Məhkəmə qərarları › İş №3(012)-727/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-727/2022

27.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-727/2022 27.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin Mehdiabad PB-nin sahə rəisi polis kapitanı X10 oğlunun iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan X2 barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİ-nin Mehdiabad PB-nin sahə rəisi polis kapitanı X7 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə daxil olmuş inzibati tənbeh vermə barədə MN ******* saylı protokoldan görünür ki, Şəxs 27.04.2022-ci il tarixdə Mehdiabad qəsəbəsi ərazisində Samir Kazımovun və polis əməkdaşının ünvanına nalayiq söyüşlər söyüb polisin qanuni tələblərinə tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə protokol tərtib olunmuşdur. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron RPİ-nin Mehdiabad PB-nin sahə rəisi polis kapitanı X7 bildirdi ki, Abşeron rayon Mehdiabad qəsəbəsi Sahil küçəsində ev 45-də yaşayan Samir Kazımov bölməyə yaxınlaşmaqla bildirdi ki, tanışı Şəxs onun yaşadığı evə gəlib onları nalayiq söyüşlərlə söyüb təhqir edir və evinə hücum edir. Əməliyyat qrupunun üzvləri əməliyyat müvvəkkili polis kapitanı Əli Əliyev və TŞ-nin baş təhqiqatçısı polis mayoru Aslan Babaşovla hadisə yerinə yaxınlaşmışlar. Orada sonradan adının Təranə olduğunu bildikləri qadının küçədə nalayiq söyüşlər söydüyünü görmüşlər. Onlar Şəxs nizam intizama dəvət etsələr də Şəxs özünü betonun üstünə çırparaq tabesizlik göstərmiş və onların da ünvanına nalayiq söyüşlər söymüşdür. Məhkəmə baxışında iştirak edən zərəçəkmiş şəxs X8 bildirdi ki, Şəxs ilə əvvəllər aralarında qeyri-rəsmi ər-arvad münasibətlərində olmuşlar. 27.04.2022-ci il tarixdə gecə saat 04.30 radələrində əmisi oğlu ilə birlikdə işə gedərkən evdən zəng gəlmiş və Şəxs qapıda dayanıb səs küy salmasını, nalayiq söyüşlər söyməsini bidirdilər. O, yoldan qayıdıb polislərə məlumat vermiş və onlarla birlikdə yaşadığı ünvana gəlmişdir. Orada Şəxs onun, ailə üzvlərinin və polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyməsinin şahidi olmuşdur. Məhkəmə baxışında şahid qismində iştirak edən Abşeron rayon Polis İdarəsinin Mehdiabad polis bölməsinin sahə rəisi, polis mayoru Aslan Babayev və polis serjantı X9 RPİ-nin Mehdiabad PB-nin sahə rəisi polis kapitanı X7 bildirmişlər ki, 27.05.2022-ci tarixdə 05.20 radələrində Abşeron RPİ-nin Mehdiabad PB-də əməliyyat qurupunda xidmətdə olduqlar zaman Mehdiabad PB-nin məsul növbətçisi polis mayor Elşən Əliyev bildirmişdir ki, Abşeron rayonu Mehdibad qəsəbəsi Sahil küçəsində ev 45-də yaşayan X1 PB-nə yaxınlaşıb bildirib ki, tanışı Şəxs onun yaşadığı evə gəlib onları nalayiq söyüşlə söyüb təhqir edir və evinə hücüm edir. Hadisə yerinə çatan zaman sonradan adı məlum olan Şəxs küçədə nalayiq söyüşlər söydüyünü görmüşlər. Şəxs nizam intizama dəvət etmişlər. Lakin Şəxs bir neçə dəfə nizam intizama dəvət olunsada özünü daş betonun üstünə çırparaq bizi və vətəndaşları nalayiq küçə söyüşləri ilə söyüb təhqir etməyi davam etdirmişdir. Şəxs, növbətçi hissənin avtomobilinə əyləşdirilib polis bölməsinə gətirilən zaman yenə də nizam intizama dəvət olunsada tabesizlik göstərməklə nalayiq söyüşlər söyüb bizim onlara tüpürərək polisin ünvanına nalayiq söyüşlər söymüşdür. Məhkəmə iclasında Şəxs bildirdi ki, Samir Kazımovla qeyri-rəsmi münasibətləri olub. Həmin dövrdə Samir Kazımov hissə-hissə olmaqla ondan 20000 manat pul almışdır. 26.04.2022-ci il tarixdə o, Samirə zəng etməklə borcunun heç olmasa bir hissəsinin qaytarılmasını istəmişdir, o da söz vermişdir ki, uçuşdadır, gecə saat 1-2 arası yerə enəcək, zəng edib pulu qaytaracaq. O, gecə saat 4 radələrində Samirin yaşadığı evin qarşısına gəlmiş, ona zəng etmiş, Samir də ondan 5-10 dəqiqə gözləməsini xahiş etmişdir. lakin o, 15-20 dəqiqə gözlədikdən sonra sonuncu polislə birgə gəlmişdir. O da əsəbləşmiş və özünü saxlaya bilməməklə Samir Kazımovun və polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söymüşdür. Hazırda törətdiyi əməldən peşmandır. Ona məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış etmiş Vəkil Şəxs əməlindən peşaman olmasın nəzərə alınmasını xahiş etdi. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 510-cı maddəsi Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göstərilənlərə əsasən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, Şəxs törətmiş olduğu inzibati xətaya görə 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan daha ciddi xətaya görə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İş materiallarında olan hamilə tibbi kitabçasından görünür ki, Şəxs 10 həftəlik hamilədir. Məhkəmədə Şəxs hamilə olmasını və himayəsində azyaşlı övladının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarında olan sərxoşluq vəziyyətinin müəyyən edilməsinə dair tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcəli sərxoş vəziyyətdə olmuşdur. İş üzrə Şəxs əməli sərxoş vəziyyətdə törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir. Məhkəmə Şəxs əməlindən peşman olmasını onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alır və hesab edir ki, cərimə növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 200 manat inzibati cərimə tətbiq olunsun. Qərarın icrası Bakı şəhəri, Xətai rayon İcra və Probasiya Xidmətinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar