Məhkəmə qərarları › İş №3(012)-744/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-744/2025

19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-744/2025 19.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X9 Ənvər qızının sədrliyi ilə, Babayeva Validə Ramin qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin İTŞnin sahə rəisi polis leytenantı X2 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Göyçay rayonu, Bığır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Göyşay rayonu, Bığır ərazi dairəsi, Bığır kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır kəndi, Zəngilan şəhərciyinin yaxınlığında yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu maddəsilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi polis leytenantı X4 protokolunda göstərmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Abşeron RPİ-nin inzibati binasında və Abşeron RPİ-nin inzibati binasının həyətində ucadan nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq inzibati xətasını törətmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi polis leytenantı X4 izahatında İnzibati tənbeh vermə barədə protokolu müdafiə edərək bildirdi ki, dünən də Şəxs barəsində inzibati tənbeh verilmiş, ondan da əvvəl CM-nin 157-ci maddəsi ilə cərimə edilmiş, lakin islah olmamış, əməlindən nəticə çıxarmamışdır. Protokolun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, təqsiri olduğunu qəbul edir, 1 gün əvvəl ona 100 manat inzibati cərimə təyin edilib. Məhkəmədən çıxandan sonra o telefonunu Polis İdarəsindən götürməyə getmiş və İdarənin qarşısına çatanda bütün gün başına gələnlərdən dolayı öz-özünə əsəbiləşərək ünvansız söyüşlər söymüşdür. Əməlindən peşmandır. Məhkəmədən bağışlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X1 Rəşad Rasim oğlunun izahatına uyğun izahat verdi. Məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək proses iştirakçılarını dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə düzgün tövsif olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, № 1728855/1 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə 20:30 radələrində tutulmuşdur. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(012)- 739/2025 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və ona 100 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs həbs növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 04 (dörd) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2025-ci il, saat 20:30 dəqiqədən hesablansın. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar