Məhkəmə qərarları › İş №3(012)-678/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-678/2023

20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-678/2023 20.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3-cü və 492.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3-cü və 492.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 06 aprel 2023-cü il tarixli “İnzibati xəta haqqında” protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Bu protokol və sənədlərdən görünür ki, Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından 44BV546/44ZB546 nömrəli dövlət qeydiyyat nişanlı yük avtomaşınla daxil olmuş, xx.xx.2023-cü il tarixli **********9760 sorğu nömrəli gömrük bəyannaməsinin eyniləşdirilməsi zamanı müəyyən edilmişdir ki, yüklərin rəsmiləşdirilməsi tam basa çatmadan, gömrük bəyannaməsi arxivləşdirilmədən gömrük təminatı pozularaq yüklər nəqliyyat vasitəsindən şirkətin anbarına boşaldılmışdır. Araşdırma zamanı xx.xx.2023-cü il tarixdə yüklərə Şəxs MMC-nin də nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı bəyannamədə qeyd olunan yüklərin tam olaraq verində olduğu müəyyən edilmiş və bu barədə akt tərtib edilmişdir. İşin halları üzrə araşdırma zamanı Şəxs MMC-nin etibarnamə ilə səlahiyyətli nümayəndəsi X1 izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, şirkətin ünvanına Rusiya Federasiyasından 44BV841/44ZA537, 44BV479/44ZA607 və 44BV546/44ZB546 nömrəli nəqliyyat vasitələri ilə gələn yüklər xx.xx.2022-ci il tarixdə Bakı Bas Gömrük idarəsində xx.xx.2023-cü il tarixli, **********8901, xx.xx.2023-cü il tarixli, **********9760 və xx.xx.2023-cü il tarixli, **********1538 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmişdir. Şirkətin ünvanına Rusiya Federasiyasındakı şirkətdən eyni vaxtda 3 ayrı nəqliyyat vasitələrində- 44BV841/44ZA537, 44BV479/44ZA607 və 44BV546/44ZB546 nömrəli nəqliyyat vasitələrində yüklər göndərilmişdir. Həmin yükləri sistem üzərindən buraxılış verildikdən sonra qeyd olunan nəqliyyat vasitələrindən boşaltmışlar. Yüklər boşaldıldıqdan 1 gün sonra gömrük xidməti əməkdaşı anbara gələrək mallara baxış keçirmişdir. Bəyannamələr üzrə bütün mallar eynilik təşkil etmişdir. Gömrük bəyannamələrinin buraxılışa verildiyini bilirdi, lakin həmin bəyannamələrin arxivləşmədiyindən məlumatsız olmuşdur. Bu səbəbdən də. nəqliyyat vasitəsindəki mallar boşaldılmışdır. Şirkətin nümayəndəsi “yaşıl dəhliz” sisteminə görə nəqliyyat vasitələri birbaşa Şəxs MMC-nin anbarına gələcək və rəsmiləşdirmə tam başa çatdırılmadan plomb qırılaraq yüklər boşaldıla bilməyəcəyini bildiyini, lakin dəqiqləşmə aparmadan buraxılışa verildiyini bilən kimi nəqliyyat vasitələrinin plombları açılaraq yüklərin boşaldıldığını, arxivləsməyə diqqət etmədiyini, qeyd olunan malların Şəxs MMC-nin icarəsində olan Bakı səhəri, Abşeron rayonu, Binəqədi yolu ünvanında yerləşən anbardadır, toxunulmaz olaraq saxlanıldığını bildirmişdir. Bununla da, Şəxs MMC tərəfindən yükün gömrük orqanının icazəsi olmadan boşaldıldığı üçün Azərbaycan Respublikası İXM-nin 491.3-cü və 492.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində protokol tərtib edilmiş Şəxsnə və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3-cü və 492.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 491.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 492.1-ci maddəsinə əsasən Gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsində nəzərdə tutulmuş qaydada cərimə növündə inzibati tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə cəzası təyin edilsin. Qərarın icrası Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar