Məhkəmə qərarları › İş №3(012)-623/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-623/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-623/2025 01.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Həsənov Vaqif İskəndər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Ağazadə Yunis Şükür oğlunun katibliyi Qərardan şikayət verən şəxs: X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 14 fevral 2025-ci il tarixli, EQ 26090965 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 14 fevral 2025-ci il tarixli, EQ 26090965 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş Nicat Əliyev ərizəni müdafiə edib, qeyd etdiklərinə uyğun izahat verərək bildirmişdir ki, Baş X4i İdarəsinin barəsində EQ26090965 saylı, xx.xx.2025-cü il tarixli qərar çıxarılmışdır. Qərarın çıxarılması əsas kimi surət həddinin aşılması göstərilib. Elektron kabinetimə əlavə edilmiş fotoşəkil onun avtomobilinə aid deyil, başqa avtomobilinkidir. Surət həddi aşılarkən çəkilmiş həmin fotoşəkildə dövlət qeydiyyat nişanı ümumiyyətlə görünmür, sonradan çəkilmiş və surət həddi ilə əlaqəsi olmayan digər fotoşəkildə isə onun avtomobilinin dövlət qeydiyyat nişanıdır. DYPİ-nin yüzlərlə bu formada icraatı olubdur ki, sürət həddi aşılarkən çəkilən fotolarda avtomobil özü və dövlət qeydiyyat nişanları görünür, hazırkı halda bu nişanlar görünmür. Belə anlaşılır ki, dövlət qeydiyyat nişanı YPX avtomobili vasitəsi ilə çəkilib, xüsusi texniki vasitə ilə çəkilməyib. YPX avtomobilində olan cihazın belə bir funksiyası yoxdur ki, hərəkətdə olan avtomobili çəksin (varsa bu haqda məhkəməyə təqdim edilsin. Avtomobilin ona aidiyyatı olmadığı halda cərimələnməyi qanunsuzdur. Digər tərəfdən isə fotoşəkillərdə onun sürət həddini aşaraq yol hərəkəti qaydalarını pozmağı görünmür. Buna baxmayaraq xüsusi texniki vasitənin göstəricisi, sonuncu dəfə hansı tarixdə metroloji sınaqdan keçməsi, markası və modeli, tipi qərarda qeyd edilməyib. Ona görə qeyd edilməyib ki, inzibati icraat xüsusi texniki vasitə ilə aparılmayıb. Odur ki, barəsində qanunsuz yazılmış 40 manat məbləğində cərimənin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunveriliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmiş və eləcə də qeyd olunan inzibati işlə əlaqədar protokol tərtib edən orqan tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin 14 fevral 2025-ci il tarixli, EQ 26090965 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 həmin tarixdə Bakı-Quba-Rusiya yolunun 13-cü km-də idarə “VOLKSWAGEN İD 6 CROZZ PRO MİNİK” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolda müəyyən olunmuş hərəkət sürətini 41-60 km/saat həddində aşdığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirləndirilərək 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir;

2. Elektron qərarın əlavəsi olan fotoşəkillərdən də görünür ki, “VOLKSWAGEN İD 6 CROZZ PRO MİNİK” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ərazidəki sürət limiti 50 km/saat sürətlə avtomobili idarə etmişdir.

Məhkəmə inzibati xəta haqqında qərarı və ona əlavə olunmuş sənədləri araşdıraraq, qərardan şikayət vermiş şəxsin izahatını dinləyərək hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 328.3-cü maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə iki yüz manat məbləğində cərimə edilir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərara məhkəmə iclasında baxış keçirərkən müəyyən etmişdir ki, inzibati tənbehvermə haqqında qərar prosessual qanunvericiliyin bütün tələblərinə riayət edilməklə tərtib edilmiş, özündə inzibati xəta hadisəsinin baş verdiyi yeri, vaxtı və digər məlumatları tam şəkildə əks etdirir Məhkəmə şikayət verən şəxs X2 istinad edilən inzibati xətaya inzibati-xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət etmiş və onun əməli düzgün olaraq İXM-in 328.3-cü maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər, belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozumadığından, həmçinin mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilmədiyindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 14 fevral 2025-ci il tarixli, EQ 26090965 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edilməməlidir Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 14 fevral 2025-ci il tarixli, EQ 26090965 saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar