Məhkəmə qərarları › İş №3(012)-707/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-707/2024

02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-707/2024 02.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Həsənli Salatın Etibar qızının katibliyi, Barəsində çıxarılmış inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X4 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X7 İdarəsinin qəbul etmiş olduğu xx.xx.2024cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi İlqar Məmmədov şikayəti müdafiə edib, şikayətdə yazılanlara uyğun izahat verərək bildirmişdir ki, o, 19 yanvar 2024-cü il tarixdə saat 14:10 radələrində idarə etdiyi ona məxsus **-TV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Moskva prospektindən Mir Cəlal küçəsinə manevr edərkən **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı “OPEL” markalı avtomobil onun avtomobilinin arxa sağ nahiyyəsindən vuraraq avto-nəqliyyat hadisəsi törətmişdir. O, avtomobildən düşərkən hadisəni törədən şəxs ona irad bildirərək “niyə mənə imkan vermədinki, yanacaq doldurma məntəqəsinə daxil olum?” demiş, o isə ona bildirmişdir ki, YDM-ə buradan giriş yoxdur. Siz buradan YDM-ə daxil olsanız qoşa xəttin tələbini pozacaqsınız. YDM-ə giriş Moskva prospektinin Xırdalan istiqamətindəndir. O, həmin şəxsə real vəziyyəti izah etməyə çalışsa da qarşı tərəf onunla razılaşmamışdır. O, bunu nəzərə alaraq, polisin “102” qaynar xəttinə müraciət etmişdir. Yol nəqliyyat hadisəsindən təxminən 1 saat keçdikdən sonra 2 ayrı-ayrı polis maşını ilə polis əməkdaşları hadisə yerinə yaxınlaşmışlar. Polis əməkdaşları gələnə qədər avtomobilləri hadisə yerindən kənara aparılmamışdır. Hadisə yerinə təhkim olunmuş polis əməkdaşlarından heç biri avtomobillərdən düşməyərək, heç bir ölçü götürməyərək, heç bir fotoşəkil çəkməyərək avtomobilləri hadisə yerindən YDM-nin həyətinə çəkdirmişdir. Maşının içindən düşməyən, rütbəsini belə bilmədiyi polis əməkdaşı sənədləri alıb gedin sərxoşluq müayinəsindən keçin, sabah saat 11-də Bakı şəhəri BPİ DYPİ-nin 7-ci otagina gələklərini tapşıraraq oradan getmişdir. O, hadisə yerindən birbaşa Səhiyyə Nazirliyinin Sərxoşluğun Təyin olunması idarəsinə getmiş, sərxoşluq müayinəsindən keçib, arayışı Bakı Şəhəri BPİ DYPİ-ə təqdim etmişdir. Qarşı tərəfin müayinədən keçib-kecməməsi haqqinda hec bir məlumatı yoxdur. Halbuki, hər iki sürücü polisin iştiraki ilə X1 müayinə olunmalı idi. Hadisə ilə bağlı Bakı şəhər BPİ DYPİ-nin YNHÜŞ-nin inspektoru, polis kapitanı tərəfindən heç bir araşdırma aparılmadan xidməti maşından düşmədən, yolnəqliyyat hadisəsinin baş vermə ardıcıllığını soruşmadan xidməti borcun formal icra edilməsi xatirinə onun barəsində Yol hərəkəti haqqında AR Qanununun 42-ci maddəsində nəzərdə tutulan əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydalarının pozulmasına görə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* nömrəli protokol tərtib edilmiş və 40 manat cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə TP ******* saylı qərar qəbul olunmuşdur. Göründüyü kimi barəsində qəbul edilmiş protokol və onun əsasında inzibati tənbeh verməyə hüquqi əsas qismində polis kapitanın istinad etdiyi maddi hüquq normasının (Yol hərəkəti haqqında AR Qanununun 42-ci maddəsi) dispozisiyası 15 bənddən ibarət olmaqla bu bəndlərin heç biri baş vermiş yol-nəqliyyat hadisəsinin hüquqi tənzimlənməsini təmin edə bilməz. Qeyd olunan maddi hüquq norması bütövlükdə müxtəlif vəziyyətdən, müxtəlif şəraitdən, habelə nəqliyyat vasitəsinin təyinatından və digər diqqətəlayiq hallara uyğun şəkildə hərəkətə başlama və manevr etmə qaydalarını müəyyən etmişdir. Lakin yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi və hallarından məlumatsız olan və araşdırmağa cəhd etməyən polis kapitanı formal olaraq Yol hərəkəti haqqında AR Qanununun 42-ci maddəsini göstərməklə səthi və ən əsası qanunsuz qərar qəbul etmişdir. Məhz bu səthi və qeyri-peşəkar yanaşmanın təzahürüdür ki, inzibati tənbeh vermə haqqında qərarda həmin qərarı qəbul edən vəzifəli şəxsin rütbəsi baş leytenant mənim müraciətimə gələn rəsmi cavablarda isə rütbəsi kapitan kimi qeyd edilmişdir. Hesab edir ki, tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğu üçün rədd olunmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X7 İdarəsi nümayəndəsini məhkəmə iclasına göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X7 İdarəsi polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən X4 həmin tarixdə, saat 14:10 radələrində Bakı şəhəri, Moskva prospektindən Mir Cəlal küçəsinə manevr edərkən idarə etdiyi “BMW 528 Xİ” minik markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir; Məhkəmə şikayəti və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, hesab edir ki, şikayət qismən təmin edilməli, mübahisələndirilən inzibati xəta haqqında qərar ləğv edilərək, iş yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər; 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir; Qeyd edilən xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X4 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib etmiş Bakı şəhər X7 İdarəsinin nümayəndəsi sübutları, hadisəni əks etdirən foto və video görüntüləri məhkəməyə təqdim etməmişdir. Beləliklə də həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə bu hallara münasibətdə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən sonuncunun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından qərar ləğv edilməli və şikayətdə qeyd edilənlər yenidən ətraflı araşdırılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar