Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-673/2025 10.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi ilə, Qarayev Cavid Nazim oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X2, inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi polis kapitanı Emil Yüzbaşıyevin iştirakı ilə, xx xxxxx 1990-cı ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 Y/K bina 57, mənzil 13-də yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə tərtib edilmiş 10 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi polis kapitanı Emil Yüzbaşıyev izahat verərək bildirdi ki, X8 09 mart 2025-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi,Qurtuluş 93, y/k bina 57-nin qarşısında xidmət aparan CAŞ-ın əməliyyatçılarına tabesizlik göstərmiş və daha sonra tibbi müayinə zamanı narkomaniya xəstəliyi aşkar edilmişdir. Məhz bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilmişdir. Odur ki, şəxsin barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda qeyd edilmiş İXM-in 206-cı maddəsi ilə özünü təqsirli bilir. Belə ki, ailə durumu ilə bağlı narahatçılıq keçirdiyi üçün cəzaçəkmə müəssisəsindən azad edildikdən sonra, təxminən bir ay bundan öncə narkotik vasitə qəbul etmişdir. Məhz bu səbəbdən ola bilsin ki, qanında narkotik maddəyə rast gəlinmişdir. Hadisə günü 8 martdan 9 marta keçən gecə təxminən iki – üç nəfər şəxs ona yaxınlaşmış, lakin həmin şəxslərin kim olduğunu bilmədiyi üçün onlardan qaçmışdır. Daha sonra görəndə ki, post patrul avtomobili gəlib, dərhal dayanmış və polisin tələbi ilə avtomobilə minmişdir. Polisin qanuni tələbinə tabe olmamaq kimi bir hala yol verməmişdir. Həyat yoldaşından hazırda faktik olaraq ayrı olsa da, azyaşlı övladının, əlil atasının xətrinə bağışlanılmağı xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X5 müdafiə etdiyi şəxsin əməlindən peşman olduğunu,həmçinin şahidlərin ifadələrində hadisənin 8 mart gecəsi baş verdiyini bildirdikləri üçün hesab edir ki, sənədləşmə düzgün olmamışdır. Odur ki, icraata xitam verilməsini xahiş etdi. İş üzrə şahid X6 məhkəmə iclasında şahid kimi verdiyi ifadəsində bildirdi ki, xidmətdə olduqları ərazidə oğurluq hadisləri baş verməsi ilə bağlı şübhəli şəxslərə yaxınlaşırdılar. Odur ki, sonradan adını bildikləri Şəxs digər iki nəfər əməliyyatçı ilə birgə yaxınlaşarkən Şəxs onlara özlərini təqdim etməyə macal verməmiş onlardan qaçmışdır. Daha sonra qaçarkən yıxılmış və onlar ona özlərini təqdim etmiş və polis əməkdaşları olduğunu bildirmişlər. Lakin buna baxmayaraq Rəşad yenə sakitləşməmiş və əhalini köməyə çağıraraq post patrul avtomobilinə əyləşməyi rədd etmişdir. Məhz bu səbəbdən Rəşadı Polis İdarəsinə gətirmiş və sənədləşdirmişdilər. Hadisə səhv etmirsə 8 mart və ya 9 mart gecə saatlarında baş vermişdir. Həmçinin daha sonra müəyyən edilmişdirlər ki, Rəşad narkotik istifadəçisidir. İş üzrə şahidlər X9 və X10 məhkəmə iclasında digər şahid Emin Bəxtiyarlının izhatına uyğun izahat verdilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
1. İnzibati xəta haqqında 10 mart 2025-ci il tarixli, MN ******* №-li protokoldan görünür ki, 09 mart 2025-ci il tarixdə saat 01:30 radələrində Abşeron rayonu,Masazır qəsəbəsi, Qurtuluş 93 y/k bina 57-nin qarşısında xidmət aparan CAŞ əməkdaşlarına tabesizlik göstərmiş və tibbi müayinə zamanı şəxsdə narkomaniya xəstəliyi aşkar edilmişdir;
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 xx.xx.2025-ci il tarixli 1420 saylı Narkoloji-Tibbi Yoxlamanın rəyində qeyd edilmişdir ki, müayinə zamanı Müayinə zamanı Şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Vsis-dən alınan məlumata əsasən Şəxs 10 yanvar 2023-cü il tarixdən Sumqayıt şəhər ND-də dispanser qeydiyyatdadır. Məhkəmə proses iştirakçılarının və şahidlərin izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün qismən etirafedici izahatı ilə yanaşı məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahid ifadələri və digər sənədlərlə tam sübuta yetmişdir. Onun inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs ona qarşı irəli sürülmüş maddələrlə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Polis haqqında” Qanunun: 3-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. İİ-ci hissəsinin 1-ci yarımbəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrindən biridir. 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla,bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə iclasında Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə iclasında Şəxs polis əməkdaşlarını tanımadığı və onlar özlərini ona təqdim etmədikləri üçün onlardan qaçdığını bildirsə də, məhkəmə Şəxs polis əməkdaşları ona yaxınlaşarkən onlardan qaçmasını,daha sonra polis əməkdaşlarının post patrul avtomobilinə əyləşməkdən imtina etməsini narkotik maddə istehlak etdiyi üçün narahat olması kimi qiymətləndirir, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-in 206 və 535.1-ci maddəsinin tərkib əlamətləri mövcuddur, sonuncu tərəfindən yenidən eyni xarakterli inzibati xətaların törədilməsinin qarşısını almaq məqsədi ilə təqsirli bilindiyi maddələrdə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində onun barəsində inzibati həbs tətbiq edilməlidir.Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs cinayət törətməkdə şübhəli şəxs qismində 09 mart 2025-ci il tarixdə saat 01:50 radələrində tutulmuş, lakin daha sonra barəsində cinayət işinin başlanması rədd edilmiş və inzibati qaydada məsuliyyətə cəlb edilməsi qərara alınmasına baxmayaraq, həbs etmənin evvəli azadlığın faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan yəni 09 mart 2025-ci il tarix saat 01:50 radələrindən hesablanmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron Rayon Vəkil Bürosunun vəkili X3 müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə 15 (on beş) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 09 mart 2025-ci il, saat 01:50-dən hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron Rayon Vəkil Bürosunun vəkili X3 müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Sədrlik edən: Firuzə Kərimova