Məhkəmə qərarları › İş №3(012)-661/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-661/2023

17.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-661/2023 17.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron RPİ-nin Saray PB-in sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1963-cü ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Xaçmaz rayonu, Bay–oba kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin (bundan sonra İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, axşam saatlarında, idarə etdiyi avtomobillə Bakı-Sumqayıt yolunda Saray postunda hərəkətdə olarkən YPX-in əməkdaşı tərəfindən nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə qarşıda YPX-in əməkdaşı tərəfindən saxlanılmasına etiraz edərək, ictimai asayişi pozan hərəkətlər etdiyi zaman onu nizam-intizama dəvət edən, xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı ilə mübahisə etmiş, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron RPİ-nin Saray PB-in sahə rəisi X5 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, İ Tağım YPX-in əməkdaşı tərəfindən tərtib edilmiş raporta əsasən Şəxs xx.xx.2023-cü il tarixdə, axşam saatlarında, idarə etdiyi avtomobillə Bakı- Sumqayıt yolunda Saray postunda hərəkətdə olarkən YPX-in əməkdaşı tərəfindən nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə qarşıda YPX-in əməkdaşı tərəfindən saxlanılmasına etiraz edərək ictimai asayişi pozan hərəkətlər etdiyi zaman onu nizam-intizama dəvət edən xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı ilə mübahisə etmiş, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməlləri törətdiyini etiraf edərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam radələrində özünə məxsus Kamaz markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhərindən Bakı şəhəri istiqamətində hərəkət edən zaman Saray postunu keçdikdən sonra DYP avtomobili arxasıca gəlib onu saxlatmışdır. Avtomobili saxladıqdan sonra DYP əməkdaşı ona yaxınlaşıb özünü təqdim etdikdən sonra, Saray postunda ona işarə verildiyini və avtomobili saxlamadığını bildirdik də, onlara ona işarə verildiyini görmədiyini demişdir. Daha sonra əsəbiləşdiyindən YPX əməkdaşı ilə kobud danışmışdır. Bundan sonra onlar onu Saray PB-na dəvət etmişlər. Hazırda törətdiyi əməlindən səmimi peşmandır. Barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Xırdalan şəhər vəkil bürosunun vəkili X4 hüquqlarını müdafiə etdiyi şəxsin əməlindən səmimi peşman olmasını və yaşını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnizbati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 22:35-da inzibati qaydada tutulmuşdur. İ Tağım YPX-in əməkdaşı tərəfindən təqdim edilmiş bir ədəd DVD diskə məhkəmə iclasında baxış keçirilmiş, baxış zamanı Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmişdir. Məhkəmə proses iştirakçılarının işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. "Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.4-1-ci maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsini Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, əməlində məsuliyyəti yüngülləşdirən halın olmasını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində İXM-nin 535.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmin maddənin tələbini və Şəxs baxılan işlə bağlı xx.xx.2023-cü il tarixdə, saat 22:35-dan xx.xx.2023-cü il tarixdə, saat 11:50-dək tutulduğunu və halhazıradək tutmada saxlanıldığını nəzərə alaraq, hesab edir ki, ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə məbləğinin İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə, dörddə üçündən çox olmayan həddə cərimə təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə bir ədəd DVD disk iş materiallarında saxlanılmalı, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 manat məbləğində inzibati cərimə edilsin. Azərbaycan Respublikasının İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə, Şəxs barəsində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə bir ədəd DVD disk iş materiallarında saxlanılsın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər vəkil bürosunun vəkili X2 müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar