanunvericiliyin tələbləri pozulmaqla yayımlanan reklamın təsvir olunması” barədə 15 yanvar 2025-ci il tarixli, 000016 saylı “Akt”dan görünür ki, Sumqayıt Regional Reklam İdarəsinin əməkdaşları C.Ağazadə və S. Mirzəyev tərəfindən Abşeron rayonu, Bakı-Şamaxı yolu ünvanında yerləşən və X1 fəalliyyət göstərdiyi “Vüsal saray” adlı sahibkarlıq obyektinə xx.xx.2024-xx.xx.2025-ci il üçün verilmiş M **********000 nömrəli icazə sənədi üzrə 243,69 manat olan yayın haqqı borcunu ödəmədiyi müəyyən olunmuş və bu barədə qanunvericiliyin tələbinə uyğun olaraq “Vüsal saray” adlı sahibkarlıq obyektinin vergi ödəyicisi kimi uçotda olan X3 barəsində 15 yanvar 2025-ci il tarixdə akt tərtib olunmuşdur;
2. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsi tərəfindən “açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldlrılması barədə” 23 yanvar 2025-ci il tarixli yazılı göstərişdən görünür ki, Abşeron rayonu, Bakı- Şamaxı yolu ünvanında yerləşən “Vüsal saray” obyektinin sahibkarı X3 qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icazə sənədlərinin alınması və icazə müqaviləsinin bağlanması üçün idarəyə müraciət etməsi tələb olunmuş, əks təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndəriləcəyi bildirilmişdir
3. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsi tərəfindən 14 fevral 2025-ci il tarixli “Bildiriş”dən görünür ki, protokol tərtib edilmı yeri və vaxtı barəsində xəbərdar edilməklə 26 fevral 2025-ci il tarixdə, saat 14:50-da fəaliyyət göstərdiyi Abşeron rayonu, Bakı-Şamaxı yolu ünvanında yerləşən “Vüsal saray” adlı sahibkarlıq obyektində açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin uyğun bəndi ilə protokol tərtib olunacağı barədə rəsmi məlumat verilmişdir.
Azərbaycan Respublikası “Reklam haqqında” Qanunun: 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. 26.8-ci maddəsinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar) reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 17-ci maddəsində göstərilir ki, vəzifəli şəxslər öz qulluq vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. 31.2-ci maddəsinə görə isə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 428.7.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli 1743 saylı Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”-nın 3.2-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazə əsasında və bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yayımlanan reklamın bu Qaydanın 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq qurum yoxlama zamanı pozuntu halları aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim edir. Həmin Qaydanın 3.5-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin icazə müqaviləsi bağlanılmadan və ya müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə: 3.5.1. reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); 3.5.2. bu Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür. Məhkəmə iclasında X1 məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin açıq məkanda icazəsiz, müqavilə bağlanılmadan reklam yayımı hallarını müəyyən etdikdə icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim etmək hüququ qanunvericilikdə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsi bu səlahiyyətə istinad edərək X2 icazə müqaviləsinin bağlanılması barədə yazılı göstəriş vermiş, sonuncu isə müqavilə bağlamadan icazəsiz reklam yayımını davam etdirmişdir. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, məhkəmə barəsində inzibati icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X1 İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ:
X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər.
Hakim: Abusət Qasımov