Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-626/2021 07.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuriyeva Nüşabə Ələddin qızının katibliyi,Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 347-ci maddəsi ilə 21.01.2021-ci il tarixdə AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, həmin hüquqi şəxsin mülkiyyətində olan MG350 minik markalı, 10PJ272 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə inzibati xəta törədilməsi zaman həmin avtomobili idarə etmiş fiziki şəxs haqqında məlumatın tələb edilməsinə dair səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə cavab verməmişdir. Barəsində protokol tərtib elilmiş Şəxs MMC-nin nümayəndəsi X2 məhkəmədə bildirdi ki, cəmiyyətin mülkiyyətində olan ** PJ *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin sürücüsü tərəfindən inzibati xətanın törədilməsi və Abşeron RPİ DYPŞ-nin sürücüsü barəsində məlumatların verilməsi tələbi poçt vasitəsi ilə Cəmiyyətə 23 yanvar 2021-ci ildə daxil olmuşdur. Tərəflərindən məlumat qanunvericiliyin tələblərinə uyğun olaraq 25 yanvar 2021-ci ildə sürətli poçt vasitəsi ilə Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. Həmçinin, 26 yanvar 2021-ci ildə Elektron ünvan (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.5-ci maddəsində nəzərdə tutulmuş məlumatların verilməsi və həmin məlumatlar dəyişdikdə onların yenilənməsi üzrə inzibati reqlamentin 2.5 bəndinə əsasən) elektron poçtuna göndərilmişdir. Cəmiyyətin sürücüsü tərəfindən inzibati xəta hadisəsi (İXM 346.1 dayanma və durma qaydalarının pozulması) 2020-ci il dekabrın 16-da baş vermişdir. Sözü gedən protokol isə 21 yanvar 2021-ci ildə tərtib edilmişdir. İXM 347-ci maddəsinin tələbində 5 gün ərzində məlumatlandırma nəzərdə tutulduğunu hesab etsək, “inzibati xəta halı” Abşeron RPİ DYPŞ tərəfindən 21 dekabr 2020-ci ildə aşkar olunmalı və İXM-in 101-ci maddəsinin tələbinə görə dərhal protokol tərtib olunmalı idi. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilməli idi. Göründüyü kimi, qeyrimüəyyən səbəbdən protokol 1 ay sonra tərtib edilmişdir. Abşeron RPİ DYPŞ-in əməkdaşları İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. İş materiallarından da göründüyü kimi, müvafiq protokol 21 yanvar 2021-ci ildə tərtib edilmiş, 28 yanvar 2021-ci ildə məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə göndərilməlidir. İş materiallarından da aydın şəkildə göründüyü kimi protokolu tərtib edib aidiyyatı üzrə Abşeron rayon məhkəməsinə göndərən Abşeron RPİ DYPŞ-in əməkdaşları prosessual qaydaya əməl etməmişdir və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.1ci maddəsinin tələbini pozmuşdur. Belə ki, müvafiq Protokol 48 saat ərzində deyil, 7 gündən sonra baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd edim ki, bu artıq 2-ci pozuntudur. Sanksiyasında 20 AZN cərimə nəzərdə tutulmuş inzibati xəta hadisəsinə görə sürücünü Abşeron RPİ DYPŞ-dən gizlətmək heç də ağlabatan addım deyil. Protokolun niyə vəzifəli şəxs barəsində deyil, məhz hüquqi şəxs barəsində tətbiq edilməsi də ayrıca mübahisə predmetidir. Məlumatlandırmaq vəzifəsi vəzifəli şəxsin borcu olduğu halda inzibati xəta hadisə varsa və İXM 347-ci maddəsinin tələbi pozulsa da, bu halda Cəmiyyət niyə məsuliyyət daşımalıdır, buna görə də düşünürük ki, bu cür yanaşma qərəzli və qanuna ziddir. Cəmiyyət Respublikanın kənd təsərrüfatı sahəsinə kifayət qədər töhfələr vermiş və kənd təsərrüfatının inkişafı üçün hər zaman ön sıralarda olan müəssisədir. Ölkənin pandemiya ilə mübarizə apardığı bu çətin günlərdə MMC-də öz payına düşən zərəri artıqlaması ilə çəkir. Əmək haqqı fondumuzun çətinliklə formalaşdığı bu dövrdə haqsız yerə cərimə edilmək MMC-nin məhkəmə hakimiyyətinə olan etimadını tamamilə sarsıdar. Sonda o, yuxarıda göstərilənlərə əsaslanaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materialları ilə tanış olub, Şəxs MMC-nin nümayəndəsini dinləyib hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, məhkəmə zamanı müəyyən edildi ki, Şəxs MMC-nin mülkiyyətində olan ** PJ *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin sürücüsü tərəfindən 16.12.2020-ci il tarixdə saat 11:24 radələrində inzibati xətanın törədilməsi və Abşeron RPİ DYPŞ-nin sürücüsü barəsində məlumatların verilməsi tələbi poçt vasitəsi ilə Cəmiyyətə 23 yanvar 2021-ci ildə daxil olmuş, Şəxs MMC tərəfindən məlumat qanunvericiliyin tələblərinə uyğun olaraq 25 yanvar 2021-ci il tarixdə sürətli poçt vasitəsi ilə Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. Həmçinin, 26 yanvar 2021-ci ildə Elektron ünvan (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.5-ci maddəsində nəzərdə tutulmuş məlumatların verilməsi və həmin məlumatlar dəyişdikdə onların yenilənməsi üzrə inzibati reqlamentin 2.5 bəndinə əsasən) elektron poçtuna göndərilmişdir. Halbuki hüquqi şəxsin İXM-in 347-ci maddəsi ilə təqsirli bilinməsinə və barəsində 21 yanvar 2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilməsinə səbəb kimi nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusunun daxil olduğu vaxtdan 5 gün müddətinə məlumat verməməsi ilə əlaqələndirilmişdir. Həmçinin məhkəmə zamanı müəyyən edildi ki, Şəxs MMC-nin mülkiyyətində olan ** PJ *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin sürücüsü tərəfindən 16.12.2020-ci il tarixdə saat 11:24 radələrində inzibati xəta törədilsədə, AP ******* saylı inzibati xəta haqqında protokol 21 yanvar 2021-ci ildə tərtib edilmiş, 28 yanvar 2021-ci il tarixdə isə baxılması üçün məhkəməyə göndərilmişdir. İXM-in 101-ci maddəsinin tələbinə görə inzibati xəta törədilərkən dərhal protokol tərtib olunmalı idi. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilməli idi. Göründüyü kimi, qeyri-müəyyən səbəbdən protokol bir ay sonra tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə göndərilməlidir. İş materiallarından da aydın şəkildə göründüyü kimi protokolu tərtib edib aidiyyatı üzrə Abşeron rayon məhkəməsinə göndərən Abşeron RPİ DYPŞ-in əməkdaşları prosessual qaydaya əməl etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinin tələbini pozmuşlar. Belə ki, müvafiq Protokol 48 saat ərzində deyil, 7 gündən sonra baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. Bununla da barəsində protokol tərtib edilmiş hüquqi şəxsin inzibati xətanın törədilməsinin sübut etməli olması və ya şəxsin təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, hüquqi şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş hüquqi şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş hüquqi şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biridə İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik), o cümlədən onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs MMC barəsində inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-626/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-626/2021
07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver