Məhkəmə qərarları › İş №3(012)-611/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-611/2022

27.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-611/2022 27.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan -***-***-**- ** Şəxs barəsində Abşeron RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 17.03.2022-ci il tarixli, İXP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 17.03.2022-ci il tarixdə saat 23:25 radələrində “Nissan Tiida” minik markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobili işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozaraq sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs etdiyi əməl üzrə təqsirli bilərək izahatında göstərdi ki, o, 17.03.2022-ci il tarixdə saat 23:25 radələrində “Nissan Tiida” minik markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmış, daha sonra ondan spirtli içki qoxusu gəldiyi üçün polis əməkdaşları tərəfindən həkim müayinəsinə aparılmış və müayinə nəticəsində onun spirtli içki qəbul etdiyi aşkarlanmışdır. Sonda o, məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş üzrə inzibati xəta haqqında protokol tərtib edən şəxs Abşeron DYP YPX-nə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, xidmətin nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddələrinə əsasən işə protokol tərtib etmiş qurumun nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 17.03.2022-ci il tarixli, 2/9484 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs alkoqol sərxoşluğu vəziyyəti vardır. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs 17.03.2022-ci il tarixdə saat 23:25 radələrində “Nissan Tiida” minik markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobili işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozaraq sərxoş vəziyyətdə idarə etmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə- otuz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmanşılığı onun məsuliyyətini yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü və 329.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırması növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar