Məhkəmə qərarları › İş №3(012)-613/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-613/2024

16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-613/2024 16.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Qarayev Cavid Nazim oğlunun katibliyi ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Qubadlı rayonu, Yusifbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Qubadlı rayonu, Yusifbəyli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 29 fevral 2024-cü il tarixdə, saat 22:55 radələrində idarə etdiyi “Opel Vectra” minik markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman manevr etmə qaydasını pozduğu üçün saxlanılmışdır. Yoxlama zamanı məlum olmuşdur ki, sürücü sərxoş vəziyyətdə olmuşdur. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 333.1-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında Abşeron DYP YPX inspektoru, polis serjantı X1 tərəfindən 29 fevral 2024-cü il tarixdə İXP ******* saylı protokol tərtib edilmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar edilmişdir. İş üzrə məhkəmə iclası 16 aprel 2024-cü il tarixə, saat 12:40-a təyin edilmiş, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Abşeron rayon Polis İdarəsinə məhkəmə iclasına dəvət edilmişdir. Lakin, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılma nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılma növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmişdir və həmin inzibati xətalar içərisində İXM-nin 329.3 və 332.1-ci maddələri nəzərdə tutulmamışdır. Ona görə məhkəmə hesab edir ki, Şəxs barəsində sözügedən maddə ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar inzibati xəta haqqında protokolu tərtib etmiş orqana göndərilməlidir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakteri, Şəxs şəxsiyyəti, əmlak vəziyyəti və onun təqsirinin dərəcəsi nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 06 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılsın. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1-ci maddələri ilə təqsirləndirilməsinə dair materiallar baxılması üçün Abşeron rayon Polis İdarəsi Dövlət Yol Patrul şöbəsinə göndərilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar