Məhkəmə qərarları › İş №3(012)-696/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-696/2021

20.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-696/2021 20.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kmail oğlunun katibliyi, X1nun iştirakı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 13 oktyabr 2020-ci il tarixli MN ******* saylı protokol əsasında qəbul edilmiş 16 noyabr 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X4 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə təqsirli bilinib 300(üç yüz) manat məbləğində cərimə edilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 13 oktyabr 2020-ci il tarixli MN ******* saylı protokol əsasında qəbul edilmiş 16 noyabr 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 məhkəmə iclasında bildirmişdir ki, 08 aprel 2021-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru zəng edərək barəsində qərar olduğunu və şöbəyə yaxınlaşmağını bildirmişdir. Şöbəyə getdiyində onu qərarla tanış edərək bildirmişlər ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən barəsində 16 noyabr 2021-ci il tarixdə İnzibati tənbeh vermə haqqında qərar əsasında İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinin tələblərinə, yəni ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normaların pozulmasına görə 300 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qərar rəsmi olaraq X3 təqdim edilmədiyi, ünvanıma göndərilmədiyi üçün hazırki günədək xəbəri olmamışdır. Həmin qərarı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və və Təbii Sərvətlər İdarəsindən 09 aprel 2021-ci il tarixdə rəsmi qaydada qəbul etmiş, idarənin əməkdaşı avtomobil yuma məntəqəsi işlətdiyini və ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinə səbəb olduğunu bildirmişdir. Qərar qanunsuz və əsassız qəbul edilmişdir. Belə ki, qeyd olunan ərazidəki avtoyuma məntəqəsi onun mülkiyyətində deyildir. Həmçinin avtoyuma məntəqəsini mülkiyyətçidən icarəyə götürməmişdir. Əlavə olaraq bildirmişdir ki, taksi fəaliyyətinin göstərilməsi üzrə vergi ödəyicisiyidir (VÖEN **********), ödəyici kimi qeydiyyatdan keçən zaman göstəriləcək fəaliyyət növü konkret seçilir və seçilmiş fəaliyyət növündən başqa istiqamətdə fəaliyyət göstərilməsi qanunvericiliklə qadağandır. Məlum olduğu kimi onun barəsində araşdırma aparılmadan sadəcə soyad, ad, ata adını qeyd etməklə protokol tərtib edilmişdir. Göründüyü kimi bu hal protokol tərtib edilərkən protokolu tərtib etmiş şəxs tərəfindən kifayət qədər pozuntunun olmasını göstərir. Bu barədə narazılığını idarənin əməkdaşına bildirəndə əməkdaş narazılığında və iradında haqlı olduğunu, mülkiyyətçi olmağın, avtoyuma fəaliyyəti üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olması və ya məntəqəni faktiki olara işlətməyi (icarəyə götürməyi) barədə heç bir əsas olmadan protokol tərtib etdiklərini və bu barədə məhkəməyə müraciət etməyini bildirmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 09 aprel 2021-ci il tarixində aldığı müddətdən qanunvericiliklə qərardan şikayət verilməsi müddəti kimi müəyyən edilmiş 10 günlük müddət çərçivəsində, yəni müddəti ötürmədən şikayətlə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 13 oktyabr 2020-ci il tarixli MN ******* saylı protokol əsasında qəbul edilmiş 16 noyabr 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Barəsində şikayət verilən hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində şikayət verilən hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-in 75-ci maddəsinə görə inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta törətmiş şəxs inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməli və sübut olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 275.2-ci maddəsinə əsasən ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Məhkəmədə müəyyən edilmişdir ki, inzibati protokol tərtib edildiyi zaman X2 iştirakı təmin edilməmiş, protokolda qeyd edilən inzibati xətanı törədib-törətməməsi araşdırılmamışdır. Bundan əlavə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola baxılmasının vaxtı və yeri barədə sonuncuya vaxtında məlumat verməmiş, onu ayrı-ayrı prosessual hərəkətlər barədə xəbərdar etməmiş, onu işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırmamış, öz müdafiəsini hazırlamağa və vaxtında gəlməsinə imkan yaratmaq üçün bildirişi ona müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verməmiş, sonuncunun iştirakı olmadan inzibati xəta haqqında protokola baxaraq, 16.11.2020-ci il tarixdə 300 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq etmişdir. İnzibati protokol tərtib edildiyi zaman X4 protokolda qeyd edilən inzibati xətanı törədib-törətməməsi araşdırılmamışdır. X2 inzibati xəta törətməsi barədə işdə heç bir sübuta istinad olunmamışdır. Məhkəmədə X2 inzibati xəta törətməkdə təqsirli olması sübut olunmamışdır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi inzibati xəta haqqında protokol tərtib edərkən inzibati xəta törətmiş şəxsi yəni, avtoyuma məntəqəsinin mülkiyyətçisini və ya icarəyə götürən şəxsi müəyyən etməmiş, həmin inzibati xətanın X4 tərəfindən törədilməsi qənaətinə gəldiyinə görə onun barəsində qərar qəbul etmişdir. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Məhkəmədə X2 göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübut olunmadığına görə məhkəmə belə nəticəyə gəlir ki, onun barəsində tərtib edilmiş protokol əsasında onun inzibati cərimə edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə təqsirli bilinib 300(üç yüz) manat məbləğində cərimə edilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 13 oktyabr 2020-ci il tarixli MN ******* saylı protokolu əsasında qəbul edilmiş 16 noyabr 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə təqsirli bilinib 300(üç yüz) manat məbləğində cərimə edilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 13 oktyabr 2020-ci il tarixli MN ******* saylı protokolu əsasında qəbul edilmiş 16 noyabr 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X4 barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar