Məhkəmə qərarları › İş №3(012)-680/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-680/2023

18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-680/2023 18.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 491.3 və 492.1-ci maddələri ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, 00100-00847/23 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş raporta əsasən, Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından 44BV841/44ZB537 nömrəli dövlət qeydiyyat nişanlı yük avtomaşınla daxil olmuş, xx.xx.2023-cü il tarixli **********1538 sorğu nömrəli gömrük bəyannaməsinin eyniləşdirilməsi zamanı müəyyən edilmişdir ki, yüklərin rəsmiləşdirilməsi tam başa çatmadan gömrük bəyannaməsi arxivləşdirilmədən gömrük təminatı pozularaq yüklər nəqliyyat vasitəsindən şirkətin anbarına boşaldılmışdır. Buna görə də, Şəxs MMCnin Azərbaycan Respublikası İXM-nin 491.3 və 492.1-ci maddələri ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə və protokol tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və protokol tərtib etmiş qurumun nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 491.3 və 492.1-ci maddələrində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Azərterminalkompleks” Birliyinin BBGİ-nin Xocahəsən gömrük postuna təhkim edilmiş X1 və anbardar X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Şəxs MMC-nin ünvanına 0009 saylı xx.xx.2023-cü il tarixli invoysla, 020461 saylı xx.xx.2023-cü il tarixli CMR-lə 44BV841/44ZB537 nömrəli yük maşını ilə göndərilən **********1538 nömrəli gömrük bəyannamələri ilə bəyan olunan yük gömrük rəsmiləşməsi bitmədən, 006-1 nömrəli gömrük təminatı qırılaraq boşaldılması aşkar olunmuşdur. Mallara idxalatçının anbarında baxış keçirilmiş və mallardan istifadə edilmədiyi aşkar olunmuşdur. “Xocahəsən” gömrük postunun rəisi, gömrük xidməti polkovniki Vüsal Nuriyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Rusiya Federasiyasından AZ 1012, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin adına daxil olmuş **********1538 nömrəli, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yük həmin bəyannamə arxivləşdirilib gömrük nəzarəti tamamlanmadan 44BV841/44ZB537 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin gömrük təminatı pozularaq nəqliyyat vasitəsindən Şəxs MMC-nin anbarına boşaldılmışdır. **********1538 nömrəli gömrük bəyannaməsindən görünür ki, Rusiya Federasiyasında fəaliyyət göstərən “Çelnı Xolod” şirkətindən “Yaşıl Dəhliz” buraxılış sistemindən daimi istifadə etmək hüququna malik xarici iqtisadi fəaliyyətlə məşğul olan hüquqi şəxs Şəxs MMC-nə 44BV841/44ZB537 nömrəli yük maşını ilə göndərilmiş yüklərin boşaldılma yeri Abşeron rayonu, Binəqədi yolu qeyd edilmişdir. Elektron məhkəmə informasiya sistemi vasitəsilə göndərilmiş Şəxs MMC-nin direktoru H.Hacısoyun izahatından görünür ki, xx.xx.2023-cü il tarixində Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından eyni vaxtda 44BV841/44ZA537, 44BV479/44ZA607 və 44BV546/44ZB546 nömrəli nəqliyyat vasitələri ilə gələn yüklər Bakı Baş Gömrük İdarəsində müvafiq olaraq xx.xx.2023-cü il tarixli **********901, xx.xx.2023-cü il tarixli **********9760 və xx.xx.2023-cü il tarixli **********1538 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmişdir. Şirkətləri xarici ticarət iştirakçısı kimi “Yaşıl Dəhliz” buraxılış sistemindən daimi istifadə etmək hüququna malik olduğundan nəqliyyat vasitələri birbaşa şirkətin anbarına gəlir və gömrük rəsmiləşdirilməsi tamamlandıqdan sonra yüklər boşaldılır. Əvvəlki yüklərdə çox vaxt gömrük inspektoru təyin olunmadığı və birbaşa yükün boşaldılmasına icazə verildiyi üçün anbardar boşaldılmada gömrük inspektorunun da iştirakını zəruri hesab etməmişdir. Yüklər boşaldıldıqdan 1 gün sonra gömrük xidməti əməkdaşı anbara gələrək mallara baxış keçirmiş, bəyannamələr üzrə bütün mallar eynilik təşkil etmişdir. Qeyd olunan mallar Şəxs MMC-nin icarəsində olan Abşeron rayonu, Binəqədi yolu ünvanında olan anbarındadır və toxunulmaz olaraq saxlanılmışdır. “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli, 427 nömrəli Fərmanının 3.7.1-ci yarımbəndinin 2-ci hissəsinə əsasən gömrük bəyannaməsi təqdim olunduğu təqdirdə, gömrük orqanlarının razılığı əsasında malların daşındığı nəqliyyat vasitələrindən gömrük eyniləşdirmə vasitələrinin (plombların və s.) müstəqil qaydada çıxarılması və malların boşaldılması gömrük orqanının razılığı əsasında həyata keçirilir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 92.1-ci maddəsinə əsasən gömrük orqanları malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olmasını, bu ərazidən çıxmasını, tranzitini, daşınmasını və son istifadəsini tənzimləyən gömrük qanunvericiliyinə, həmçinin icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş digər qanunvericiliyə və beynəlxalq müqavilələrə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük nəzarətini həyata keçirirlər. Gömrük nəzarəti həyata keçirilərkən müasir texnologiya və avadanlıqdan istifadə edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə görə mallar yalnız gömrük orqanlarının icazəsi ilə və nəzarəti altında, onların müəyyənləşdirdiyi yerlərdə gömrük ərazisinə gətirilmə üçün istifadə olunan nəqliyyat vasitəsindən boşaldıla və bu ərazidən aparılma üçün istifadə olunan nəqliyyat vasitəsinə yenidən yüklənə bilər. Məhkəmədə tədqiq edilmiş inzibati xəta haqqında protokoldan və işin hallarından müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən eyni vaxtda iki inzibati xəta törədilmişdir. Şəxs MMC tərəfindən törədilən həmin inzibati xətalar iş materialları ilə yanaşı, protokolda qeyd edilən və elektron məhkəmə informasiya sistemi vasitəsilə göndərilmiş inzibati xəta törətmiş hüquqi şəxsin nümayəndəsinin səmimi etirafı ilə öz təsdiqini tapmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs MMC barəsində İXM-nin 491.3 və 492.1-ci maddələri ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Lakin barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs tənbeh olunarkən barəsində İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən inzibati tənbeh tətbiq ediləcəkdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin Azərbaycan Respublikası 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 491.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 492.1-cü maddəsinə əsasən gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə - fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Göründüyü kimi, qanunvericilik şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə adi olduqda, həmin şəxsin daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməsini müəyyən etmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, qanunverici tərəfindən İXM-in 492.1-ci maddəsi həmin Məcəllənin 491.3-cü maddəsinə görə daha ciddi xəta hesab olunur. Ona görə də, məhkəmə qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs MMC barəsində tərtib edilmiş protokol əsaslı olduğundan və onun tərəfindən törədilmiş inzibati xətalar məhkəmədə öz təsdiqini tapdığından, barəsində İXM-in 492.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də, başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən Azərbaycan Respublikasının İXM- nin 32 və 33cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 491.3 və 492.1-ci maddələri ilə təqsirli bilinməli və onun barəsində İXM-nin 492.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 4851, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 492.1-ci maddəsi ilə hüquqi şəxs qismində 1000 (bir min) manat manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar