Məhkəmə qərarları › İş №3(012)-686/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-686/2021

16.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-686/2021 16.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, Nurueva Nüşabə Ələddin qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Abşeron RPİ-nin İTŞnin polis sahə rəisi, polis baş leytenantı Elçin Hacıxanovun iştirakı ilə, 11.03.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Yaşayış massivində yaşayan Şəxs barəsində Abşeron rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 15 aprel 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis baş leytenantı Elçin Hacıxanov tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis baş leytenantı Elçin Hacıxanov bildirdi ki, 15.04.2021-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq hadisə yerində olduqları zaman, bir nəfərin şəxsin ictimaiyyətin gur olan yerində əlindəki mobil telefonla danışarkən nalayiq küçə söyüşlərini işlətdiyini görüb ona yaxınlaşaraq nizam intizama dəvət etmişdir. Lakin həmin şəxs öz qaba, kobud hərəkətlərini davam etdirərək yenidən küçə söyüşləri söyərək hərəkətlərini davam etdirmişdir. Dəfələrlə vətəndaşı nizam-intizama dəvət etsəkdə o polisin qanuni tələblərinə tabe olmadığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o əsəbi olduğundan polisin qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Əməlindən peşmandır, birdə belə hallara yol verməyəcəyini bildirdi. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən olunmuşdur ki, Şəxs hadisə yerinə gələn polis əməkdaşının onu nizam-intizama dəvət etməsinə məhəl qoymamış, əksinə, öz hərəkətlərini davam edərək, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində həmçinin, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib mövcud olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliyi protokol tərtib etmiş şəxsin məhkəmədə verdiyi ifadəsi və işin digər materialları ilə məhkəmədə sübuta yetirilir. Onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli biməməsi müdafiə xarakteri daşıyır. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslərə 200 manat miqdarda cərimə və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikasının İXM-nin 33.1.1-ci maddəsinə əsasən iş üzrə məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 200 manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Abşeron rayon Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar