Məhkəmə qərarları › İş №3(012)-68/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-68/2022

07.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-68/2022 07.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, Vəliyeva Nərmin Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi polis mayoru X3, Zərərçəkmiş şəxs Oqtay qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil oğlunun iştirakları ilə, xx.xx.1987-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru, X4 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında çıxış etmiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi polis mayoru, X4 bildirdi ki, 31.08.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyeva küçəsində arvadı Zərərçəkmiş şəxs Oqtay qızını döyərək ona xəsarət yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında dindirilmiş Şəxs inzibati xəta törətməkdə özünü qismən təqsirli bilərək izahatında bildirdi ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Əlillər” binası mənzil 21-də ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun barəsində etdiyi şikayəti ilə tanış oldu. Bununla bağlı bildirir ki, həqiqətən də Sevinclə 2012-ci il də ailə həyatı qurmuşdur və onların birgə nigahlarından 3 azyaşlı uşaqları var. Bildirir ki, Sevinclə münasibətləri həmişə yaxşı olmuşdur. Təxminən 15 gün olar ki, Sevincin anası Sədaqət Məmmədova onlarla birlikdə yaşayırdı. 30.08.2021-ci il tarixdə isə səhər saatlarında Sədaqət qızı Sevinci və uşaqlarını da götürüb Xırdalan şəhəri, H.Əliyev prospekti ev 199-da yerləşən evlərinə getmişlər. Həmin gün saat 21 radələrində o, onların evinin qarşısına gələrək Sevincə uşaqlarını da götürərək evə qayıtmağını bildirmişdir. Lakin Sevinc evə qayıtmaq istəmədiyini bildirdiyi üçün o, 2012-ci il təvəllüdlü qızı X1 da götürüb kirayədə yaşadıqları evə tərəf getmişdir. O, kirayədə yaşadıqları evin qarşısına çatarkən isə Sevincin də ora çatdığını görmüşdür. O, həmin vaxt yenə də Sevincə evə getməyini bildirsə də o, evə qayıtmaqdan imtina etmişdir. Həmin vaxt o, əlini Sevincin çiyin nahiyəsinə qoyduğu üçün Sevinc geri qayıtmaq istədikdə köynəyindən tutmuşdur. Bu zaman isə Sevincin əynindəki köynəyi cırılmışdır. Bundan sonra o, dərhal öz köynəyini əynindən çıxarıb Sevincə vermiş və Sevinc geri anası gilə qayıtmışdır. Belə ki, 31.08.2021-ci il tarixdə saat 01 radələrində Xırdalan şəhəri, Z.Əliyeva küçəsində onunla görüşüb söhbət etdiyikləri zaman yalnız əli ilə Sevincin köynəyindən tutmağı səbəbindən köynəyi cırılmışdır. Həmin vaxt o, Sevinci əli ilə vurmamışdır və ona fiziki ağrı yetirməmişdir. Hazırda peşmandır, bir daha belə hallara yol verməyəcəyində söz verir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil oğlu barəsində inzibati icraat aparılan şəxsə münasibətdə Azərbaycan Respublikası İXM-nin 38-ci maddəsində nəzərdə tutulan müddətlər keçdiyindən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs Oqtay qızı izahatında bildirdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 199-da ailəsi ilə birlikdə yaşayır. Barəsində şikayət etdiyi şəxs boşanmaq ərəfəsində olduqları həyat yoldaşı X2r. O, Talıbla 2012-ci il də ailə həyatı quımuşdur və birgə nigahlarından 3 azyaşlı uşaqları var. Bildirir ki, ailə qurduqları vaxtdan bir müddət sonra Talıbla aralarında mütəmadi olaraq ailə məişət zəmnində söz-söhbətləri olmuşdur. Səbəbi isə Talıbm işləməməsi və ailələrinə yaxşı baxmaması olmuşdur. Qeyd edir ki, 31.08.2021-ci il tarixdə səhər saatlarında Xırdalan şəhəri, 27-ci məhəllədə kirayədə yaşadıqları evdə Talıbla yenə də aralarında ailə-məişət zəminində mübahisə olmuşdur. Bundan sonra o, uşaqlarını da götürüb Xırdalan şəhəri, H.Əliyev prospekti ev 199-da yaşayan valideynlərinin yaşadıqları evə gəlmişdir. Həmin gün saat 21 radələrində Talib sərxoş vəziyyətdə anası gilə gələrək onunla barışmaq istədiyini bildirmişdir. O, isə Talıba valideynlərinin evindən çıxıb getməsini bildirdiyi üçün Talib yenə də onunla mübahisə etmişdir. Bundan sonra isə Talib 2012-ci il təvəllüdlü qızı X1 götürüb getmişdir. Bundan bir neçə saat sonra, yəni 31.08.2021-ci il tarixdə saat 01 radələrində Talib onun mobil telefonuna zəng edərək qızı Xədicəni geri gətirməyi üçün onu Xırdalan şəhəri, Z.Əliyeva küçəsinə çağırmışdır. Ona görə də o, evdən çıxıb Talıbın dediyi yerə gedib Talıbla görüşmüşdür. Həmin vaxt Talib onunla danışmaq istədiyini bildirmişdir. Lakin o, Talıbla danışmaq istəmədiyini bildirib geri qayıtmaq istədikdə Talib onun boyun nahiyyəsindən tutmuşdur. O, həmin vaxt itələyərək Talibi özündən aralaşdırmaq istədikdə isə Talib əli ilə onun bədəninin bir neçə yerinə vuraraq onu döymüşdür. Həmçinin həmin vaxt Talib onun əynində olan köynəyini çəkərək cırmışdır. Daha sonra isə Talib öz köynəyini əynindən çıxarıb ona vermiş və o, anası gilə qayıtmışdır. Bundan sonra isə o, DİN-in “102” xidmətinə zəng edərək bu barədə şikayətini bildirmişdir. Talib onu 31.08.2021-ci il tarixdə saat 01 radələrində Xırdalan şəhəri, Z.Əliyeva küçəsində əli ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq ona fiziki ağrı yetirməklə döyərkən yanlarında başqa heç kim olmamışdır. Şəxs barəsində tədbir görülməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş 09.09.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan aydın olur ki, Şəxs oğlunun əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş məhkəmə tibbi ekspertizasının 06.09.2021-ci il tarixli 2101 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol bazu, sol said nahiyələrinin qançırları-bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 31.08.2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1.ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.2.-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-ci maddəsinə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmədə müəyyən edilmişdi ki, inzibati xəta 31.08.2021-ci il tarixdə baş vermiş, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar isə 09 sentyabr 2021-ci il tarixdə qəbul olunmuşdur. İş materiallarında olan icraatın dayandırılması barədə qərarda isə dayandırmanın əsasları göstərilməmişdir. Məhkəmə prosesində izahat verən sahə müvəkkili Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi polis mayoru, X4 isə icraatı dayandırmanın səbəbini özünün xəstə olması ilə əlaqələndirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik) törədilməsindən 03 aydan çox müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biridə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil oğluna Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata müddət bitdiyindən xitam verilsin. Şəxs inzibati məsuliyyətdən azad edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil oğluna Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar