Məhkəmə qərarları › İş №3(012)-747/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-747/2022

23.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-747/2022 23.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, X1nun iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 353.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ-si tərəfindən tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 353.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər DYPİ-si tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün aidiyyəti üzrə səlahiyyətli orqana göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 məhkəmə iclasında şikayətini onunla əsaslandırmışdır ki, özünə məxsus X6 markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilillə 09 oktyabr 2021-ci il tarixində saat təqribən 16:00 radələrində Bakı şəhərinin Ziya Bünyadov (Dərnəgül yolu) küçəsi ilə "Koroğlu" metrostansiyası istiqamətində hərəkət edərkən yolda dayanmış 476 saylı Dövlət yol polisi avtomobilindəki polis əməkdaşı onun avtomobilini saxlatmışdır. Avtomobildə olan yükün nədən ibarət olması ilə maraqlanaraq, özünə və yükə aid sənədləri yoxladıqdan sonra onun arxasınca sürməsini təklif etmişdir. Saxlanılmağının və onun arxasınca sürməyinin səbəbini soruşduqda polis əməkdaşı bildirmişdir ki, “gəl arxamca, orada bilərsən”. Heç bir söz demədən onun arxasınca "Ulduz" metrostansiyasma tərəf getmişdir. Bir qədər sürdükdən sonra oradakı metal qəbulu məntəqəsinə daxil olmuşlar. Özünü təqdim etməyən həmin polis əməkdaşı avtomobilini metal qəbulu yerində olan tərəzinin üzərinə sürməyini tələb etmişdir. Onun tələblərini yerinə yetirmişdir. Daha sonra, avtomobilin kabinəsində sükan arxasında olarkən ona yaxınlaşıb bildirmişdir ki, "yüküm çoxdur, gedəcəyik cərimə meydançasına". Bu söhbətlər zamanı heç bir sənəd tərtib edilmədən və yükün nə qədər olması barədə ona məlumat verməmişdir. Polis əməkdaşının bu hərəkətlərinə etiraz edərək, bildirmişdir ki, avtomobildəki mal başqa şəxslərə məxsusdur, əgər yük çoxdursa, yükün çox olan hissəsini yerindəcə boşaltsın və qanunu pozmuşdursa protokol yazıb onu buraxsınlar. Polis əməkdaşı onun xahişlərinə məhəl qoymayaraq, avtomobili cərimə meydançasına aparacığını bildirmişdir. Bundan sonra, Daxili İşlər nazirliyinin "102" xidmətinə zəng etmişdir. Həmin xidmətə şikayətini bildirən zaman polis əməkdaşı post-patrul xidmətinin əməkdaşlarını çağırmış və onlardan biri onun avtomobilinə əyləşərək onunla birlikdə cərimə meydançasına gəlmişdir. Həmin polisin məsləhəti ilə avtomobilini orada qoyub taksi ilə Patamdar qəsəbəsində yerləşən Bakı şəhər BDYP idarəsinə gəlmişdir. Orada onu 5 nömrəli kabinetə yönləndirdilər. Həmin kabinetdə oturan şəxs 400 manat məbləğində ona ödəniş edəcəyi təqdirdə məsələni yerindəcə həll edəcəyini və avtomobili buraxacağını bildirmişdir. Ancaq pulun alınmasına dair heç bir sənəd vermədiyindən onun təklifindən imtina etmişdir. Səhərisi gün, yəni 11 oktyabr 2021-ci il tarixində atası ilə birlikdə yenə Bakı DYPİ-nə getmiş, bu dəfə həmin kabinetdə Arzuman adlı şəxs olmuşdur. Əhvalatı ona danışdıqdan sonra heç nə demədən ona buraxılış vərəqi yazmış və həmin vərəqə ilə gəlib avtomobilini duracaqdan çıxarmışdır. Təqribən 2 gün sonra DİN-nin portalından sürücülük vəsiqəsi vasitəsi ilə məlumat almışdır ki, 540 manat cərimə olunmuşdur. Dərhal yenidən Bakı DYPİ-nə getmiş və Arzuman kimi tanıdığı şəxs ona şikayət ərizəsinə əlavə etdiyi protokolu təqdim etmişdir. Tərtib edilmiş protokola narazılığını bildirmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qəbul edilmiş qərarı ala bilməmişdir. Daha doğrusu polis idarəsində qərarı ona verməkdən imtina etmişlər. Qərarın ona təqdim edilməsinə dair etdiyi cəhdlər nəticəsiz qaldığından 2021-ci il oktyabr ayının 18-də şikayət ərizəsi ilə Abşeron rayon məhkəməsinə müraciət etmişdir ki, şikayətinə baxılan zaman Qərarı məhkəmə vasitəsi ilə əldə etsin. Lakin qərarı şikayətinə əlavə etmədiyindən, məhkəmə şikayətini özünə geri qaytarmışdır. Bundan sonra, ona qarşı törədilmiş qanunsuz hərəkətlərin araşdırılması, qanunsuz protokolun ləğvi və yaxud inzibati cərimənin tətbiq edilməsinə əsas olmuş Qərarın surətinin ona verilməsinə dair 2021-ci il noyabr ayının sonlarında, dekabr ayının əvvəllərində şikayət ərizəsi ilə Azərbaycn Respublikasının Daxili İşlər naziri Vilayət Eyvazova müraciət etmişdir. Müraciətinə mahiyyəti üzrə baxılması və yaxud inzibati tənbeh haqqında Qərarı ona vermək əvəzinə bir neçə gün əvvəl şikayət etdiyi həmin idarənin rəisi tərəfindən şikayətinin mahiyyətinə uyğun olmayan cavab almışdır. Lakin, bir neçə cəhddən sonra, nəhayət ki, 20 aprel 2022-ci il tarixində İnzibati tənbeh haqqında Elektron Qərarı ala bilmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqinə dair Elektron Qərar tam qanunsuz və əsassız olduğundan ləğv edilməli və inzibati xəta haqqında işə yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, göstərilən inzibati xətanı törətməmiş və törədilməsini təsdiq edən sübut növü mövcud deyildir. Digər tərəfdən, 540 manat məbləğində cərimə olunmağına əsas olmuş protokolda və inzibati tənbeh tətbiq etmə haqqında 11 oktyabr 20221-ci il tarixli Elektron Qərarda göstərilir ki, tərəfimdən "353.2-ci maddəsində (maddələrində) nəzərdə tutulmuş inzibati xəta (xətalar) törədilmişdir." İnzibati Xətalar Məcəlləsinin 353-cü maddəsi iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına dair inzibati məsuliyyəti nəzərdə tutur. İdarə etdiyi avtomobil isə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinə aid deyildir. O səbəbdən göstərilən xətanın subyekti ola bilməz. Hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ-nin haqqında şikayət verdiyi xx.xx.2021-ci il tarixli, İXM ******* saylı protokol üzrə qəbul olunmuş xx.xx.2021-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün aidiyyəti üzrə səlahiyyətli orqana göndərilməsi barədə qərar qəbul edilməsini xahiş emişdir. Qərarından şikayət verilmiş Bakı şəhər DYPİ-nə dəfələrlə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hesab edir ki, qərarından şikayət verilmiş şəxsin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər DYPİ-si tərəfindən xx.xx.2021-ci il tarixli, İXM ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhər DYPİ-si tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* saylı qərarından görünür ki, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi qaydalarını pozması faktı aşkar edilmiş və nəticədə X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi üçün onun barəsində 600 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və həmin protokol əsasında qəbul edilmiş qərarı nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli və X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2021-ci il tarixli, TP ******* saylı qərar ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılması üçün aidiyyəti üzrə səlahiyyətli orqana göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: (bundan sonra-İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 48-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 99-cu madəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraat başlanması əsaslarından biridir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 barəsində İXM-in 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol və ya qərar qəbul olunarkən inzibati xətanın tərkib əlamətləri formal olaraq sadalanmış, həmin xətanın yəni iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmasını aşkar edən xüsusi texniki vasitənin tipi, nömrəsi, yükün hansı çəkidə olması və oxa düşən kütlə parametrlərini hansı həddə aşması və dövlət qeydiyyatından keçməsi barədə hər hansı bir məlumatlar göstərilməmişdir. Dəfələrlə təklif edilməsinə qərarından şikayət verilmiş orqan həmin xətanın törədilməsi barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. İşdən görünür ki, inzibati icraat aparan səlahiyyətli orqan (vəzifəli şəxs) hər bir inzibati xətaya aid edilən sübutlar əldə edməklə konkret inzibati xətanın törədilməsini və həmin xətanı törətmiş şəxsin təqsirini müəyyən edilmədiyi halda inzibati qaydada tənbeh tətbiq etmə haqqında qərar qəbul etmişdir. Məhkəmədə X2 göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübut olunmadığına görə məhkəmə belə nəticəyə gəlir ki, onun barəsində tərtib edilmiş protokol əsasında onun inzibati cərimə edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsi ilə təqsirli bilinib, 600 manat inzibati cərimə tətbiq edilməsinə dair Bakı şəhər DYPİ-nin xx.xx.2021-ci il tarixli, İXM ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* saylı qərar ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılması üçün aidiyyəti üzrə səlahiyyətli orqana göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsi ilə təqsirli bilinib 600 manat inzibati cərimə tətbiq edilməsinə dair Bakı şəhər DYPİ-nin xx.xx.2021-ci il tarixli, İXM ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* saylı qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər DYPİ-nə göndərilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar