Məhkəmə qərarları › İş №3(012)-665/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-665/2024

17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-665/2024 17.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, X1nın, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 264.0.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli. MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o qanunsuz və əsassız olaraq. İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə 600 manat məbləğində cərimə edilmişdir. Əsas kimi göstərilmişdir ki, guya onun fərdi yaşayış evinin şambosuı dolub daşmış və həmin çirkab suyu adsız gölə axıdılmışdır. ETSN-dən bildirş gəldiyinə görə onlar 15 gün ərzində tədbir görmüşlər. Bildirişdə də göstərilmişdir ki, 15 gün ərzində aradan qaldırmaq üçün onlara vaxt verilir. Onlar da yerinə yetirmişlər. Lakin 15 gündən sonra ona cərimə yazıldığı bildirilmişdir. Cərimə yazıldığı vaxt o problemi aradan qaldırmışdır. ETSN-i ona bildirilmişdir ki, bələdiyyənin işçilərini gətirəcəyik, onlar problemi həll edəcək. Amma heç bir tədbir görməmişdir. O özü Dost MMC-də təmizlikçi işləyi. Həmin əraziləri özü təmizləyir. Ondan şikayət edənlər özləri kanalizasiyaya axıdırlar. O torpağı alanda bu formada olmuşdur. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı qərarın ləğv edilməsi və barəsində İXM-in 264.0.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən X1 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X9 şikayətin əsassız olduğunu qeyd edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati cərimə tətbiq edilməsi haqqında qərarı qanunidir. Belə ki, ETSN-in mütəxəssisləri tərəfindən xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində aparılmış monitorinqlər nəticəsində həmin ərazidən X4 məxsus fərdi yaşayış evindən sambodan istifadə edilməklə çirkab sularının axıdıldığı aşkar edilmişdir. Həmçinin burudan su nümunələrinin götürülməsi nəticəsində xəstəlik törədən bakteriyaların miqdarının çox olması müəyyən edilmişdir. Qeyd edilən hallarla bağlı 4 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X4 dəfələrlə bu nöqsanların aradan qaldırılması barədə rəsmi qaydada bildirişlər göndərmişdir. Lakin sözügedən nöqsanlar aradan qaldırılmadığından onlar şikayətçiyə sonuncu xəbərdarlıq edilməsi üçün məcburi göstəriş verilmişdir. Bundan sonra qeyd edilən nöqsanların aradan qaldırılmaması məqsədi ilə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində akt tərtib edilmişdir. Həmin akt əsasında X6 barəsində inzibati protokol tərtib etmişdir. Daha sonra isə X6 barəsində idarə rəisi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib vəzifəli şəxs qismində 600 manat məbləğində cərimə edilmişdir. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını və verilmiş şikayət əsassız olduğundan rədd edilməsi barədə qərar qəbul etməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokolun surətindən görünür ki, həmin protokol Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində X4 məxsus həyətyanı torpaq sahəsindən əmələ gələn çirkab sularını onun tərəfindən qəsəbədə yerləşən gölə axıdılması və bununlada İXM-in 264.0.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə tərtib edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarından görünür ki, X4 məxsus torpaq sahəsində əmələ gələn çirkab sularını onun tərəfindən şambo vasitəsi ilə qəsəbədə yerləşən gölə axıdılmasına görə İXM-in 264.0.1-ci maddəsi ilə 600 manat məbləğində cərimə edilmişdir. ETSN-in əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli № 25/Su saylı aktdan görünür ki, X2 rayonu Aşağı Güzdək qəsəbəsində yaşadığı evin sanitar qovşağında formalaşan çirkab suyunu həyətə yaxın olan gölə axıdaraq su obyektini çirkləndirmişdir. Yoxlama zamanı çəkilmiş fotoşəkillər və peyk görüntüləri iş materiallarına əlavə edilmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin, inzibati orqanın nümayəndəsinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Su Məcəlləsinin 77-ci maddəsinə əsasən sənaye, kommunal, məişət, drenaj sularının və digər tullantı suların axıdılması üçün su obyektlərindən istifadə edilməsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə yol verilə bilər. Tullantı suların axıdılması üçün su obyektlərindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin məcəllənin 78-ci maddəsinə əsasən tullantı suların su obyektlərinə axıdılmasına yalnız o hallarda yol verilir ki, həmin su obyektlərində çirkləndirici maddələrin miqdarının müəyyən edilmiş normalardan artıq olmasına gətirib çıxarmasın və su obyektlərindən istifadə edənlər tullantı sularını təmizləyib müəyyən edilmiş normalara çatdırsınlar. İçməli su mənbəyi kimi istifadə edilən və ya içməyə yararlı yeraltı suları qidalandıran sututarlara tullantı suların axıdılması qəti qadağandır.. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Məhkəmə gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Araşdırılan sübutlarla müəyyən edildi ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində X4 məxsus həyətyanı torpaq sahəsindən əmələ gələn çirkab sularını onun tərəfindən qəsəbədə yerləşən gölə təmizlənmədən, birbaşa axıdılır. Bu faktı daxil olmuş müraciət əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən ərazidə yoxlama aparılarkən aşkar edilmiş, X4 dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, nöqsanların aradan qaldırılmadığına görə şikayətçi barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ilə 600 manat məbləğində inzibati cərimə olmuşdur. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin şikayətində qeyd etdiyi dəlillər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin məlum qərarının ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmaması, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Azərbaycan Respublikası İnzibati Xətəlar Məcəlləsinin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Azərbaycan Respublikası İnzibati Xətəlar Məcəlləsinin 264.0.1-ci maddəsinə görə Su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni: su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Məhkəmə hesab edir ki, inzibati araşdırma aparmış Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi X3 Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş, iş üzrə gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin Şöbənin gəldiyi nəticələr işin faktiki hallarına tam uyğundur. Həmin inzibati xətaya yol vermiş X6 barəsində haqlı olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən hesab edir ki, təqdim edilmiş sənədlər əsasında aparılan inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmadığından və mübahisələndirilən qərarın əsassız olması müəyyən edilmədiyindən, X3 şikayəti təmin edilməməli, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130, 131-134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar