Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-699/2025 15.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC MMC-nin nümayəndəsi X2 iştirakları ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 326-cı maddəsi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı Regional İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC şirkəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsinin inspektoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 10:45-də Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 50, “Araz” marketin yanında "xxxx" MMC-yə məxsus yük daşımalarını yerinə yetirən “Ford Transit” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılmaması, həmin nəqliyyat vasitəsinin sürücüsünün reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi aşkar edildiyindən bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi Nümayəndə protokolda qeyd edilənlərə uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 10:45 radələrində Bakı şəhəri Yasamal rayonu, Tbilisi prospekti 50, “Araz” marketin yanında "xxxx" MMC-yə məxsus yükdaşımanı yerinə yetirən “Ford Transit” markalı, **-JS-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini idarə edən sürücüsü X3 “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 aprel 2009-cu il tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nın 2.2 və 3.2-ci bəndlərinin tələblərini pozmuşdur. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Referans MMC, Medikal Qrup MMC, X9, Zafar Klinik MMC və Universal Hospital MMC ilə tibbi sığorta müqaviləsi bağlanmışdır. Göründüyü kimi "xxxx" MMC sürücülərinə həmin tibb müəssisələrində tibbi müayinədən keçirməli olduğu halda bunu etməmişdir. Qeyd edilənləri nəzərə alaraq "xxxx" MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi X5 izahatında “Ford Transit” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini şirkətin əməkdaşı X3 tərəfindən idarə edildiyini, həmin nəqliyyat vasitəsi ilə şirkətə məxsus süd məhsullarının ayrı-ayrı sahibkarlara məxsus mağazalara çatdırmasının həyata keçirildiyini, sürücünün xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tibbi müayinə kitabçasının olduğunu bildirmiş, icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC barəsində İXM-in 326-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli “Avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında” aktdan görünür ki, həmin tarixdə saat 10:45 radələrində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 50, Araz Marketin yanında "xxxx" MMC-nin mülkiyyətində olan “Ford Transit” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş avtomobil nəqliyyatı avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi qaydasının 2.2 və 3.2 bəndlərinin tələblərini pozduğu aşkar olunmuşdur. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə 3 ədəd foto-görüntü və 1 ədəd video-görüntü mövcuddur. Fotoşəkillərdən biri “Ford Transit” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin X3 tərəfindən idarə edilməsinə hüquq verən etibarnamədir. Digər şəkillərdən biri **-JS-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin görünütsü, digəri isə həmin nəqliyyat vasitəsinin sağ yan tərəfdən reklam əks olunmuş şəkilidir. İşdə olan "xxxx" MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunan sürücünün tibbi müayinə kitabçasından görünür ki, sürücü X3 TM SERVİS MMC-də tibbi müayinədən keçmişdir. Protokol tərtib edən tərəfin izahatından göründüyü kimi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Referans MMC, Medikal Qrup MMC, X9, Zafar Klinik MMC və Universal Hospital MMC ilə tibbi sığorta müqaviləsi bağlanmışdır. Göründüyü kimi "xxxx" MMC sürücülərinə həmin tibb müəssisələrində tibbi müayinədən keçirməli olduğu halda bunu etməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC tərəfindən İXM-in 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nın: 2.2-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını təmin etməlidirlər. 3.2-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin sürücülərinin (bundan sonra - sürücülər) reysqabağı tibbi müayinədən keçmələrini təmin etməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 142 nömrəli qərarı ilə təsdiq edilmiş Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydalarının 1.7-ci bəndinə əsasən: 1.7. Bu Qaydalar aşağıda göstərilən avtomobil daşımalarına şamil edilmir: 1.7.1. kommunal və təcili tibbi yardım xidmətlərə məxsus, həmçinin Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təxirəsalınmaz təcili xidmətlərə aid edilmiş avtonəqliyyat vasitələri ilə yerinə yetirilən daşımalara; 1.7.2. müdafiə, ictimai asayişin qorunması və fövqəladə halların aradan qaldırılması ilə əlaqədar olan avtomobil daşımalarına; 1.7.3. dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının, büdcədənkənar dövlət fondlarının, xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi və xidməti istifadəsi üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitələri ilə yerinə yetirilən daşımalara; 1.7.4. hüquqi şəxslərin və fərdi sahibkarların ümumi istifadədə olan avtomobil yollarına çıxmadan yerinə yetirdiyi texnoloji və təsərrüfatdaxili (müəssisələrin, obyektlərin daxilində) avtomobil nəqliyyatı ilə daşımalarına; 1.7.5. fiziki şəxslərin mülkiyyətində, yaxud istifadəsində olan avtonəqliyyat vasitələri ilə şəxsi ehtiyaclar üçün yerinə yetirdikləri daşımalara. İXM-in 326-cı maddəsinə əsasən sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin mülkiyyətində olan “Ford Transit” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edən sürücü X1 reysqabağı tibbi müayinədən keçirilməsi təmin edilməmiş, həmçinin həmin nəqliyyat vasitəsinin də texniki vəziyyətinin reysqabağı yoxlanılması təmin edilməmişdir. Bu hal iş materiallarına əlavə edilmiş, diskdə olan video və foto-görüntülər, “Avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında” akt və digər iş materialları ilə öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, yuxarıda avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydalarının hansı avtomobil daşımalarına şamil edilmədiyi konkret olaraq qeyd olunmuşdur. Həqiqətən də hüquqi şəxslərin və fərdi sahibkarların ümumi istifadədə olan avtomobil yollarına çıxmadan yerinə yetirdiyi texnoloji və təsərrüfatdaxili (müəssisələrin, obyektlərin daxilində) avtomobil nəqliyyatı ilə daşımalarına həmin qaydaların şamil olunmadığı müəyyən edilmişdir. Lakin qanunverici tərəfindən təsərrüfatdaxili dedikdə, müəssisələrin, obyektlərin daxilində olan daşımaların nəzərdə tutulması göstərilmişdir. Həmin qayda yalnız daşımaların ümumi istifadədə olan avtomobil yollarına çıxmadan həyata keçirildiyi hallar aiddir. Odur ki, "xxxx" MMC tərəfindən İXM-in 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2025-ci il tarixli “Avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında” akt və iş materiallarına əlavə edilmiş disklə tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; İXM-in 9.1 -ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; İXM-nin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir; İXM-nin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; İXM-nin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə, "xxxx" MMC-nin törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və digər halları nəzərə alaraq hesab edir ki, "xxxx" MMC İXM-in 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-699/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-699/2025
15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver