Məhkəmə qərarları › İş №3(012)-74/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-74/2025

04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-74/2025 04.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Şəxs MMC-nin nümayəndəsi X2 və X1 iştirakı ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankından Şəxs MMC barəsində daxil olmuş Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair EP ******* nömrəli, 10 dekabr 2024-cü il tarixli protokol və ona əlavə edilmiş materiallar Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş EP ******* nömrəli, 10 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 280872.00 ABŞ dolları məbləğində olan vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və iki il müddət keçsə də, 115000.00 ABŞ dolları məbləğində olan vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankına və Şəxs MMC-nin ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, tərəflərin etibarnamə üzrə nümayəndələri məhkəmə iclaslarına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddələrinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddələrinə əsasən işə protokol tərtib etmiş qurumun nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X2 bildirdi ki, Şəxs MMC ilə “ELUCK GROUP LİMİTED” şirkəti arasında bağlanmış müqaviləyə əsasən "xxxx" ASC-də olan hesabdan həmin şirkətin bank hesabına qabaqcadan avans olaraq 280872.00 ABŞ dolları məbləğində vəsait köçürülmüş, həmin vəsait “ELUCK GROUP LİMİTED” şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına 165.872.00 ABŞ dolları məbləğində mal göndərilmişdir. 115.000.00 ABŞ dolları məbləğində qalan məbləğ isə qarşılıqlı razılaşma əsasında “ELUCK GROUP LİMİTED” şirkətinin filial şirkəti YİLEHAN İMPORT AND EXPORT LİMİTED tərəfindən 19 aprel 2023-cü il tarixində Şəxs MMC-nin hesabına göndərilmişdir. Köçürülmüş vəsaitin geri qaytarılması faktı isə təqdim etdikləri müqavilələr və digər sənədlər ilə sübuta yetirilir. Göstərilənləri nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs MMC-nin hesabından “ELUCK GROUP LİMİTED” şirkətinin hesabına xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən xx.xx.2022-ci il tarixdə 280872.00 ABŞ dolları vəsait köçürülmüşdür. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Şəxs MMC xx.xx.2022-ci il tarixdə 280872.00 ABŞ dolları avans ödənişi etmiş, lakin 2 il müddətində 115000.00 ABŞ dolları məbləğində mal və ya xidmətlərin idxalını təsdiq edən müvafiq sənədləri "xxxx" ASC-yə təqdim etməmişdir. “ELUCK GROUP LİMİTED” şirkəti tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2025ci il tarixli məktubdan görünür ki, 2 noyabr 12, 2022-ci il tarixli AZE-SS, Y-20230101 saylı və 11 noyabr 2022-ci il tarixli AZE-SSY-20221111 saylı qarşılıqlı müqavilələri əsasında ödənilmiş 280.872,00 ABŞ dolları məbləğində vəsait ödənilərək hesaba köçürülüb. Nəzərə alın ki, 165.872.00 ABŞ dolları dəyərində mal göndərilib. 11 noyabr 2022-ci İl tarixli AZE- SSY-20230101 müqaviləsi əsasında ödənilmiş 115.000.00 ABŞ dolları məbləğində qalan məbləğ filial şirkətləri YİLEHAN İMPORT AND EXPORT LİMİTİ tərəfindən qarşılıqlı razılaşma əsasında 19 aprel 2023-cü il tarixində ödənilmişdir. Nəzərə alın ki, bu addım qeyd olunan tarixlərdə ELUCK GROUP LİMİTED-in hesablarında yaranan problemlərə görə atılıb. Hər iki şirkətləri 11 noyabr 2022-ci il tarixində edilən depozit əmanət əsasında bu ödəmə sənədini imzalarıyla təsdiqləyir. xx.xx.2023-cü il tarixli qarşılıqlı müqavilədən görünür ki, 11 noyabr 2022-ci il tarixində X5 MMC/X6 LLC 11 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən AZE-SSY-20221 111 istinad nömrəli 115.000 ABŞ dolları məbləğində vəsaiti Eluck Group Limited şirkətinə köçürüb. Eluck Group Limited ödəmə öhdəliyini filial şirkəti olan Yilehan İmport and Export-a həvalə etməyə razılıq verib. Hər iki tərəf bu öhdəliyin ötürülməsi ilə bağlı qarşılıqlı anlaşmanı rəsmiləşdirmək istəyir. İşə əlavə olunmuş ödəniş sənədlərinə və digər sənədlərə hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraa aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. İnzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi göstərilmişdir. Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, “ELUCK GROUP LİMİTED” şirkəti tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan göründüyü kimi 2 noyabr 12, 2022-ci il tarixli AZE-SS, Y-20230101 saylı və 11 noyabr 2022-ci il tarixli AZE-SSY- 20221111 saylı qarşılıqlı müqavilələri əsasında ödənilmiş 280.872,00 ABŞ dolları məbləğində vəsait ödənilərək hesaba köçürülüb. Nəzərə alın ki, 165.872.00 ABŞ dolları dəyərində mal göndərilib. 11 noyabr 2022-ci İl tarixli AZE-SSY-20230101 müqaviləsi əsasında ödənilmiş 115.000.00 ABŞ dolları məbləğində qalan məbləğ filial şirkətləri YİLEHAN İMPORT AND EXPORT LİMİTİ tərəfindən qarşılıqlı razılaşma əsasında 19 aprel 2023-cü il tarixində ödənilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair EP ******* nömrəli, 10 dekabr 2024-cü il tarixli protokol üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar