Məhkəmə qərarları › İş №3(012)-686/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-686/2025

12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-686/2025 12.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş şəxs: Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis leytenantı X3 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxx 1984-cü il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Abşeron rayonu, Masazır kəndi, S.Ə.Şirvani küçəsində yerləşən fərdi yaşayış evində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin polsi sahə rəisi, polis leytenantı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş 12 mart 2025-ci l tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin polsi sahə rəisi Ramin Abbasov izahat verərək bildirdi ki, 08 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində Abşeron RPİ-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Masazır kəndində saxlanılaraq bölməyə gətirilmiş, narkotik vasitələrin qəbulunda şübhəli bilindiyi üçün həkim müayinəsindən keçirilərkən sidik nümunəsində AMP (-), MET (-), THC (-) və sair hallar aşkar olunmamış, lakin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokoluna əsasən ondan götürülən nümunələrdə narkotik vasitələrdən istifadə etməsinə dair hallar aşkar olunmuşdur. Bununla da Şəxs narkotik vasitələrdən istifadə etdiyi müəyyən olunmuş və barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dindirilən zaman özünü inzibati xətanın törədilməsində təqsirli bilərək bildirmişdir ki, o, təxminən 15 gün əvvəl günorta saatlarında Bakı şəhəri Yasamal rayonu ərazisində zibil yeşiklərinin yaxınlığında yerdə 1 ədəd siqaret kağızına bükülmüş bükülünü yerdən götürmüş, içərisinə baxdıqda həmin bükülüdə ağ kristalik maddə “patı” metamfetamin və marixuana olduğunu görüb cibinə qoymuş və yaxınlıqdakı binanın blokuna girib orada çəkmə yolu ilə istifadə etmişdir. 09 fevral 2025-ci il tarixdə sərxoşluq vəziyyətinin tibbi müayinəsinə aparılarkən onun analizlərində marixuana və psixotrop maddə olan metamfetamin qəbul etməyi aşkar edilmiş və bu polis idarəsinə gətirilmişdir. O, həmin müddətdən indiki vaxta qədər narkotik vasitələrdən istifadə etməmişdir. Əməlindən peşman olmasını və himayəsində 02 azyaşlı uşağının olmasını bildirərək, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

1. “Şübhəli şəxsin tutulması” haqqında 09 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 10:00 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur;

2. “Cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında 18 fevral 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, vətəndaş Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkibi olduğundan sonuncu barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir;

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 12 mart 2025-ci il tarixli, 1490 №-li Narkoloji-Tibbi Yoxlamanın rəyində qeyd edilmişdir ki, müayinə zamanı Şəxs kannabinoidlərin istifadə etmə halları olmuş, lakin hal-hazırda Şəxs müayinə zamanı narkamaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Müayinə zamanı narkamaniya xəstəliyindən əzab çəkmədiyi müəyyən olundu. Narkamaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibbi müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür.

4. “İnzibati qaydada tutma haqqında” 12 mart 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs azadlıq hüququ faktiki olaraq həmin tarixdən, saat 12:00-dan məhdudlaşdırılmışdır.

5. “İnzibati xəta haqqında” 12 mart 2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs narkotik maddədən və psxotrop maddədən istifadə etdiyi göstərilmişdir. Bununla da Şəxs narkotik vasitələrdən istifadə etdiyi müəyyən olunmuş və barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati protokol tərtib olunmuşdur.

Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla,bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32-ci maddəsinə əsasən Şəxs himayəsində azyaşlı övladlarının olmasını cəzasının yüngülləşdirən halı kimi nəzərə alır. 33-cü maddəsində göstərilən inzibati xətaya görə Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, həmçinin cəmiyyətin mövqeyini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində həbs növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinsin və ona 30 (otuz) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbs etmənin əvvəli azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan yəni, 12 mart 2025-ci il tarixdən, saat 12:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Şəxs ərazi narkoloji tibbi müəssisəsində profilaktik qeydiyyata alınsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar