Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-684/2025 12.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş şəxs: Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə 16 iyul 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Tərtər Rayonu, Səhləbad Ə/D, Səhləbad Kəndində qeydiyyatda olan və Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəs tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş 12 mart 2025-ci il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı İqbal Rəfiyev izahat verərək bildirdi ki, Şəxs 12 mart 2025-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində yüksək səslə ünvansız söyüş söymüşdür. Bundan başqa Şəxs 12 mart 2025-ci il tarixdə yaşadığı ərazinin yaxınlığında telefonla danışarkən yüksək səslə söyüş söydüyü üçün polis əməkdaşları onu nizamintizama dəvət etsələrdə lakin o, sonuncuların qanuni tələblərinə məhəl qoymayaraq, öz hərəkətlərini davam etdirərək, tabesizlik göstərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollarla bağlı özünü təqsirli bilir, yol verdiyi hərəkətlərə görə peşmandır. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
1. İnzibati xəta haqqında 12 mart 2025-ci il tarixli, MN ******* №-li protokoldan görünür ki, Şəxs 12 mart 2025-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində yüksək səslə ünvansız söyüş söymüşdür;
2. İnzibati xəta haqqında 12 mart 2025-ci il tarixli, MN ******* №-li protokoldan görünür ki, Şəxs həmin tarixdə yaşadığı ərazinin yaxınlığında telefonla danışarkən yüksək səslə söyüş söydüyü üçün polis əməkdaşları onu nizamintizama dəvət etsələrdə lakin o, sonuncuların qanuni tələblərinə məhəl qoymayaraq, öz hərəkətlərini davam etdirərək, tabesizlik göstərmişdir;
Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və digər sənədlərlə tam sübuta yetmişdir. Onun inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs ona qarşı irəli sürülmüş maddələrlə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Polis haqqında” Qanunun: 3-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. İİ-ci hissəsinin 1-ci yarımbəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrindən biridir. 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə iclasında Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə məhkəmə Şəxs ictimai yerdə, heç bir əsaslı səbəb olmadan, mübahisə yaradıb ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarına qarşı tabesizlik göstərməsini, xəbərdarlıqdan sonra eyni əməlləri davam etdirməsini, həmçinin törədilmiş xətanın birbaşa cəmiyyətin mənafeyi ilə bağlı, həmçinin ictimai qaydanı əsaslı səbəb olmadan pozaraq nəlayiq və təhqiredici ifadələr işlədərək, xırda xuliqanlıq etməsi ilə bağlı əməl olmasını nəzərə alaraq, sonuncu tərəfindən yenidən eyni xarakterli inzibati xətaların törədilməsinin qarşısını almaq məqsədi ilə təqsirli bilindiyi maddələrdə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində onun barəsində inzibati həbs tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə müvafiq olaraq ona 01 (bir) ay müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 12 mart 2025-ci il saat 15:40-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Sədrlik edən: Abusət Qasımov