Məhkəmə qərarları › İş №3(012)-669/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-669/2021

05.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-669/2021 05.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, X1nun, AR X5 Sumqayıt Regional Bölməsinin nümayəndəsi X6 iştirakları ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsi tərəfindən qəbul edilmiş 24.02.2021-ci il tarixli, MN ******* saylı qərardan X3 şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X7 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsinin onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tənbeh edilərək 4000 manat məbləğində cərimə edilməsinə dair 24.02.2021-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 məhkəmə iclasında bildirmişdir ki, 12.02.2021-ci il tarixdə cavabdeh təşkilatın nümayəndəsi tərəfindən inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib edilmişdir. Protokolda göstərilən hallar həqiqətə uyğun deyildir. Protokolda göstərilmişdir ki, epidemiya əleyhinə rejimin sanitariya gigiyena və karantin rejimlərinin pozulması müəyyən edilmişdir. İnzibati tənbeh vermə haqqında 24.02.2021-ci il tarixli, MN ******* nömrəli qərara əsasən, AR İXM-nin 211.1-ci maddəsinə əsasən, 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. Qərar qəbul edilərkən də heç bir araşdırma aparılmamış, yalnız bir nəfərin tərtib etdiyi protokola istinad edilmişdir. Aparılmış yoxlama zamanı X7 tərəfindən sanitariya gigeyena və karantin rejiminin qayadaları pozulmamışdır. Belə ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsinin özlərinin də verdiyi tövsiyyələr əsasında yəni, 20 nəfərlik olan zallarda 8 nəfərdən artıq şəxsin eyni anda oturmaması tövsiyyəsi daim nəzarətdə saxlanılmışdır. Yoxlama aparılan gün də bu qaydalar pozulmamışdır. Beləliklə qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Buna görə də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsinin onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tənbeh edilərək 4000 manat məbləğində cərimə edilməsinə dair 24.02.2021-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində şikayət verilən hüquqi şəxs X2 Sumqayıt Regional Bölməsinin nümayəndəsi X8 verdiyi izahatında göstərmişdir ki, X4 məxsus ictimai iaşə müəssisəsində epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimi pozulması faktı aşkarlanmışdır. Nəticədə X7 barəsində 24.02.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar qəbul edilmişdir. Qərar qanumi və əsaslı olduğuna görə şikayətin təmin edilməməsini xahiş edir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 75-ci maddəsinə görə inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta törətmiş şəxs inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməli və sübut olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 48-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 128-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun vəsatətinə məhkəmələrdə həmin Məcəllədə müəyyən edilmiş qaydada baxılır. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmədə müəyyən edilmişdir ki, Məsimov Tərxan Firudin oğlunun inzibati xəta törətməsi barədə işdə heç bir sübuta istinad olunmamışdır. Məhkəmədə Məsimov Tərxan Firudin oğlunun inzibati xəta törətməkdə təqsirli olması sübut olunmamışdır. İnzibati protokol tərtib edildiyi zaman Məsimov Tərxan Firudin oğlu protokolda qeyd edilən inzibati xətanı törədib-törətməməsi araşdırılmamışdır. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Məhkəmədə Məsimov Tərxan Firudin oğlunun göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübut olunmadığına görə məhkəmə belə nəticəyə gəlir ki, onun barəsində tərtib edilmiş protokol əsasında onun inzibati cərimə edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tənbeh edilərək 4000 manat məbləğində cərimə edilməsinə dair Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsi tərəfindən qəbul edilmiş 24.02.2021-ci il tarixli, MN ******* saylı qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. Məsimov Tərxan Firudin oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tənbeh edilərək 4000 manat məbləğində cərimə edilməsinə dair Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsi tərəfindən qəbul edilmiş 24.02.2021-ci il tarixli, MN ******* saylı qərar ləğv edilsin. Məsimov Tərxan Firudin oğlu barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar