Məhkəmə qərarları › İş №3(012)-739/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-739/2025

18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-739/2025 18.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş şəxs: Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, X1 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxxxx 1988-ci il tarixdə Göyçay rayonunun Bığır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Göyçay rayonunun Bığır kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır kəndi, Zəngilan şəhərciyi Yaşayış Kompleksinin yaxınlığında yerləşən fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsndən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis leytenantı Tərlan Gülməmmədov izahat verərək bildirdi ki, Şəxs 24 yanvar 2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolunda yerləşən “Ford” servisin həyətində Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunu söyüb təhqir etmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı, yəni xırda xuliqanlıq əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilərək, bildirmişdir ki, o, əvvəllər Zərərçəkmiş şəxs ilə qeyri rəsmi ailə münasibətlərində olmuş və sonuncu onun evində yaşamışdır. Bir müddət əvvəl münasibətlərini sonlandırmaq qərarına gəldiyi üçün Zərərçəkmiş şəxs onun evini tərk etməsini tələb etmişdir. Zərərçəkmiş şəxs ilə aralarındakı olan danışıqdan bir neçə gün sonra sonuncu onun iş yerinə gələrək onunla mübahisə yaratmağa çalışmış, qərəzli olaraq evi tərk etməyəcəyini bildirərək, şəxsiyyətini təhqir etdiyi üçün qarşılıqlı olaraq onun ünvanlna nəlayiq ifadələr işlətmişdir. Hadisədən sonra dəfələrlə Xavərdən üzr istəyərək, barışmağa cəhd etsə də, lakin sonuncu onunla barışmaqdan imtina etmişdir. Barəsində tərtib edilmiş materiala məhkəmədə baxılan zaman da Zərərçəkmiş şəxs təkrar üzr istəyərək, barışmağa cəhd eləsə də, lakin sonuncu onun üzrünü qəbul etməmişdir. Sonda əməlindən peşman olmasını, əvvəllər inzibati məsuliyyətə cəlb edilməməsini, himayəsində üç uşağının olmasını qeyd edərək, fərdi əmək fəaliyyəti ilə məşğul olaraq daimi gəlirə malik olmasını bildirməklə, barəsində həbslə bağlı olmayan tənbeh tədbiri tətbiq edilməsini təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadə verərək, bildirdi ki, Şəxsla uzun müddət qeyri-rəsmi münasibətləri olmuşdur. Şəxs ona qarşı etinasız davranışı ilə əlaqədar dəfələrlə ondan ayrılmaq qərarına gəlsə də, sonuncu buna imkan verməmişdir. O, uzun müddətdir ki, Şəxs məxsus mənzildə öz qızı ilə birlikdə yaşayır. Hadisə günü Rəşadla telefonla danışan zaman aralarında mübahisə yarandığından sonuncunun iş yerinə getmiş, uzun olmayan söhbətdən sonra ondan qısa vaxt ərzində evi boşaldaraq təhvil verməsini tələb etmişdir. O, Rəşada onların münasibətini dəstəkləməyən qohumlarının onunla əlaqəsini kəsməsini bildirdikdə, sonuncu səbəbsiz yerə onu azyaşlı uşağının yanında söyüb təhqir etmişdir. Hazırda Şəxs şikayətçi olmasını və aralarında barışığın mümkünsüzlüyünü bildirməklə, sonuncu barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə ağır tənbet tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

1. Abşeron rayon Polis İdarəsinin Təfqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X2 tərəfindən qəbul edilmiş 14 mart 2025-ci il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərara əsasən Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 maddələrində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilməsi qərara alınmışdır;

2. “İnzibati xəta haqqında” 18 mart 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 24 yanvar 2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolunda yerləşən “Ford” servisin həyətində Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunu söyüb təhqir etmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı, yəni xırda xuliqanlıq əməlini törətmişdir.

3. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə barəsində inzibati icraat aparılan şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Şəxs himayəsində 04 aprel 2015-ci il təvəllüdlü X4, 21 noyabr 2016-cı il təvəllüdlü X3 və 04 iyun 2024-cü il təvəllüdlü X5 adlı uşaqları vardır.

Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32-ci maddəsinə əsasən Şəxs əməlindən peşman olması və himayəsində 03 uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini, təqsir dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların aşkar edilməməsini, həmçinin zərərçəkmiş şəxslə barışmaq üçün dəfələrlə cəhd etməsini, eləcə də tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 100 (yüz) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar