Məhkəmə qərarları › İş №3(012)-704/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-704/2025

29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-704/2025 29.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X5 Ənvər qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ASC-nin nümayəndəsi, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 iştirakları ilə, Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən daxil olmuş materiala Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair MN № ******* saylı xx.xx.2025-ci il tarixli protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokola əsasən Şəxs Açıq Səhmdar Cəmiyyətinə məxsus yük daşıması yerinə yetirən “Ford Tranzit” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılmaması, həmin nəqliyyat vasitəsi sürücüsünün reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi aşkar edilmişdir. Bununla da Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X4 protokolun məzmununa uyğun izahat verərək protokolun təmin edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC- nin nümayəndəsi, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 etiraz təqdim edərək həm etirazın məzmununa uyğun həm də izahatında bildirdi ki, X3 Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasinin Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və uğurlu islahatlar nəticəsində Ölkəmizdə kənd təsərrüfatı sahəsi iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib. Bu istiqamətdə Abşeron-Şərab ASC fəaliyyət göstərdiyi şərab istehsalat sahəsində daha da böyük uğurlar əldə etməsi üçün daim əzmlə çalışır, Ölkənin ən məsuliyyətli şərab məhsullarının istehsalçısıdır. Abşeron-Şərab ASC Azərbaycan Respublikasında fəaliyyət göstərən şərab istehsalı müəssisəsidir, ASC-də hazırda 150 (bir yüz əlli) nəfərə yaxın işçi çalışır. İstehsal etdikləri şərab məhsulları müxtəlif coğrafi, region və digər adlar ilə istehsal olunur. Azərbaycan Respublikasının İqtisadiyyat Naziriliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi əsas fəaliyyət növü kimi qeydiyyatları ******* nömrə ilə üzümdən şərab istehsalı nəzərdə tutulub. Fəaliyyət istiqamətlərində daşıma fəaliyyəti qeyd olunmamışdır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin Dövlət reyestrindən verilən 13 avqust 2018-ci il tarixli, qeydiyyat nömrəsi: ********** nömrəli çıxarışda fəaliyyət istiqamətləri 11011 nömrə ilə distillə edilmiş və təmizlənmiş spirtli içkilərin istehsalı olması müəyyən olunub. Abşeron- Şərab ASC istehsal etdiyi şərab məhsullarını balansında-mülkiyyətində olan vaqon konteynerlərlə təmin edilmiş saxlanma şəraitinə əməl etməklə əvvəlcədən verilən sifarişlərə uyğun olaraq satış müəsssisələrinə çatdırır. Abşeron-Şərab ASC-də bütün işçilər, o, cümlədən sürücü vəzifəsində çalışan sürücülər əmək fəaliyyətini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə əsasən tərəflər arasında bağlanan əmək müqaviləsi əsasında icra edirlər. İşəgötürənin, yəni Abşeron-Şərab ASC-nin əmək müqaviləsi ilə fəaliyyət göstərən işçilərinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurmasının qarşısının alınması, onlara etibar edilən malların qorunması və təhlükəsiz şəraitdə satış müəssisələrinə çatdırılması ilə bağlı tərəflər könüllü olaraq tam maddi məsuliyyət haqqında yazılı müqavilə bağlayırlar. Bu hal da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri ilə tənzimlənir. Normativ hüquqi aktlar Azərbaycan Respublikasının Qanunun 2.5-ci maddəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq" edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normalarının üstünlüyü inkar oluna bilməz. Bu əsaslar da Nəqliyyat haqqında və Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının Qanunlarına münasibətdə də tətbiq olunur.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən Abşeron-Şərab ASC-nin bütün işçilərinin, o, cümlədən işçi olan sürücülərinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün, yəni digər hüquqi və fiziki şəxslərə münasibətdə, hüquqi və fiziki şəxslər qarşısında tam məsuliyyət daşıyır, həmçinin işçilərin əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı onların vurduğu zərərin əvəzinin tam ödəməsi kimi vacib öhdəliyi də mövcuddur. Bu öhdəlik Nəqliyyat haqqında, Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının Qanunlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarına münasibətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları daha üstün hüquqi qüvvəyə malik olması heç bir halda mübahisə predmeti ola bilməz və mübahisələndirilə bilməz. Daşıyıcılarla yanaşı daşıma fəaliyyəti ilə məşğul olmayan hüquqi və fiziki şəxslərin da ayrıca və daha da məsuliyyətli öhdəlikləri müəyyən olunub. Şərab məhsulları xüsusi baxım tələb edən məhsullar kateqoriyasına daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 850.1 -ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu verdən təyinat verinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. Nəqliyyat haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən “daşıyıcı” - haqq müqabilində sərnişin, baqaj, yük və poçt daşımaları üzrə xidmətləri göstərən, mülkiyyət icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi və ya fiziki şəxsdir. Avtomobil nəqliyyat haqqında Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsinə əsasən daşıyıcı - daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı ilə təsdiq edilən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarım yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydalarına əsasən Bu Qayda “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır, mülkiyyət növündən, təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarım yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi qaydasım müəyyən edir. Bu Qaydanın müddəaları avtomobil nəqliyyatı ilə kommersiya məqsədli müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarını, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını, habelə beynəlxalq və ölkədaxili yük daşımalarını yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlara şamil edilir. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını təmin etməlidirlər. Göstərdikləri hüquq normaları yalnız daşıyıcılara münasibətdə yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürən şəxs və şəxslər olmasına münasibətdə tətbiqi nəzərdə tutulub, lakin Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan X1ra verilən bu səlhiyyətlərdən sui-istifadə edərək, kütləvi şəkildə daşıma fəaliyyəti ilə məşğul olmayan bütün hüquqi və fiziki şəxslər barədə cərimə tətbiq edirlər. Yuxanda istinad etdiyim bütün hüquq normalarında daşıyıcının anlayışı verilib, daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu verdən təyinat verinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürən şəxs və şəxslər olması nəzərdə tutulub, lakin Abşeron-Şərab ASC istehsalat və satış fəaliyyəti haqqı ödənilən daşıma fəaliyyəti, bir sözlə daşıyıcı deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılmasının və sürücülərin tibbi müayinəsinin təşkil edilməməsi,s ərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Bu maddənin tələbində sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsini təşkil etməyən hüquqi və fiziki şəxslər nəzərdə tutulub. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tərtib edilən inzibati xəta haqında 06 fevral 2025- ci il tarixli MN ******* nömrəli protokolda Abşeron-ŞərabASC-nin müəyyən haqq müqabilində hansı qaydada sərnişin və yük daşımalarını yerinə yetirməsini aşkar etməyib və bu barədə protokolda qeydlər aparmayıblar. Təkrar olaraq yuxanda istinad etdiyim bütün hüquq normalarından məlum olur, Abşeron- Şərab ASC istehsalat və satış fəaliyyəti haqqı ödənilən daşıma fəaliyyəti olmadığından avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi qaydası və ya qaydaları Abşeron-Şərab ASC barəsində tətbiq edilə bilmədiyindən, X3 Cəmiyyətinə aid Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci və 101.1 -ci maddəsinə əsasən İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.1 -ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Onların iştirakı ilə araşdırma təmin edilmədən inzibati xəta baradə protokol baxılması üçün məhkəməyə göndərilmişdir. AYNA bu qanunsuz əməli ilə təkrar kobud hüquq pozuntusuna yol vermişdir. Bu maddənin tələblərinini pozan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərtib etdiyi 06 fevral 2025-ci il tarixli, MN ******* nömrəli protokolu 48 saat müddət keçəndən sonra göndərib. Burada da kobud hüquq pozuntusuna yol verilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu-deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində bütün şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1 -ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi inzibati xətalar haqqında qanunvericilik inzibati xəta hadisəsinin baş verməsini və bunun əsasında inzibati məsuliyyətin yaranma əsasını dəqiq müəyyən etmişdir. Toplanmış materiallarla Abşeron- Şərab ASC inzibati məsuliyyətə cəlb oluna bilməz. Belə ki, inzibati xəta hadisəsi hərəkət və ya hərəkətsizlik əlamətləri ilə ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan və təqsirli sayılan əməl kimi qəbul olunur. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılmasının və sürücülərin tibbi müayinəsinin təşkil edilməməsi ilə bağlı qanunvericiliyin pozulması ilə baş vermiş nəticə arasında səbəbli əlaqə olmalıdır. Abşeron- Şərab ASC daşıma fəaliyyəti ilə məşğul olmadığından ASC-nin fəaliyyətində səbəbli əlaqənin olmaması bu inzibati xətada Abşeron-Şərab ASC-nin təqsirliliyini tamamilə istisna edir. Abşeron-Şərab ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsi barədə qərar qəbul edilməsini, qanunvericiliyin normalarının səhv təfsiri, inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aradan qaldırmaq haqqında və bu əsaslarla gələcəkdə daha dəqiq qərarlar qəbul edilməsi və saxtakarlığa', qərəzliliyə, yanlışlığa yol verilməməsi üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə təqdimat verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

1. "Avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında” 06 mart 2025-ci il tarixli aktdan görünür ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinə məxsus yük daşıması yerinə yetirən "Ford Tranzit” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılmaması, həmin nəqliyyat vasitəsi sürücüsünün reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi aşkar edilmişdir;

2. İnzibati xəta haqqında 06 mart 2025-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs Açıq Səhmdar Cəmiyyətinə məxsus yük daşıması yerinə yetirən "Ford Tranzit” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılmaması, həmin nəqliyyat vasitəsi sürücüsünün reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi aşkar edilmişdir;

3. İş materiallarına əlavə edilmiş diskdə olan videogörüntüdən müəyyən edilir ki, “Ford Tranzit” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsinin inspektorunun tələbinə əsasən avtomobil texniki vəziyyətinin yoxlanılması və onun tibbi müayinədən keçməsinə dair arayış təqdim edilmir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Ona görə də Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nın: 1.2- ci maddəsinə əsasən bu Qaydanın müddəaları avtomobil nəqliyyatı ilə kommersiya məqsədli müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarını, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını, habelə beynəlxalq və ölkədaxili yük daşımalarını yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlara şamil edilir; 2.2- ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 142 nömrəli qərarı ilə təsdiq edilmiş Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydalarının 1.7-ci bəndinə əsasən: 1.7. Bu Qaydalar aşağıda göstərilən avtomobil daşımalarına şamil edilmir: 1.7.1. kommunal və təcili tibbi yardım xidmətlərə məxsus, həmçinin Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təxirəsalınmaz təcili xidmətlərə aid edilmiş avtonəqliyyat vasitələri ilə yerinə yetirilən daşımalara; 1.7.2. müdafiə, ictimai asayişin qorunması və fövqəladə halların aradan qaldırılması ilə əlaqədar olan avtomobil daşımalarına; 1.7.3. dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının, büdcədənkənar dövlət fondlarının, xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi və xidməti istifadəsi üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitələri ilə yerinə yetirilən daşımalara; 1.7.4. hüquqi şəxslərin və fərdi sahibkarların ümumi istifadədə olan avtomobil yollarına çıxmadan yerinə yetirdiyi texnoloji və təsərrüfatdaxili (müəssisələrin, obyektlərin daxilində) avtomobil nəqliyyatı ilə daşımalarına; 1.7.5. fiziki şəxslərin mülkiyyətində, yaxud istifadəsində olan avtonəqliyyat vasitələri ilə şəxsi ehtiyaclar üçün yerinə yetirdikləri daşımalara. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs ASC tərəfindən özünə məxsus olan “Ford Tranzit” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə istehsal etdiyi məhsulları kommersiya məqsədi ilə bir ünvandan digər ünvana daşımışdır. Keçirilmiş yoxlama zamanı həmin nəqliyyat vasitəsinin reysqabağı texniki müayinədən keçməməsi aşkar edilmişdir. Bu hal iş materiallarına əlavə edilmiş, diskdə olan videogörüntü və foto-görüntülər, “Avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında” akt və digər iş materialları ilə öz təsdiqini tapır. Məhkəmə, həmçinin Şəxs ASC-nin nümayəndəsinin izahatında qeyd etdiyi “Ford Tranzit” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin şirkət tərəfindən kommersiya məqsədli daşımalar üçün deyil, şirkətin öz məhsullarını daşınması məqsədilə istifadə edilməsi” barədə xüsusatlara tənqidi yanaşır və həmin izahatı məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Belə ki, yüklərin daşınmasının təşkil edilməsi kommersiya fəaliyyətinin bir hssəsi olmaqla icra edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 326-cı maddəsinə əsasən sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 18.1 -ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digərictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "Abşeron-Şərab” ASC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə ASC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, habelə inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların olmaması qənaətinə gələrək, iş üzrə sübutları qiymətləndirib hesab edir ki, "Abşeron- Şərab” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbərtutaraq, məhkəmə QƏRARA ALDİ: "Abşeron-Şərab” ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar