Məhkəmə qərarları › İş №3(012)-62/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-62/2020

15.01.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-62/2020 15.01.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, vəkil X1 iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Zəngilan rayonu, Akara Day kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Zəngilan rayonu, Həkəri kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr,ev 41 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola, icra işi ilə birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx xxx 2019-cu il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-5862/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xx xxx 2016-cı il təvəllüdlü X4 və xx xxxx 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxx 2018-ci il tarixdən başlayaraq Şəxs hər uşağa hər ay 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment tutulub X2 ödənilməlidir. Məhkəmə iclasında Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 bildirdi ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-5862/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi borcluya bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmışdır. Borclu İmanov X9 İcra və Probasiya Şöbəsinə gəlməkdən və borcunu ödəməkdən yayınmış, bununla qətnamənin icrasından yayınmasının üzrsüz səbəbdən olduğu müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki,Yasamal Rayon Məhkəməsinin 2(004)-5862/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xx xxx 2016-cı il təvəllüdlü X4 və xx xxxx 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxx 2018-ci il tarixdən başlayaraq Şəxs hər uşağa hər ay 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment tutulub X2 ödənilməsi qət edilmişdir. O, qətnamə üzrə borcunu ödəməkdən imtina etmir. Ödənişlərin gecikdirilməsinin səbəbi, xarici ölkədə işlə bağlı getməsidir. Orada olanda barəsində axtarış verildiyindən xəbərdar olmuş və bu səbəbdən də ölkəyə qayıtmışdır. Atası müharibə veteranıdır, ayağında fiziki qüsuru var, anası onkoloji xəstədir. Ona görə vaxtında alimenti ödəyə bilmir. Hazırda isə 1000 manat ödəniş etməyə hazırdı. Yerdə qalan borcunu da tez bir vaxtda ödəyəcəyinə söz verir. Sonda o, 1000 manat pulu borcluya çatdırılması üçün icra məmuruna təqdim etdi və inzibati məsuliyyətdən azad edilməsi haqda qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X6 borclunun inzibati məsuliyyətdən azad edilməsi haqda qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2018-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsində müvafiq icra sənədinə dair işlər üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, borclu Şəxs mülkiyyətində hər hansı əmlakın olub olmaması, pensiya alıb-almaması barədə sorğular verilmişdir. İş materiallarında olan borclunun axtarılması barədə xx.xx.2019-cu il tarixli qərardan görünür ki, borclu Şəxs faktiki yaşayış yerinin olması məlum olmadığı üçün axtarış elan edilmişdir. İş materiallarında olan borclunun yaşayış yerinin dəyişməsinin və yaxud tələbin yönəldə biləcəyi əmlakıın müəyyən edilməsi haqqına xx.xx.2019-cu il tarixli aktdan görünür ki, qeyd olunan ünvanda olmuş, qapı bağlı olmuş, özünü atası kimi təqdim edən şəxs borclu Şəxs burada yaşamadığını, harada olması barədə məlumatının olmadığını bildirmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Abşeron rayon Məhkəməsinin 8(012)- 458/2019-cu il tarizli qərardadından görünür ki, borclunun ölkədən getmək hüququ həmin icra sənədi tam icra olunana qədər müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan sərhədkeçmə barədə məlumatdan görünür ki, borclu Şəxs xx.xx.2019-cu il tarixdə ölkədən çıxmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli xx.xx.2019-cu il tarixli qəbzlərdən görünür ki, borclu 800 manat məbləğində aliment borcundan ödəniş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından və icra məmuru vaxtında icra hərəkətlərini yerinə yetirmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, inztibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər İmanov X7 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün əsas vermir. Şəxs izahatından icra sənədini üzrsüz səbəbdən icra etməməsi görünmür. İş materiallarında olan qəbzlərdən görünür ki, Şəxs mütəmadi olaraq aliment borcunu ödəyir və ödəməkdən də imtina etmir. Məhkəmə zamanı müəyyən edildi ki, Şəxs əməlində qətnaməni qəsdən icra etməməsi iş materialları ilə təsdiq olunmadığından iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda məhkəmə qeyd etmək istəyir ki, protokolun məzmunu ümumiyyətlə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsini özündə ehtiva etmir, yalnız icra vərəqində olan, yəni qətnamənin qət etdi hissəsi olduğu kimi protokola köçürülmüş, lakin borclunun icra məmurunun hansı tələblərini qəsdən icra etməməsi, həmin tələblərinin nə olması və başqa hallar qeyd olunmamışdır. Həm də borclu məhkəmədə borcundan 1000 (bir min) manat ödəniş etmişdir. Belə olan halda, Şəxs icra məmurunun qanuni tələbini qəsdən yerinə yetirməməsi sübuta yetmir, buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilməlidir. Belə ki, borclu Şəxs əsassız yerə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsi ədalət mühakiməsinin həyata keçirən məhkəmənin prinsiplərinə ziddir olmaqla yolverilməzdir ki, bu da gələcəkdə borclu barəsində cinayət təqibinin başlanması üçün əsas ola bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin53-cü, 105-115 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar