Məhkəmə qərarları › İş №3(012)-701/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-701/2021

03.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-701/2021 03.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi ilə xx xxx 1974-cü ildə Abşeron rayonu, Hökməli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Abşeron rayonu, Hökməli qəsəbəsi, K.Qasımov, ev 54-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair DİN-in Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs 23 fevral 2021-ci il tarixdə saat 23 radələrində Bakı-Quba-Dağıstan sərhəd yolunun Abşeron rayonu ərazisindən keçən 23-cü kilometrində idarə etdiyi VAZ 21074 minik markalı 01BS749 dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən hərəkət üçün təhlükə yarandığını görüb nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinədək azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci bəndinin tələblərini pozaraq hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib piyada keçidindən yolu keçən piyada 1975-ci il təvəllüdlü X2 avtomobilin qabaq hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan sağlamlığa yüngül zərər vurmaya aid sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Buna görə Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə məhkəməyə verilmişdir. İş üzrə məhkəmə iclası 03 may 2021-ci il tarixə, saat 16:35-ə təyin edilmiş, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasına dəvət edilmişdir. Lakin, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə inzibati xəta törətmiş şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizasının 19.03.2021-ci il tarixli, 425 saylı rəyindən görünür ki, X1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – bədəni üzərində sol bud-çanaq oynağının və sol budun geniş sahəli dərialtı hematoması, hərəkət məhdudluğu ilə, sol dirsək oynağı nahiyəsinin arxa səthinin sıyrığı olmuş, həmin xəsarətlər bərk küt əşya təsirindən 23.02.2021-ci ildə yol nəqliyyat hadisəsi zamanı piyada qismində avtomobillə vurulma nəticəsində yarana bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs oğlu barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 31.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq, hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri kimi nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılsın. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar