Məhkəmə qərarları › İş №3(012)-639/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-639/2023

02.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-639/2023 02.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi ilə, şikayətçi X2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsinin nümayəndəsi X4 iştirakı ilə, X2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsi tərəfindən qəbul edilmiş 30 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı Ərazi şöbəsi tərəfindən qəbul edilmiş 30 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərarına əsasən X2 Abşeron rayonu, Masazır qəsəbəsində mühafizəsində olan 0,015 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin məqsədli təyinatını dəyişmədən başqa məqsədlər üçün istifadə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Qərardan narazı qalan X5 şikayət verərək qərarın ləğv edilməsini, onun əməlində İXM-nin 247.2-ci maddəsinin tərkibi olmadığından başlanmış icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi şöbəsindən yaşadıqları ünvana bildiriş göndərilmişdir. Bildirişdə ərazi şöbəsi Masazır kəndində monitorinq keçirdiklərini və mülkiyyətində olan 1,5 sot torpaq sahəsində ev tikdiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli, MN1732392 nömrəli protokol tərtib olunduğunu və həmin protokol əsasında xx.xx.2023-cü il tarixdə işə baxılcağını bildirirdilər. Abşeron Ərazi şöbəsi xx.xx.2023-cü il tarixdə barəsində İnzibati tənbehvermə haqqında MN ******* nömrəli qərar qəbul etmişdir. Həmin qərarla 500 manat məbləğində cərimə edilmişdir. xx.xx.2023-cü ildə həmin şöbədə olub yazılı etirazlarını da bildirmişdirlər. Çünki, torpaqların dörd bir tərəfi yaşayış evidir. Küçəyə ad verilib, işıq, su ,qaz və kanalizasiya xətti çəkilib. Həmin torpaq sahəsində tikinti işi 2020-ci ilin avqust ayında başlayıb 2021-ci ilin iyul ayında yekunlaşıb. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə “ətraf mühitin qorunması” qaydalarının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; Hesab edir ki, İnzibati xəta 2020-ci ilin avqust ayından 2021-ci ilin iyul ayınadək olan dövrdə baş verdiyinə görə inzibati iş başlana bilməzdi, başlanmış işə xitam verilməlidir. Əmlak şöbəsinə həmin ərazinin bütünlüklə tikildiyini, lakin onların torpaq sahəsinin yerləşdiyi ərazidə yalnız onların barələrində inzibati icraat aparılarkən İXM-nin 7-ci maddəsinin tələbləri pozulmuşdur. Abşeron ərazi idarəsi ərazidə monitorinq aparıb. Həmin monitorinqi hər il 01 aprel tarixədək aparır və torpaqların vəziyyəti barədə aidiyyatı orqana arayış və ya hesabat verir. Beləliklə həmin orqanın tikinti barədə indi xəbər tutub, protokol tərtib etməsi inandırıcı deyil. İnzibati orqan şahid ifadəsi almaqla tikintinin nə vaxt başa çatdığını öyrənə bilər. Məhkəmədə iştirak edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsinin nümayəndəsi X7 qərarla eyni məzmunlu izahat verdi və şikayətin təmin edilməməsini xahiş etdi. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 30 mart 2023-cü il tarixli qərarından görünür ki, X1 rayonu Masazır kəndində mülkiyyətində olan 0,015 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin məqsədli təyinatını dəyişmədən başqa məqsədlər üçün istifadə etmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsinin nümayəndəsi tərəfindən təqdim olunmuş fotoşəkillərdən və aktdan da torpaq sahəsində qazıntı işlərinin aparılması, torpaq sahəsi üzərində daşdan tikilmiş tikilinin olması görünür. İnzibati xəta haqqında 16 mart 2023-cü il tarixli MN ******* saylı protokoldan və 30 mart 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Abşeron rayonu, Masazır kəndində mülkiyyətində olan 0,015 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin məqsədli təyinatını dəyişmədən başqa məqsədlər üçün istifadə etmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, habelə proses iştirakçısının izahatını dinləyərək belə nəticəyə gəlir ki, X2 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 15 mart 2023-cü tarixli aktdan görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində monitorinq keçirilən zaman X2 mülkiyyətində olan 0,015 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin məqsədli təyinatını dəyişmədən başqa məqsədlər üçün istifadə etməsi faktı aşkarlanmışdır. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən: • məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: -kənd təsərrüfatı təyinatlı torpaqlar; -yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; -sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; -xüsusi qorunan ərazilərin torpaqları; -meşə fondu torpaqları; -su fondu torpaqları; -ehtiyat fondu torpaqları (9-cu maddənin 2-ci hissəsi); • torpaqların məqsədli təyinatı - torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir (10-cu maddənin 3-cü hissəsi); • torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır (12-ci maddənin 1-ci hissəsi); • kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar (13-cü maddənin 2-ci hissəsi). Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə görə qurğu - müəyyən funksional təyinata malik olan və bina sayılmayan sair tikinti obyekti (yollar, körpülər, piyada keçidləri, tunellər, hidrotexniki qurğular, bəndlər, istinad konstruksiyaları, mühəndiskommunikasiya təminatı sistemləri və sairə), müvəqqəti tikili isə - torpaq üzərində yerləşdirilən, qısa müddətdə, o cümlədən tikinti müddətində istifadə üçün nəzərdə tutulan, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıbsökülən tikili hesab edilir (3.0.12 və 3.0.16-cı maddələr). Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, X2 mülkiyyətində olan Abşeron rayonu Masazır kəndində yerləşən 0,015 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. Məhkəmədə X2 mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində məqsdəli təyinatını dəyişmədən başqa məqsədlər üçün istifadə etməsi, yəni fərdi yaşayış evi inşa etməsi faktı, həm özünün izahatı, həm də toplanmış sübutlarla öz təsdiqini tapır. Məhkəmədə Nigar Məmmədova şikayətini həmin küçədə başqa yaşayış evlərinin də tikilməsi və inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, inzibati xəta xx.xx.2023-cü il tarixdən aşkar olunduğundan Azərbaycan Respublikası İXM-nin 38.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Həmin Məcəllənin 247.1-ci maddəsinə əsasən torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 247.2-ci maddəsinə əsasən bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Belə olan halda məhkəmə hesab edir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsi tərəfindən X2 barəsində qəbul edilmiş 30 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərar qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalı, şikayət isə əsassız olduğundan təmin olunmamalıdır. Həmçinin həmin qərarla xəta törətmiş şəxs İXM-nin 247.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Göstərilən Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsi tərəfindən X5 barəsində qəbul edilmiş 30 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar