Məhkəmə qərarları › İş №3(012)-68/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-68/2023

18.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-68/2023 18.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə, xx.xx.1976-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası DİN-nin Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində idarə etdiyi «Hyundai Elantra» markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhərindən Heydər Əliyev adına olan küçə ilə Abşeron rayonu, Saray qəsəbəsi istiqamətinə hərəkətdə olan zaman X3 idarə etdiyi “Opel Astra” minik markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobili ötmə əməliyyatını yerinə yetirmək üçün əks hərəkət zolağına çıxaraq qarşıdan gələn X1 idarə etdiyi “Mercedes Vito” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, idarəetməni itirdiyi üçün idarə etdiyi «Hyundai Elantra» markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi “Opel Astra” minik markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, hadisə nəticəsində “Mercedes Vito” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2 ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa az ağır zərər vuma və “Opel Astra” minik markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs1 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətlər almışlar. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə məhkəməyə verilmişdir. İş üzrə məhkəmə iclası təyin edilmiş, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, protokolu tərtib etmiş orqanın nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına dəvət edilmişdir. Lakin, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, protokolu tərtib etmiş orqanın nümayəndəsi və zərərçəkmiş şəxs məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-in 61.3, 62.4 və 112.1.4-cü maddələrinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı ilə baxılır. Həmin işlərə tərəflərin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin onlara vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 26 sentyabr 2022-ci il tarixli qərardan müəyyən edilir ki, toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun əməlində yüngül dərəcəli xəsarət almış zərərçəkmiş şəxsə münasibətdə inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Abşeron RPİ-nin DYPŞ-nə göndərilmişdir. Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X4 alınmış xx.xx.2022-ci il tarixli 1996 nömrəli ekspert rəyində göstərilmişdir ki, vətəndaş 1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertiza müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər – sol yanaq nahiyəsinin əzilmiş-cırılmış yarası, sol gözaltı-almacıq, sağ gözaltı nahiyələrinin qançırları, sol qulaq seyvanının sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə onun salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilməsi mümkündür, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X4 alınmış xx.xx.2022-ci il tarixli 2056 nömrəli ekspert rəyində göstərilmişdir ki, vətəndaş 1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertiza müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər – hemorragik şok və daxili qanaxma ilə nəticələnən dalağın, köndələn çənbər bağırsağın travmatik cırılmış yaraları, sol diz oynağı nahiyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün Sumqayıt şəhər X5 Xəstəxanasına müraciət etdiyi müddətdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gəlmişdir və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması 26 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, ekspert rəyi və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Abşeron rayon icra və probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar