Məhkəmə qərarları › İş №3(012)-746/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-746/2025

18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-746/2025 18.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusıət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Zərərçəkmiş şəxs: X1 iştirakı ilə 30 oktyabr 1986-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Mingəçevir şəhəri, X5 küçəsi, ev 14, mənzil 11 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi üzrə tərtib olunmuş 18 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Abşeron rayon Polis İdarəsinin-nin polis sahə rəisi, polis leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol ona əlavə edilmiş digər sənədlərlə birlikdə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında yaşayan X1 evinin pəncərəsini və pəncərənin alt hissəsində yerləşən hava borusunu sındıraraq maddi ziyan vurmaqla inzibati xəta törətmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Elnarə Mehdiyeva izahatında göstərdi ki, ona inzibati xəta hadisəsi nəticəsində dəymiş ziyan hələ də ödənilməmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq digər proses iştirakçıları məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

1. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 28 yanvar 2024-cü il tarixli qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 232-1ci maddəsinə əsasən inzibati məsuluiyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Abşeron RPİ-nə göndərilməsi qərara alınmışdır;

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertiza Mərkəzinin” 18 fevral 2025-ci il tarixli, 9/100/55 saylı rəyinə əsasən analoji mallara müvafiq olaraq, ekspertiza təyini haqqında qərarda, fotocədvəllərdə və təqdim edilmiş məlumatlarda göstərilən mallann orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən olunur:: 2 laylı, şüşəsinin qalınlığı 0.2 sm olan, təxminən 115x135sm ölçüdə, pəncərə toru ilə birlikdə dəst şəklində, “Lauman" markalı “Lauman" markalı pəncərə - 150.00 manat; 01 ədəd “Metak” markalı, təxminən 84x11.5sm ölçüdə plastik boru - 5.00 manat. Qeyd: tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir.

Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və digər sübutlarla tam sübuta yetirilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, lakin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 53.1.6-cı maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 dekabr 2019-cu il tarixli qərarında qeyd olunur: “Konstitusiya Məhkəməsinin Plenumu diqqətəlayiq bir məqamı da göstərməyi lazım bilir. Qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur.” Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə zərərçəkən şəxsə maddi ziyanın dəyməsi faktı mübahisəsiz hal olsa da və zərər çəkmiş şəxsə dəymiş maddi ziyanın məbləği iş materiallarında olan sənədlərlə müəyyən edilsə də (155 manat), lakin özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edilmdiyindən isə üç ay keçənədək verilə bilər. Göründüyü kimi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edildiyi tarixdən 3 ay keçməklə inzibati tənbeh vermə müddəti ötürülmüşdür. Bu səbəbdən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232- 1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Beləliklə məhkəmə işin faktiki hallarını və Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarını tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, lakin həm onun hazırki iş üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər xx.xx.2025-ci il tarixdə artıq başa catdığından, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 105, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəm

QƏRARA ALDİ:

Şəxs barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar