Məhkəmə qərarları › İş №3(012)-706/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-706/2023

25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-706/2023 25.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş Xüsusi Tağım Yol Patrul Xidməti inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi vəkil X2 iştirakı ilə, xx.xx.1989-cu ildə Xocalı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Ağdaş rayonu, Aşağı Nemətabad kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin (bundan sonra İXM) 334.1, 342.9, 511.1.3-cü maddələrində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1, 342.9, 511.1.3-cü maddələri ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair DİN-in BDYPİ-si tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 12:23-də narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi, mexaniki nəqliyyat vasitəsi hesab olunan “HYUNDAİ SANTA FE minik” markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etməklə Abşeron rayonu, Mehdiabad qəsəbəsində hərəkətdə olarkən, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxarmaqla və yolun səthində çoxsaylı təkər izləri buraxmaqla avtoxuliqanlıq etmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 334.1, 342.9, 511.1.3-cü maddələri ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi Xüsusi Tağım Yol Patrul Xidməti inspektoru X4 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 334.1, 342.9, 511.1.3-cü maddələrinə əsasən protokol tərtib edilmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü protokol üzrə təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 12:23-də “HYUNDAİ SANTA FE minik” markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, polis tərəfindən nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməyərək, ara küçələrlə qaçmağa cəhd etmişdir. Səbəb qorması olmuşdur. Saxlanıldığı vaxt sərxoş olmamışdır. Əməli səmimi etiraf edir, barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 hüquqlarını müdafiə etdiyi şəxsin əməlindən peşman olmasını və cavan olmasını nəzərə alaraq, onun barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: DİN-in BDYPİ-in xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 334.1, 342.9, 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Yol-patrul xidmətinin avtomobilində quraşdırılmış videomüşahidə cıhazı vasitəsilə qeyd alınmış bir ədəd CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, “HYUNDAİ SANTA FE minik” markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etməklə yol hərəkəti qaydalarını müxtəlif üsullarla pozur, idarə etdiyi nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səsləri çıxarır və yolun səthində çoxsaylı təkər izləri buraxıraq avtoxuliqanlıq edir. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında xx.xx.2023-cü il tarixli 2640 nömrəli aktdan görünür ki, Şəxs müayinə nəticəsində sidikdə antimetafin və marixuanadan istifadə etməsi faktı müəyyən edilmişdir. Şəxs alkoqol sərxoşluğu yoxdur. Məhkəmə proses iştirakılarının işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs əməlində protokolda qeyd edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9, 511.1.3-cü maddələrində nəzərdə tutulan inzibati məsuliyətin yaranması sübut olunsa da onun hərəkətlərində İXM-nin 334.1-ci maddə ilə inzibati xəta tərkibi olmadığından barəsində həmin epizod üzrə başlanılmış inzibati icraata xitam verilməlidir. Belə ki, «X7» Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən «Azərbaycan Respublikasının səhiyyə müəssisələri yol-nəqliyyat hadisələri nəticəsində zərər çəkənlərə yardım göstərilməsini təmin edir, nəqliyyat vasitəsini idarə edən şəxslərin alkoqoldan, narkotik vasitələr, psixotrop maddələrdən və güclü təsir göstərən digər maddələrdən istifadə nəticəsində sərxoş vəziyyətdə olub-olmadıqlarını müəyyən edir, onların uçotunu aparır, nəqliyyat vasitələrini idarə etməyə yararlılıq haqqında arayış verirlər». Həmin Qanunun 83-cü maddəsinə görə, «müəyyən edilmiş hərəkət sürəti həddini aşmaq, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismarı faktını və nəqliyyat vasitələrinin alkoqol və ya güclü təsir göstərən digər maddələrin istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halları müəyyənləşdirmək üzrə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşları yalnız xüsusi cihazlar vasitəsi ilə həyata keçirirlər. (narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir). Belə halları müəyyənləşdirmək üçün başqa üsullardan istifadə edilməsi yolverilməzdir». Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 saylı xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”-nın 2.5-ci bəndinə “şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən protokol tərtib edilir”. Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Göründüyü kimi, şəxsin həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunması üçün nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halında aşkar olunması müəyyən edilməlidir. Hansı ki, istər işdə olan materiallarla, istərsə də məhkəmədə verilən izahatlarla müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 12:23-də “HYUNDAİ SANTA FE minik” markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etməklə Abşeron rayonu, Mehdiabad qəsəbəsində hərəkətdə olarkən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxarmaqla və yolun səthində çoxsaylı təkər izləri buraxmaqla avtoxuliqanlıq etdiyinə görə həmin ərazidə xidmətdə olan Xüsusi Tağım Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə olması müəyyən edilməmişdir. Şəxs müayinə keçərkən sidiyində antimetafin və marixuanadan istifadə etməsi faktı müəyyən edilsə də onda alkoqol sərxoşluğu aşkar edilməmişdir. Belə ki, aktda müayinə edən həkim tərəfindən Şəxs narkotik vasitələrin, psixotrop maddələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyətinə hər hansı münasibət bildirilməmişdir. Ona görə də onun bu əməli həmin maddənin təsiri altına düşməməklə təqsirli bilinərək tənbeh oluna bilməz. Məhkəmə iş üzrə toplanmış mötəbər sübutlarla qiymət verərək, qeyd edir ki, Şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 342.9, 511.1.3-cü maddələrinə düzgün tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, «X7» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinə görə sürücü hərəkətinin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və metreoloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Həmin maddənin Vİ hissəsinə görə sürücülərə nəqliyyat vasitəsini onun texniki xarakteristikası üzrə müəyyən edilmiş maksimum sürətdən artıq sürmək, lüzumsuz olaraq həddindən az sürətlə hərəkət etməklə başqa nəqliyyat vasitələri üçün maneə yaratmaq, yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün lazım olan hallar istisna edilməklə, nəqliyyat vasitəsini sərt tormozlamaq qadağandır. Məhkəmə qeyd edir ki, hər bir şəxs, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ictimai qaydanın pozulmasından çəkinməlidir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etməklə idarə etdiyi avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması halına yol verməklə avtoxuliqanlıq etməsi özündə əks etdirilən video diskdə olan görüntülərlə təsdiq edilir. Azərbaycan Respublikasının İXM-in 511.1.3-cü maddəsinə əsasən, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-in 76.1-ci maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İXM-in 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilməmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9, 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən hesab edir ki, Şəxs törətmiş olduğu inzibati xətaya görə İXM-in 511.1.3-cü madddəsinin sanksiyasında nəzərdə tutulan daha ciddi xətaya görə inzibati tənbeh edilməlidir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində İXM-nin 511.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər vəkil bürosunun vəkili X3 müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar