Məhkəmə qərarları › İş №3(012)-73/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-73/2023

23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-73/2023 23.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə, xx.xx.1988-ci ildə Şamaxı rayonu, Qurbançı kəndində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" QSC-də satış nümayəndəsi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: xx.xx.2022-ci il tarixdə saat 11:40 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 16-cı kilometrliyində 1988-ci il təvəllüdlü Şəxs idarə etdiyi “Citroen C4” minik markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtomobillə, qarşıda dayanmış 1981-ci il təvəllüdlü X5 idarə etdiyi etdiyi “Mercedes Benz 3340” yük markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə “Citroen C4” minik markalı avtomobildə olan sərnişinlər 1968-ci il təvəllüdlü X2 və 1997-ci il təvəllüdlü X4 xəsarətlər almışlar. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə məhkəməyə verilmişdir. İş üzrə məhkəmə iclası təyin edilmiş, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, protokolu tərtib etmiş orqanın nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına dəvət edilmişdir. Lakin, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, protokolu tərtib etmiş orqanın nümayəndəsi və zərərçəkmiş şəxs məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-in 61.3, 62.4 və 112.1.4-cü maddələrinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı ilə baxılır. Həmin işlərə tərəflərin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin onlara vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 sentyabr 2022-ci il tarixli qərardan müəyyən edilir ki, toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun əməlində yüngül dərəcəli xəsarət almış zərərçəkmiş şəxsə münasibətdə inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Abşeron RPİ-nin DYPŞ-nə göndərilmişdir. Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X7 alınmış xx.xx.2022-ci il tarixli 2037 nömrəli ekspert rəyində göstərilmişdir ki, vətəndaş 1968-ci il təvəllüdlü X1 məhkəmə-tibbi ekspertiza müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər – sol bazu sümüyünün aşağı 1/3-nin qapalı qəlpəli yerdəyişmiş sınığı, sol mil sinirinin travmatik neyropatiyası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X7 alınmış xx.xx.2022-ci il tarixli 2038 nömrəli ekspert rəyində göstərilmişdir ki, vətəndaş 1997-ci il təvəllüdlü X3 məhkəmə-tibbi ekspertiza müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər – alın nahiyəsinin əzilmiş-cırılmış yarası bərk küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvumaya aiddir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 8/2272 nömrəli rəyində göstərilmişdir ki, “Citroen C4” minik markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş, sürücü Şəxs maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuş, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes Benz 3340” yük markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması 16 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, ekspert rəyi ilə və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Abşeron rayon icra və probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar