Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-691/2025 18.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib edən Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs və X4, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Khalilov Pakhlavinin və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X5 iştirakları ilə xx.xx.1964-cü ildə Rusiya Federasiyasında anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, işləməyən, ünvan 1i ünvanında yaşayan Khalilov Pakhlavi barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Khalilov Pakhlavinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 protokolu müdafiə edərək bildirmişdir ki, Abşeron rayon 2 saylı notariat kontorunun xx.xx.2025-ci il tarixli 8İ-442 nömrəli icra qeydinə əsasən cavabdeh Khalilov Pakhlavidən müddət üçün vaxtında ödənilməmiş 493000 manat və tələbkar tərəfindən ödənilmiş dövlət rüsumu Zərərçəkmiş şəxs xeyrinə, bundan əlavə Abşeron rayon 2 saylı notariat kontorunun xx.xx.2025-ci il tarixli 8İ-441 nömrəli icra qeydinə əsasən cavabdeh Khalilov Pakhlavidən müddət üçün vaxtında ödənilməmiş 493000 manat və tələbkar tərəfindən ödənilmiş dövlət rüsumu X4 xeyrinə tutullması qərara alınmışdır. Borclu şəxs icra sənədləri üzrə tələbi hazırkı günədək tam şəkildə yerinə yetirməmişdir. Hazırda qeyd olunan icra sənədi üzrə heç bir ödəniş olunmamışdır. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Khalilov Pakhlavi bildirdi ki, hazırda heç bir tələbkara ödəniş etmək üçün imkanı yoxdur, borclu şəxslərlə gəlir əldə etmək məqsədi ilə həmin müqavilə bağlanılmış, lakin müəyyən səbəblərdən müflis olmuş və həmin pullar onun əlindən çıxmışdır. Lakin qısa müddət ərzində həmin borcun müəyyən miqdarını, iki yüz min manatını ödəyə biləcəkdir. Odur ki, məhkəmədən ona vaxt verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs borclu şəxsin onun tanışı olduğunu bildirdi. Aralarında bir neçə dəfə gəlir əldə etmək məqsədi ilə müəyyən razılaşmalar olmuşdur. Lakin sonuncu razılaşmadan sonra Khalilov Pakhlavi pulun onda qalmadığını pulun batdığını ona bildirmişdir. Hazırda bütün borc məbləğini tələb edir və əlavə olaraq borclu şəxsin uzun müddətdir ki, heç bir ödəniş etmədiyini bildirərək onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X7 digər Zərərçəkmiş şəxs izahatı ilə razılaşaraq eyni məzmunlu izahat vermişdir. 13 mart 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X6 müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 Pakhlavinin uzun müddətdir ki, borcun ödənilməsindən qərəzli yayındığını bildirərək onu barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində iş üzrə icraat aparılan şəxs Khalilov Pakhlavinin müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X10 müdafiə etdiyi şəxsin şəraitinin və imkanının olmamasını və hazırda müflis olmasını, onun icra sənədinin icrasından qərəzli yayınmamasını bildirərək Khalilov Pakhlavinin barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Abşeron rayon 2 saylı notariat kontorunun xx.xx.2025-ci il tarixli 8İ-442 nömrəli icra qeydinə əsasən cavabdeh Khalilov Pakhlavidən müddət üçün vaxtında ödənilməmiş 493000 manat və tələbkar tərəfindən ödənilmiş dövlət rüsumu Zərərçəkmiş şəxs xeyrinə tutulması qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarxili “icraata başlamaq haqqında” qərarından görünür ki, Abşeron rayon 2 saylı notariat kontorunun xx.xx.2025-ci il tarixli 8İ-442 nömrəli icra qeydi üzrə icraata başlanılmışdır və həmin tarixdə borclu şəxsə “tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. Abşeron rayon 2 saylı notariat kontorunun xx.xx.2025-ci il tarixli 8İ-441 nömrəli icra qeydinə əsasən cavabdeh Khalilov Pakhlavidən müddət üçün vaxtında ödənilməmiş 493000 manat və tələbkar tərəfindən ödənilmiş dövlət rüsumu X4 xeyrinə tutullması qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarxili “icraata başlamaq haqqında” qərarından görünür ki, Abşeron rayon 2 saylı notariat kontorunun xx.xx.2025-ci il tarixli 8İ-441 nömrəli icra qeydi üzrə icraata başlanılmışdır və həmin tarixdə borclu şəxsə “tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir “Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi barədə” 22 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Abşeron rayon 2 saylı notariat kontorunun xx.xx.2025-ci il tarixli 8İ-442 nömrəli və Abşeron rayon 2 saylı notariat kontorunun xx.xx.2025-ci il tarixli 8İ-441 nömrəli icra qeydi ümumi icraatda birləşdirilmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Khalilov Pakhlaviı icra məmurunun qanuni tələblərinə tabe olmayaraq qeyd olunan icra sənədində göstərilən tələbləri yerinə yetirməkdən yayınmışdır. Belə olduqda o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Qərarları: “Hornsbi Yunanıstana qarşı” işdə qeyd etmişdir ki, “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun aynlmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Məhkəmənin mövqeyi: İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Khalilov Pakhlavi icra məmurunun tələblərinə əməl etməyərək məhkəmə qərarının lazimi qaydada icra etməməsi onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaratmış və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsləri və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Khalilov Pakhlavinin inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə hesab edir ki, borclu məhkəmə qərarından və icra sənədindən xəbərdar olmuş, bu müddət ərzində icra sənədi üzrə nəzərdə tutulmuş məbləği tam ödəməmiş, icra sənədinin icrasından qəsdən boyun qaçırmışdır. İş üzrə Khalilov Pakhlavinin məsuliyyətini İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsində göstərilmiş yüngülləşdiran hal müəyyən olunmamışdır. İş üzrə Khalilov Pakhlavinin məsuliyyətini İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində göstərilmiş ağırlaşdıran hal müəyyən olunmamışdır. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun:4.6-cı maddəsinə əsasən heç kəs yalnız hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının” 4 saylı protokolunun: 1-ci maddəsinə görə heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına əsasən azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməyə görə məhkəmələr tərəfindən borcular barəsində inzibati həbs tətbiq edilməsi barədə qərarlardan verilmiş şikayətlərə dair “Kərimov və başqaları Azərbaycana qarşı” işi üzrə 22 iyul 2021-ci il tarixli qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə ərizəçiləri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqpozmada təqsirli bilərək, onlara inzibati həbs cəzası kəsən daxili məhkəmələr ərizəçilərin təqsirini müəyyən edərkən, həmin şəxslərin üzrlü səbəb olmadan öz kreditorlarına borclarını qaytarmaq barədə qərarları yerinə yetirib - yetirmədiklərini araşdırmağa borcludurlar. Bununla əlaqədar, ərizəçilərin icra məmurunun tələblərinə əməl etməməsinin səbəbi onların maddi imkansızlığı olsaydı, bu 4 saylı Protokolun 1- ci maddəsinə əsasən “heç kəs müqavilə öhdəliyini yerinə yetirmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz” tələbinin pozuntusu olardı. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Khalilov Pakhlavinin hansı növ inzibati tənbeh tətbiq edilməsi məsələsini həll edərkən “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələbini, işin hallarını, icra sənədinin əsasının müqavilə öhdəliyinin yerinə yetirilməsi ilə bağlı olmasını, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini eləcə də borcunu ödəməyə dair öhdəlik götürməsini, qeyd edilənlərin isə icra sənədinin tam və vaxtında icrasına şərait yaradacağına inam yaratmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Khalilov Pakhlavi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. İnzibati xəta törədən şəxs Khalilov Pakhlaviyə məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X8 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Khalilov Pakhlavi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 1000 (bir min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati xəta törədən şəxs Khalilov Pakhlaviyə məhkəmə iclasında 6 saat olmaqla, cəmi 36 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X8 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №3(012)-691/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-691/2025
18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver