Məhkəmə qərarları › İş №3(012)-731/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-731/2025

18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-731/2025 18.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X6 polis sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə Müəyyən etdim: Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair X6 polis sahə rəisi, polis baş leytenantı X3 tərəfindən tərtib olunmuş 16 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X6 polis sahə rəisi, polis baş leytenantı X3 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Abşeron RPİ-nin Saray PB-nin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin istifadəsi və gəzdirilməsində şübhəli bilindiyi üçün saxlanılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs narkotik vasitə istifadə etməsi müəyyən olunmuşdur. Abşeron RPİ-nin TŞ-nin qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, Şəxs 206-cı maddəsi ilə nəzərdə tutulan məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Abşeron RPİnin İTŞ-nə həvalə edilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra tərəfindən Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək, izahatında bildirmişdir ki, bir müddətdir ki narkotik vasitədən arabir istifadə edir. Narkotik vasitələrdən istifadə etdiyi üçün peşmandır. Qeyd etdiklərinin nəzərə alınaraq məhkəmədən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin səmimi peşmançılığını əsas gətirərək sonuncu barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 16 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-cü ildə, saat 03:30 radələrində Masazır kəndi, Duz Gölünün yaxınlığında Saray PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin gəzdirilməsində şübhəli bilindiyi üçün saxlanılmış, həkim müayinəsindən keçirilərkən sidik nümunəsindən kannabinioidlər aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş (Cinayət işinin başlanmasının rədd edilməsi haqqında) xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Abşeron RPİ-nin Saray PB- nin CA üzrə əməliyyat miiəvəkkili polis kapitanı Yaşar Misirovun raportu əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi üçün qərarın surətinin aidiyyəti üzrə Abşeron RPİ-nin Saray PB-nə göndərililməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Şəxs barəsində tutma protokolundan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 06.50-də tutulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2025-ci il tarixli 1626 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs Kannabinoidlərdən istifadə etmə Nalları olub. Lakin, hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibbi müəsissəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində X6 polis sahə rəisi, polis baş leytenantı İsgəndərli Kamran oğlu tərəfindən İXM-in 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, istər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, istərsə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi etirafedici izahatı ilə onun İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə həmin maddənin tələbini nəzərə alaraq, hesab edir ki, ona İXM-nin 206-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə məbləğinin İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə, dörddə üçündən çox olmayan həddə cərimə təyin edilməlidir. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati cərimə növündə inzibati tənbeh təyin edilməli və ərazi narkoloji tibbi müəsissəsində profilaktik qeydiyyata alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin və ərazi narkoloji tibbi müəsissəsində profilaktik qeydiyyata alınsın. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın İcrası Bakı şəhər Probasiya İdarəsinə və Bakı şəhəri Suraxanı rayonu İcra şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar